İyulun 1-dən etibarən Belçikanın paytaxtı Brüsseldə 2025-ci il üçün aşağı emissiya zonası (LEZ) qaydalarını pozan avtomobil sahiblərinə cərimələr tətbiq ediləcək.
Hafta.az xəbər verir ki, qərar ilin əvvəlində xəbərdarlıq almış nəqliyyat vasitələrinə şamil ediləcək.
Yeni qaydalara görə, əsasən Euro 5 dizel və Euro 2 benzin mühərrikli avtomobillərin sürücüləri təkrar qayda pozuntusuna görə 350 avro məbləğində cərimə ödəyəcəklər. Bu cərimə, eyni zamanda, 12 ay müddətində etibarlı keçid icazəsi hesab olunacaq.
Ödənişi dörd hissəyə bölmək, həmçinin on hissəyədək ödəniş planı üçün müraciət etmək mümkün olacaq.
Rəsmi məlumatlara görə, Belçikada 627 mindən çox avtomobil yeni məhdudiyyətlərə daxildir. Onlardan 23,3 mini Brüssel paytaxt regionunda qeydiyyatdadır. Bu il artıq 13219 sürücüyə xəbərdarlıq göndərilib və təkrar pozuntu halında onlar cərimələnəcəklər.