Altınbeşik Mağarası ziyarətçi sayına görə rekord qırıb

09:25 02.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Antalyanın İbradı səmtinin Ürünlü məhəlləsi yaxınlığında yerləşən dünyanın üçüncü, Türkiyənin və Avropanın isə ən böyük yeraltı göl-mağarası olan Altınbeşik Mağarası yerli və xarici ziyarətçilər tərəfindən rekord qırıb. 2023-cü ildə mağaranı 130 min insan ziyarət etdiyi halda, bu il ilin ilk 8 ayında ziyarətçi sayı artıq 140 mini keçib.

Hafta.az-ın yazdığına görə, firuzəyi rəngli su üzərində tur qayıqları ilə mağaranın gözəlliklərini kəşf edən yerli və xarici ziyarətçilər Antalyanın bu cənnət guşəsinə heyran qalıblar. Ziyarətçilər Antalyanın qızmar istisində yanarkən, burada havanın temperaturu cəmi 17 dərəcədir və ziyarətçilər mağaradan çıxmaq istəmirlər.

İbradı Bələdiyyəsinin əməkdaşı və Altınbeşik Mağarasından məsul Ulaş Ünlüsoy mağaranın istismarının İbradı Bələdiyyəsi tərəfindən həyata keçirildiyini, mağaranın yerli və xarici ziyarətçilərin böyük marağına səbəb olduğunu bildirib.

Altınbeşik mağarasının Türkiyə və Avropanın ən böyük yeraltı göl-mağarası olduğunu və dünyada üçüncü yerdə qərarlaşdığını ifadə edən Ünlüsoy, "Burada hər gün Türkiyənin 81 vilayətindən və xaric ölkələrdən ümumilikdə minə yaxın ziyarətçi qəbul edirik. Xarici turistlər arasında almanların sayı xüsusilə seçilir" deyib.

2024-cü ilin ilk 8 ayının sonunda indiyə qədər 140 mindən çox ziyarətçi qəbul etdiklərinə diqqət çəkən Ünlüsoy, "Altınbeşik Mağarası 2004-cü ildən bəri turizmə açıqdır. İlk 8 ayda öz rekordumuzu qırdıq" deyə bildirib.

Antalyada 17 dərəcə istiliyin yalnız Altınbeşik Mağarasında olduğunu bildirən Ünlüsoy, "Qonaqlar 30-35 dərəcə istilikdən gələrkən, bizim mağaranın temperaturu yay-qış 17 dərəcə olur. Yayın istisində və ya qışın soyuğunda içəridə havanın temperaturu eyni qalır" deyə məlumat verib.

Altınbeşik mağarasının firuzəyi mavi suyunun Beyşehir gölünün 65 kilometrliyindən gələn yeraltı su olduğunu ifadə edən Ünlüsoy, "Bu su qazlı sudur. Mağaranın nəfəs kəsən xüsusiyyəti var. Hər kəsi 20 dəqiqəlik qayıq turuna dəvət edirik. Sizi ən yaxşı şəkildə qonaq etməyə çalışırıq" deyib.