Hollandiya alimləri kiminsə yalan danışdığını aşkar etmək üçün sadə bir üsul tapıblar: detalların əskikliyinə diqqət yetirilməlidir.
Hafta.az-ın "Nature Human Behaviour"ə istinadən yazdığına görə, əvvəlki araşdırmalar yalançının üz jestlərinə və ya dediklərindən ipucuları tutmaq kimi bir sıra üsulları vacib görürdü. Bir üsul da yalan danışmaqda şübhəli bilinən şəxsin diqqətini yayındıraraq kəsiri tutmağa çalışmaq idi.
Digər tərəfdən, Amsterdam Universitetinin Davranış Elmləri Fakültəsindən Bruno Versçuere və onun həmkarları bu insanların dediklərində təfərrüat səviyyəsinə diqqət yetirməyin ən yaxşı taktika olduğu qənaətinə gəliblər. Komanda iddia edir ki, yalanı həqiqətdən ayırd etmək üçün birdən çox məqama diqqət yetirmək əslində işləri daha da çətinləşdirir. "Bu absurddur, çünki bu, əslində qeyri-mümkün bir işdir" deyib Versçuere.
"Nature Human Behaviour" adlı elmi jurnalda dərc olunan araşdırma bir sıra eksperimentlərdən ibarətdir. Təcrübə iştirakçıları yalançılar və günahsızlar olaraq iki qrupa bölünüblər. Cinayətkar qrupa şkafdan imtahan suallarını oğurlamaq tapşırılıb və onlar sonra bu barədə yalan danışmağa məcbur olublar. Günahsız qrup isə yalnız kampusda vaxt keçirib.
Sualların oğurlanması ilə bağlı istintaqda hər iki qrupun ifadələri alınıb və bu ifadələr ayrıca iştirakçılar qrupu tərəfindən izlənilib. Bu iştirakçılar hansı qrupun yalan, hansının doğru danışdığını anlamağa çalışıblar. Əvvəlcə iştirakçılara istənilən ipucunu nəzərdən keçirməkdə sərbəst olduqları bildirilib. Nəticədə iştirakçıların proqnozlarının demək olar ki, təsadüfə əsaslandığı müəyyən edilib.
Daha sonra iştirakçılardan yer, şəxs, vaxt və sair kimi təfərrüatlara diqqət yetirərək ifadələri yenidən qiymətləndirmələri istənilib. Bu halda onların yalanı həqiqətdən daha yaxşı ayırd edə bildikləri görülüb.
Sınaqların birində məlum olub ki, bütün ipuçlarını nəzərə alan iştirakçıların 59 faizi uğur qazanıb. Ancaq yalnız təfərrüatlara diqqət yetirildikdə, nisbət 66 faizə yüksəlib.
Versçuere tapıntılarla bağlı belə deyib: "Həqiqəti söyləyənlər hadisəni özləri yaşadıqları üçün zəngin təsvirlər verə bilsələr də, yalançılar təfərrüatları uydursalar belə, tutulma riski artır".