ABŞ prezidenti Donald Tramp istənilən an İrana qarşı hərbi əməliyyatlara başlayacağını bildirən ard-arda bəyanatlar verir. Üstəlik, İranın güney sularında lövhər salmış Amerika təyyarədaşıyanları da Ağ Evin niyyətini daha qabarıq şəkildə göstərir. Amma bölgədə qəribə bir siyasi hərəkətlənmə yaşanır – İranın yüksək çinli hökumət və hərbi simaları bir-birinin ardınca Pakistana səfərlər edir, danışıqlar aparır.
Hafta.az olaraq bildirək ki, burada ilk baxışda əslində qəribəlik görünmür. Niyə, çünki iki qonşu və müsəlman, iqtisadi-ticarət bağları çox geniş olan ölkələrin ən azından belə dar ayaqda bir-birinə dsətək olması təbidir. Amma İranla Pakistanın hərbi təhdidlər qarşısında qonşuluqdan daha fərqli məqsədlər birləşdirir – bu torpaqları itirmək qorxusudur.
“ABŞ-ın İrana mümkün hərbi hücumu ilə bağlı Pakistanın mövqeyi İslamabadın milli təhlükəsizliyinə birbaşa təhlükə yaradan dərin strateji, etnik və geosiyasi qorxulara əsaslanır. Pakistan üçün sabit İran bufer zona və tərəfdaşdır ki, sabitləşməsi Pakistanın özündə, xüsusilə Bəlucistan əyalətində avtomatik olaraq "domino effekti" yaradacaq”.
Bunu bizimlə söhbətində tanınmış gürcü politoloq, İran üzrə araşdırmaçı ekspert Vasili Papava deyib. Ekspert qeyd edib ki, İrandakı hərbi münaqişə Pakistan üçün təkcə kütləvi qaçqın axını və iqtisadi çöküş deyil, həm də mümkün ərazi itirilməsi deməkdir, çünki iki ölkə ortaq və daha partlayıcı sərhədlə əlaqələndirilir.
“İranın mümkün parçalanması və ya mərkəzi hökumətin zəifləməsi Pakistanın ərazi bütövlüyünə fəlakət olacaq, əsasən də "Böyük Bəlucistan" ideyasının aktivləşdirilməsi üçün. İranın Sistan və Bəlucistan əyalətində yaşayan bəluclar Pakistandakı bəluclarla yaxından əlaqəlidirlər. İran Bəlucistanı nəzarətdən çıxsa və ya separatçı hərəkatın episentrinə çevrilsə, Pakistan Bəlucistanındakı üsyançı qruplaşmalara böyük təkan verəcək. Belə bir vəziyyətdə Pakistan ərazisinin ən böyük əyalətinə nəzarəti itirəcək və bu da ölkənin vahid dövlət kimi mövcudluğunu sual altına alacaq”, - Papava deyib.
Politoloq Bəlucistanla bağlı bəzi faktları aşağıdakı kimi sıralayıb:
Pakistanın Bəlucistan əyaləti ölkə ərazisinin təxminən 44 faizini təşkil edən ən böyük bölgə olub, ərazisi təxminən 347190 kvadratkilometrdir. Amma əhalisi nisbətən azdır - təxminən 15 milyon civarında.
Vilayət əhalisinin heç də hamııs bəluclar deyil. Məlumata əsasən, etnik bəluclar əyalət əhalisinin təxminən 52-55 faizini təşkil edir ki. Bu da 8 milyon nəfərə bərabərdir. Qalanları əsasən puştunlardan ibarətdir.
İran Bəlucistanına - Sistan və Bəlucistan vilayətinə gəldikdə, ölkənin cənub-şərqində yerləşən ərazisinə görə ikinci ən böyük əyalətidir. Vilayətin ərazisi təxminən 180726 kvadratkilometr, əhalisinin sayı isə 3 milyon nəfərə yaxındır.
Sistan və Bəlucistan vilayətində etnik bəlucların sayı 2 milyondan çox olub əyalət əhalisinin 70 faizinə bərabərdir. Əhalinin qalan hissəsi sistanlı farslardır.
Papava qeyd edir ki, Hindistanın bu kontekstdə faktoru İslamabad üçün başqa bir kabusdur, çünki İrandakı vəziyyət Yeni Delhiyə Pakistana təzyiq üçün misilsiz imkan verir.
“İran zəifləyərsə, Hindistan xaosdan istifadə edə və Pakistanın qərb sərhədi boyunca separatçı ünsürləri dəstəkləyə bilər. Bu da praktiki olaraq Pakistanı Hindistanın əsas rəqibi kimi maksimum zəiflədər. Tarixi təcrübə böhran zamanı İranın Pakistana dəstəyinin nə qədər əhəmiyyətli olduğunu açıq şəkildə göstərir” deyən ekspert xatırladıb ki, 1970-ci illərin əvvəllərində Pakistanın Bəlucistanda genişmiqyaslı silahlı üsyan baş verdiyinə görə İran Şahı İslamabada əhəmiyyətli yardım göstərmişdi. Şah qorxurdu ki, bəluc separatizmi İrana da keçəcək və ona görə də Pakistana “Kobra” daxil, hərbi helikopterlər və 200 milyon dollar həcmində maliyyə resursları göndərdi.
“İran pilotları hərbi əməliyyatlarda birbaşa iştirak ediblər. O da maraqlıdır ki, Şah Pakistan səmasını Hindistan aviasiyasından qorumaq üçün Pakistanda İranın hava müdafiə sistemlərini yerləşdirməyi də nəzərdən keçirirmiş. Əslində İran həmin illərdə Pakistanın "strateji arxası" kimi çıxış edirdi” deyənVasili Papava qeyd edib ki, bugünkü Pakistanı nəyin bahasına olursa-olsun İrana qarşı hərbi kampaniyadan çəkinməyə məcbur edən məhz bu tarixi yaddaş və ortaq etnik çağırışlardır.