İrana ilk humanitar yardımı Azərbaycan göndərib - Səfir

16:52 12.03.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Mən Rusiyadan gələn humanitar yardımın İrana göndərilməsinə imkan yaratdığı üçün Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, ötən günlərdə Azərbaycandan birinci humanitar yardımın İrana göndərildiyinə şahidlik etdik. Bu addım bizim ortaq mədəniyyətimizdən, müştərək dəyərlərimizdən irəli gəlir, dar günlərdə bir-birinə kömək edirik".

Hafta.az xəbər verir ki, bunu Lənkəran Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında İranın ölkəmizdəki səfiriMüctəba Dəmirçilu deyib.

Onun sözlərinə görə, Rusiyanın göndərdiyi humanitar yük Lənkərana çatdırılıb və buradan İranın Qızıl Aypara Cəmiyyətinə təhvil verilərək ünvanına yola salınır:

“Bu humanitar yardıma görə həm Rusiya dövlətinə və xalqına, eyni zamanda, yükün ölkəmizə çatdırılmasına imkan yaradan Azərbaycan hökumətinə və xalqına dərin minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Rusiya bu gün İrana humanitar yardım göndərib. Humanitar yardımı daşıyan Rusiya Fövqəladə Hallar Nazirliyinin “İl-76” təyyarəsi Lənkəran Beynəlxalq Hava Limanında yerə enib. On üç tondan çox olan humanitar yük dərman və tibbi ləvazimatlardan ibarətdir. Humanitar yardım yüklənmiş avtomobillər İrana göndərilmək üçün “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə yola salınacaq.