Yazını böyüt
Yazını kiçilt
"ABŞ dolları dünya bazarında əksər səbət valyutalarına nisbətən möhkəmlənməkdə davam edir. Avropa İttifaqında müşahidə edilən durğunluq fonunda avro da ABŞ puluna nisbətən ucuzlaşmaqdadır".
Hafta.az-ın yazdığına görə, bu sözləri iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra avro dollara nisbətən 7 faizdən çox dəyər itirib. Strateji məhsulların qiymətlərində də azalamlar müşahidə edilir. Çində tətbiq edilən sərt karantin tədbirləri neftin qiymətinin 5 faiz aşağı düşməsinə səbəb olub. Birjalarda volatilliyin artmasına, həmçinin dolların möhkəmlənməsinə də təsirsiz ötüşmür.
"ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) düz 1 həftə sonra - mayın 3-də, yenidən toplaşacaq. ABŞ-da müşahidə edilən infilyasiya səbəbindən FED-in uçot dərəcəsini gələn ay yenidən artıracağı gözlənilir. Rusiya-Ukrayna müharibəsi fonunda FED uçot dərəcəsini daha çevik yüksəltməyi hədəfləyir. Bu isə dünya bazarında dolların kursunun daha da möhkəmlənəcəyindən xəbər verir. Digər tərəfdən, birjalardakı qeyri-müəyyənlik konteksində investorların valyuta bazarlarına sərmayələri də artır ki, bu da dolları daha da gücləndirir", - deyib millət vəkili.
Bəs dünya bazarında möhkəmlənən dolların manata nisbətən kursu necə dəyişəcək?
V.Bayramov deyir ki, əvvələr də qeyd etdiyimiz kimi, bütövlükdə, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur.
"Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktik olaraq, manatın məzənnəsi birbaşa Mərkəzi Bankın qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq", - V.Bayramov bildirir.