1941-ci ildən indiyədək Qazaxıstanda baş verən TƏYYARƏ QƏZALARI

09:53 26.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Qazaxıstan ərazisində - Aktau səmasında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədəki 67 nəfərdən 38 nəfəri həlak olub.

Hafta.az-ın yazdığına görə, bu faciə ölkədə əvvəllər baş vermiş təyyarə qəzalarını xatırladır. Aşağıda 1941-ci ildən Qazaxıstanda müşahidə olunan təyyarə qəzaları haqqında məlumat veririk.

2024-cü il

Noyabrın 9-da Mi-8 helikopteri Aktobe rayonunun Sarıcar kəndi yaxınlığında təlim uçuşu zamanı sərt eniş edib. Təyyarənin göyərtəsində üç ekipaj üzvü olub, onlardan biri ölüb, ikisi xəstəxanaya yerləşdirilib. Helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Dekabrın 25-də Bakıdan Qroznıya uçan göyərtəsində 69 nəfərin olduğu təyyarə Aktau şəhəri səmasında qəzaya uğrayıb. Təyyarə qəzasını araşdırmaq üçün komissiya yaradılıb, 29 nəfər sağ qalıb.

2023-cü il

Qazaxıstanın Karaqanda vilayətində təlim uçuşu zamanı təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb. Təlim uçuşu zamanı P2002 UPLA286 havaya qalxdıqdan sonra əlaqə qura bilməyib.

2022-ci il

Bu il Qazaxıstanda cəmi bir təyyarə qəzası baş verib. Fevral ayında sanitar uçuş həyata keçirən təyyarə alovlanıb. Təyyarədə iki ekipaj üzvü və bir həkim olub. Qəza nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

2021-ci il

Cəmi üç təyyarə qəzası baş verib. Qazaxıstan Milli Təhlükəsizlik Xidmətinin göyərtəsində 6 nəfərin olduğu hərbi təyyarə qəzaya uğrayıb, 4 nəfər həlak olub. Digər iki qəza ölümcül olmayıb və sərnişin reysləri ilə bağlı olmayıb.

Eyni zamanda, 2020-ci ildə koronavirus böhranından sonra dünyada iri kommersiya xarakterli sərnişin təyyarələrinin iştirakı ilə 40 aviasiya qəzası qeydə alınıb. Onlardan 5-i ümumilikdə 299 nəfərin ölümü ilə nəticələnib.

Bu, hələ də nadir hal sayıla bilər, çünki Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası həmin il dünya üzrə 16,4 milyon daxili və beynəlxalq uçuşun həyata keçirildiyini təxmin edir.

Qazaxıstanda 1941-ci ildən 2022-ci ilə qədər hərbi və kənd təsərrüfatı təyyarələrinin iştirakı ilə 89 qəza baş verib. Bu, orta hesabla ildə bir qəza deməkdir.

Son 80 ildə Qazaxıstan ərazisində baş verən təyyarə qəzalarında toplam 804 sərnişin həlak olub. Statistikaya dünən - dekabrın 25-də Qazaxıstanda baş vermiş təyyarə qəzasında ölənlərin sayı daxil deyil.

Yalnız üç kommersiya təyyarəsinin qəzası bütün ölümlərin 43 faizini təşkil edib. Bunlar Sovet sərnişin təyyarələri idi - Tu-134, Tu-104 və Tu-154.

1980-ci ildə Tu-154 təyyarəsinin qəzaya uğraması Qazaxıstan ərazisindəki ən böyük aviasiya faciəsidir. “Aeroflot” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Almatı-Rostov-Simferopol marşrutu ilə daxili uçuş həyata keçirirdi, lakin havaya qalxdıqdan 1 dəqiqə 40 saniyə sonra qəzaya uğrayaraq tamamilə parçalanıb. Təyyarədə olan 166 nəfərin hamısı həlak olub.

Digər təyyarələrə nisbətən daha tez-tez qəzaya uğrayan, lakin heç də həmişə insan tələfatı ilə nəticələnməyən modellər yük daşımalarında ixtisaslaşmış “Antonov” şirkəti tərəfindən istehsal edilib. An-2R kənd təsərrüfatı təyyarəsi qəzaların sayına görə rekorda imza atıb. O, 18 qəzaya və 26 ölümə səbəb olub, siyahıdakı digər təyyarələrdə isə 10-dan az qəza yaşanıb.