ABŞ-a səfəri zamanı Yaponiyanın baş naziri Fumio Kişidanın yanında əlləri cibində görüntülənən hökumət sözçüsü Seiji Kihara anasının ona əsəbi olduğunu açıqlayıb.
Hafta.az-ın The Mainichi-yə istinadən yazdığına görə, Nazirlər Kabineti baş katibinin müavini Kihara 9-15 yanvar tarixlərində Kişidanı Avropa və Şimali Amerika turunda müşayiət edib. Yapon siyasətçi yanvarın 13-də Ağ Evdə jurnalistlərə danışarkən Kişidanın yanında əlləri cibində dayanıb görünüb.
Bir çox yapon sosial media istifadəçisi Kiharanın bu şəklini tənqid edib.
Kihara qonaq olduğu YouTube proqramında mövzu ilə bağlı danışıb. Yanvarın 17-də yayılan videoda üzr istəyən Kihara anasının da ona telefonla zəng etdiyini və əsəbiləşdiyini bildirib. Kihara bildirib ki, davranışının ailəsini aşağıladığına dair şərh görən anası "utanıram" deyib.
O zaman 52 yaşlı siyasətçi sammitdəki hadisələri mətbuata necə ifadə edəcəyini düşündüyünü belə izah etmişdi: "Mən fikirləşərkən əlləri cibində gəzən insanlardanam".
Xatırladaq ki, baş nazir Kişida G7 ölkələrinə səfəri çərçivəsində Fransa, İtaliya, Böyük Britaniya, Kanada və ABŞ-a səfər edib.