İsrailə buğda ixracı - nə dərəcədə realdır?

11:31 12.05.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir müddət əvvəl İsrail mətbuatında Azərbaycanın bu ölkəyə taxıl idxal edəcəyi ilə bağlı xəbərlər yayımlandı. Prosesə 2025-ci ildən etibarən başlanacağı bildirilir. Həmçinin məlumatda o da qeyd olunur ki, İsraildən ən müasir texnologiyalar gətirilərək əkinəyararlı torpaqlarımız becəriləcək. Bundan başqa, yaxın zamanda İsrailin  kənd təsərrüfatı nazirinin ölkəmizə səfər edəcəyi də yayılan xəbərlər arasındadır.

Sirr deyil ki, Azərbaycanda istehsal olunan buğdanın miqdarı daxili tələbatı ödəməyə kifayət etmir. Bu səbəbdən, tək ötən il ölkənin buğda ilə özünü təminetmə səviyyəsi tələbatın 57%-ni təşkil edib.

 Dövlət Statistika Komitəsinin hazırladığı ərzaq balansı məlumatlarına görə, son illər ərzində idxal olunan buğdanın 80 faizindən çox hissəsini Azərbaycan Rusiyadan idxal edir. Ölkədə buğda idxalı 1 milyon tondan çox olub (2021-ci il yanvar-noyabr aylarında) ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,5 faizdən çox azalma deməkdir. Ölkəyə Rusiyadan idxal olan buğdanın 2021-ci ilin dekabr ayında 1 tonunun orta aylıq ixrac qiyməti 338 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin dekabr ayı ilə müqayisədə 33 faiz yüksəkdir.

Görəsən, buğda tələbatında xarici bazar asılılığı bu qədər yüksək olan ölkənin eyni məhsulu başqa dövlətə ixrac etməsi nə dərəcədə doğrudur?  İndiki vəziyyətdə prosesin rellaşdırılması mümkündürmü?

Hafta.az yaranmış suallara cavab tapmaq üçün mütəxəssisə müraciət etdi. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, daxili tələbatı ödəməyib, digər ölkələrə buğda ixrac etmək yaxşı hal deyil. Azərbaycan ilk növbədə çalışmalıdır ki, öz daxili tələbatını ödəyəcək qədər buğda emal etsin. Ona görə ki, buğda həm də çox böyük strateji əhəmiyyət kəsb edir:

“Əgər ölkədə məhsuldarlıq artarsa, əldə olunan məhsulun keyfiyyəti yüksək olarsa, əlbəttə ki, onu ixrac etmək böyük üstünlük olar. Onu da nəzərə alaq ki, indi dünya bazarında buğdanın qiyməti cəlbedici dərəcədə yüksəkdir.  Əgər yerli sahibkarlar taxıl və buğda emalı sahəsində müəyyən problemləri aradan qaldırmağı bacarıb, daxili tələbatı ödəyəcək qədər məhsul emal edə biləcəklərsə, bu alqışlanmalıdır”.

Ekspertin sözlərinə görə, Azərbaycanda buğda istehsalını  artırmaq üçün 1 il vaxt kifayətdir. Hazırda sözügedən sahədə bir sıra problemlər var:

“Bu qədər işi qısa zaman ərzində həll etmək hazırda real görünmür.  2025-ci ilə sözügedən sahədə çox iş görmək olar. Ümumiyyətlə,  Azərbaycanda buğda istehsalını  artırmaq üçün 1 il vaxt kifayətdir”.

Buğda sahələrinin artırılması üçün münbit şəraitə malik ərazilərə gəldikdə, V.Məhərrəmov bildirdi ki, buğda istənilən iqlim şəraitində yetişdirilə bilən bitkidir. Gərək toxum seçimi düzgün edilsin:

“İşğaldan azad olunmuş ərazilərdə əvvəllər taxıl istehsal olunmayıb. Həm də uzun illər ərzində bu ərazilərdə iqlim dəyişikliyi baş verib. İndi öyrənmək lazımdır ki, həmin torpaqlarda məhsuldarlığı artırmaq üçün hansı işlər görülməlidir? İqlim dəyişiklikləri baş verdiyindən, əksər ərazilərdə suvarma suyuna ehtiyac yaranır. Bilirik ki, son 20 ildə havanın temperaturu 1.5 dərəcə artıb. Ona görə də əvvəlcədən öyrənmək lazımdır ki, hansı ərazilər hansı növ əkinçilik üçün daha münbit və yararlıdır. Vaxtilə daha çox taxıl istehsal olunan ərazilərimiz indi bizim nəzarətimiz altında deyil.  Buğda elə bitkidir ki, onu istənilən ərazilərdə əkib-becərmək mümkündür.  Yetər ki, torpağı münbitləşdirmək mümkün olsun. Həm də ölkəmizdə toxum istehsalı yaxşılaşmalıdır. Dağlıq və aran rayonlarında əkilən  buğdaların toxumları eyni olmur”.

Qeyd edək ki, DSK-nın məlumatına görə, ölkədə buğdanın əkin sahəsi 2015-ci ildə 539679 hektar idisə, ötən il bu ərazilərin sahəsi 611967 hektara qədər yüksəldilmişdi.