"Neftin kəskin bahalaşması bazar üçün potensial risklər formalaşdırır" - Vüqar Bayramov

10:17 05.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
"Avropa İttifaqının bu ilin sonunadək Rusiyadan neft idxalının dayandırılması ilə bağlı yeni sanksiya layihəsi birjalara təsirsiz ötüşməyib. Brent markalı neftin qiyməti bir gün ərzində 7 faizə yaxın bahalaşaraq bir bareli 111 dollardan baha satılır".
 
Hafta.az-ın yazdığına görə, bu barədə açıqlama verən ölkənin tanınmış iqtisadçı-eksperti, millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Avropanın neft idxalında 25 faiz paya malik olan Rusiya neftindən tam imtina bazara təsirlərini hələ bir müddət saxlayacaq.
 
V.Bayramov əlavə olaraq deyib ki, Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil.
 
"Dövlət Gömrük Komitəsinin məlumatına görə isə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib. Bu isə gündəlik ixracatın orta hesabla 427 min 715 barel olması anlamına gəlir.
2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa, Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq. Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir", - millət vəkili deyib.
 
V.Bayramov bildirib ki, bununla yanaşı, neftin qiymətinin kəskin artması bazar üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon barel xam neft hasil edən Birləşmiş Ştatlarda şiştin hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna ediımir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır.