Avropa Komissiyasının sədr müavini, Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib ki, Aİ səlahiyyətliləri hazırda Ukrayna ordusu üçün qırıcı təyyarələrin göndərilməsi imkanını nəzərdən keçirmir.
El País-in məlumatına görə, Borrell vurğulayıb ki, onun işi "konsensusa nail olmağa çalışmaqdır və ən yaxşı yollardan biri onu riskə atacaq mövqeləri tutmamaqdır".
O, həmçinin əlavə edib ki, hazırda diqqəti vəd edilmiş tankların Ukraynaya çatdırılmasına yönəltmək lazımdır.
Xatırladaq ki, Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələri üçün Qərb tipli tankların tədarükünü elan etdikdən sonra silah tədarükü üzrə diplomatik təmasların növbəti obyektinin qırıcılar və uzaqmənzilli raketlər olacağını bildirmişdi. ABŞ və Almaniya artıq Kiyevə döyüş təyyarələri göndərməyəcəklərini bəyan ediblər. Eyni zamanda, Fransa belə tədarüklərin mümkünlüyünə icazə verib.