Aktyorluq karyerası olan türk gözəllər

11:30 20.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə keçirilən gözəllik yarışmalarında tac qazanan, sonra aktyorluq karyerasına başlayan bir çox ad var.

Hafta.az-ın yazdığına görə, bu adlar həm Türkiyənin ən gözəl qadınları sırasında olub, həm də istedadları ilə ekranda axtarılan simalara çevriliblər. Keçmişdən günümüzə gözəllik yarışmalarında qalib gələn və aktyorluğu seçən adları təqdim edirik.

Nəbahat Çehrə hələ 15 yaşındaykən qatıldığı gözəllik yarışmasının qalibi olub və bu uğurdan sonra kino karyerasına başlayıb. 1961-ci ildə çəkilən "Yaban Gül" filmi ilə kino dünyasına qədəm qoyan Çehrə çoxsaylı film və seriallarda çəkilərək uğurlu karyerasını davam etdirib.

Gözəllik yarışmasında Hülya Avşar birinci seçilsə də, evli olduğu üçün tacını geri qaytarmalı olub. Lakin bu onun karyerasına təsir etməyib və o, aktyorluğu seçməklə öz izini qoyub. Hülya Avşar Türkiyənin ən tanınmış və sevilən aktyorlarından birinə çevrilməyi bacarıb.

Hazırda aparıcılıq karyerasını davam etdirən Çağla Şıkel gözəllik yarışmasında qazandığı uğurdan sonra aktyorluğa da addım atıb. Xüsusilə “Cənnət Mahalləsi” serialında Sultan obrazı ilə seçilən Şıkel tez-tez adından söz etdirməyi bacarıb.

Gözəllik yarışmasında qalib gələn adlardan biri də Sədəf Avcıdır. "Menekşe ile Halil" və "Ezel" kimi məşhur seriallardakı rolları ilə tanınan Avcı 2001-ci ildə keçirilən gözəllik yarışmasının qalibi olub.

Həm “Miss Türkiyə”, həm də “Dünya gözəli” titullarına sahib olan Azra Akın gənc yaşlarından bir çox serial və filmlərə çəkilib. Gözəllik tacı ilə yanaşı aktyorluq karyerasında da uğur qazanan Akın tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Serenay Sarıkaya gənc yaşlarından aktyorluğa başlayıb və artıq tanınmış ada çevrilib. İştirak etdiyi gözəllik yarışmasında ikinci olan Sarıkaya, aktyorluq karyerasında böyük uğurlar qazanıb və gənc yaşına baxmayaraq bir çox önəmli layihələrdə yer alıb.

2011-ci ildə gözəllik yarışmasının qalibi olan Melisa Aslı Pamuk aktyorluq karyerasına sürətlə başladı. “Kara Sevda” serialında Asu obrazını canlandıran Pamuk bu ifası ilə geniş izləyici kütləsinə çatıb. Pamuk gözəllik yarışmasında tacı qazandıqdan sonra karyerasında mühüm addımlar ataraq, uğurlu aktyorlar arasında yer almağı bacarıb.

Bu adlar həm gözəllikləri, həm də istedadları ilə türk televiziya və kino dünyasında iz qoyub, unudulmaz işlərə imza atıblar.