İran 73 amerikalıya qarşı ittiham irəli sürüb

10:43 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran məhkəmə sistemi keçmiş Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin öldürülməsi ilə bağlı başda ABŞ-ın keçmiş prezidenti Donald Tramp olmaqla 73 amerikalıya qarşı ittiham aktı hazırlayıb.

Hafta.az-ın “Tasnim” Xəbər Agentliyinə istinadən yazdığına görə, Şirazda keçirilən tədbirdə çıxış edən İran Ədliyyə Sistemi sədrinin birinci müavini Məhəmməd Müsəddiq, Süleymaniyə qarşı törədilən hücumla bağlı Tehranın keçirdiyi məhkəmə prosesi haqqında məlumat verib.

Süleymaninin İraq hökumətinin rəsmi dəvəti ilə Bağdadda olarkən öldürüldüyünü deyən Müsadiq bunun “İranın milli təhlükəsizliyinə qarşı açıq-aşkar terror aktı” olduğunu bildirib.

Hücumun səbəbkarlarının müəyyən edilərək mühakimə olunması üçün lazımi işlərin aparıldığını və mövzu ilə bağlı 60 cild hüquqi sənədin toplandığını bildirən Musaddiq, "Sui-qəsdə qarışan 97 nəfər müəyyən edilib. İndiyə qədər 73 amerikalıya qarşı iddianamə hazırlanıb. Aralarında açıq şəkildə terror əmrini verən ABŞ-ın keçmiş prezidenti Tramp da var" deyib.

İranın ədliyyə rəsmisi, adları açıqlanmayan, lakin Süleymaninin öldürüldüyü hücumda rolu olduğu düşünülən 9 ölkəyə ədliyyə sahəsində əməkdaşlıq üçün ayrı-ayrı tələblər göndərildiyini və bəzi cavabların alındığını bildirib.

3 yanvar 2020-ci ildə ABŞ Bağdad Hava Limanında Qüds Qüvvələrinin komandanı Süleymani və Haşdi-Şabi-nin sədr müavini Əbu Mehdi əl-Mühəndisin maşın karvanına MQ-9 markalı PUA ilə hava hücumu həyata keçirib. Hücumda həm komandirlər, həm də İraq və İran hərbi rəsmiləri daxil olmaqla ümumilikdə 10 nəfər həyatını itirib. ABŞ-ın o zamankı prezidenti Donald Tramp ABŞ-ı təhdid etdiyini əsas gətirərək Süleymaninin öldürülməsi əmrini verdiyini açıqlamışdı. Bundan sonra İran yanvarın 8-də ABŞ-ın İraqdakı iki bazasını ballistik raketlərlə vurub. Hücum zamanı heç bir ABŞ əsgəri ölməsə də, daha sonra hücum zamanı 109 əsgərin beyin travması aldığı açıqlanıb.

İran administrasiyası Trampla birlikdə 2021-ci il yanvarın 19-da ABŞ-ın o zamankı dövlət katibi Mayk Pompeo, müdafiə naziri Mark Esper və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Gina Haspel kimi Amerika rəsmilərinə “terror aktları törətmək” ittihamı ilə sanksiya tətbiq edib.

Siyasət rubrikasından digər xəbərlər