"Ordumuz bütün çətinliklərə rəğmən formalaşdı və dünyaya sözünü dedi..."

13:17 26.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə bağlı 1991-1994-cü illərdə Azərbaycan Milli Ordusunun formalaşmasında və işğalçı ermənilərə qarşı döyüşlərdə fəal iştirak etmiş keçmiş tabor komandiri, mayor Gəray Əsədov  hafta.az-a geniş açıqlama verib:

“1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olsa da, ilk kövrək addımlarını atan müstəqil dövlət üçün ordu yaratmaq çox çətin məsələ idi. Sonrakı illərdə baş verənlər də sübut etdi ki, Rusiya imperiyası və onun dövlətimizin, hərbçilərimizin arasına yerləşdiyi agentura və təxribat şəbəkələri bu prosesə böyük maneələr törədirdi. Eyni zamanda erməni terrorçuların ara verməyən hücum və diversiyaları ordunu dinc şəraitdə düzgün formalaşdırmağa imkan vermirdi. 1991-ci ilin yayında mən baş leytenant kimi Tərtər-Ağdərə istiqamətində döyüşlərə başlayan könüllülərdən ibarət “Qurtuluş” taborununn tərkibində bölük komandiri kimi vuruşurdum.  Təsəvvür edin ki, həmin istiqamətdəki 42 km-lik müdafiə rayonunu yalnız könüllülər və polis qəstələri, özü də əsasən öv tüfəngləri ilə qorumağa çalışırdı. Silah-sursat texnika çatışmırdı. Yəni düşmən hücumlarının qarşısını almaq, torpaqlarımızı mümkün qədər qorumaq üçün hansısa formada müdafiə birlikləri yaradılmalıydı. 1991-ci ilin sentyabrında rəsmən Müdafiə nazirliyi yaradılması haqda qərar verildikdən sonra ilk hərbi hissələr də formalaşmağa başladı.  Yadımdadır ki, o dövrdə ilk taborlar 1991-ci il oktyabrın ik günlərində  Ağdamda rəhmətlik Şirin Mirzəyevin, Laçında Arif Paşanın rəhbərliyi ilə yaradılmış taborlar idi. Təsəvvür edin, 1992-ci ilin yanvarında mən işlə bağlı Laçında taborun ərazisində olanda Azərbaycanda nizam-intizamlı, demək olar ki, tam komplektləşdirilmiş hərbi hissə görəndə heyrətə gəldim... İlk briqada isə 1991-ci il oktyabrın 9-da Bakıda Şıxov qəsəbəsində polkovnik Zadir Rzayevin rəhbərliyi ilə  yaradılmış 701 saylı briqada oldu.  Həmin vaxt Müdafiə Nazirliyinin, demək olar ki, adı var idi, özü yox idi. 2-3 nəfər də general vardı, onlardan biri Valeh Bərşadlı,  digəri isə Tacəddin Mehdiyev idi...   Nəhayət, 1992-ci ilin martında 703 saylı briqada yaradıldı. Hərbi hissələr yarananda onun ştatına uyğun həm şəxsi heyət, həm də silah-sursat və texnika olmalıydı. Təsəvvür edin, 708 saylı briqada tank briqadasıydı,  amma həmin hərbi hissədə cəmi bir neçə tank vardı.  130 saylı hərbi hissə desant-hücum briqadası sayılırdı, amma orada desantdan əsər-əlamət yox idi...

Eyni zamanda hərbi hissələrdə kəskin kadr çatışmazlığı vardı. Aşağı və yuxarı səviyyədə müəyyən saylarda zabit olsa da, orta səviyyədəki zabitlər daha az idi. Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri belə bir pərakəndə  vəziyyətdə formalaşmağa başlasa da, torpaqlarımız işğal edilsə də, Qaradağlı, Xocalı, Ağdaban və s. kimi faciələr baş versə də, uğurlu  əməliyyatlarımız da oldu. Bu da əsasən döyüşən oğullarımızın vətənpərvərliyi, qeyrəti, iradəsi, dəyanəti sayəsində baş verirdi. Məsələn, Tərtər-Goranboy istiqamətindəki bütün könüllü taborlar 703 saylı briqada da birləşdirildi və həmin briqada 1992-ci ilin iyul-sentyabr aylarında Ağdərə istiqamətində torpaqlarımızın  xeyli hissəsini azad etdi və Xankəndinin yaxınlığınadək gedib çıxdı. Zadir Rzayevin komandanlığıyla formalaşan 701 saylı briqada 1992-ci ilin iyul- oktyabr aylarında Kəlbəcər-Laçın istiqamətində hücuma keçərək Laçının 46 kəndini azad edərək Laçın dəhlizinədək gedib çıxdı. 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar aylarında Horadiz istiqamətində torpaqlarımızın bir hissəsinin azad edilməsi ilə nəticələnən əməliyyat baş verdi. Eləcə də təxminən eyni dövrdə qış aylarına və yüksək dağlıq şəraitə rəğmən ilk vaxtlar uğurla davam edən və sonradan uğursuzluğa düçar olan mənim də tabor komandiri kimi qatıldığım Murovdağ əməliyyatını da misal göstərmək olar...  

Qeyd edilən dövrlərdəki uğursuzluqlarımızın əsas səbəblərindən biri silah-sursat, texnilka kadr çatışmazlığıydısa, digər səbəbi isə tam vahid komandanlığın olmaması və hakimiyyət uğrunda aparılan müxtəlif siyasi oyunlar oldu...

Bu minvalla 1994-cü ilin mayına, yəni atəşkəs dövrünədək gəlib çıxan Silahlı Qüvvələr sonrakı illərdə sabitliyin yaranması və iqtisadiyyatın güclənməsi sayəsində bütün çətinliiklərə və düşmən təxribatlarına rəğmən tədricən gücləndi, möhkəmləndi və  bütün bu işlər öz uğurlu nəticələrini əvvəl kiçik miqyasda 2016-cı ilin aprel döyüşlərində, sonra isə  geniş miqyasda  2020-ci ilin payızındakı 44 günlük II Qarabağ savaşında göstərdi. Nəticədə Azərbaycan ordusu həm şəxsi heyət, həm müasir texnika və arsenalı ilə özünü nümayiş etdirərək bütün dünyaya çağdaş müharibənin necə aparılmasını  göstərdi və öz sözünü dedi.  Və çox şükür ki, şəhid və qazilərimizin canı-qanı sayəsində torpaqlarımızın əksəriyyəti düşməndən azad olundu. İnşallah, Qarabağdakı digər yarım qalmış işlərimiz də dövlətimizin və məhz Silahlı Qüvvələrimizin sayəsində öz həllini tapacaq. Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrini  bütün şəxsi heyətini, ilk növbədə I və II Qarabağ savaşları, Aprel döyüşlərinin qəhrəman, veteran və qazilərini və xüsusi olaraq şəhidlərimizin ailələrini, doğmalarını Milli Ordu günü münasibəti ilə təbrik edir, bütün Azərbaycan xalqına yeni uğurlar və Qələbələr diləyirəm”.

Oxunma sayı 170
Gündəm rubrikasından digər xəbərlər