Aqrar sektoru necə inkişaf etdirək - TƏHLİL

11:12 22.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son bir ildə qlobal ərzaq qiymətləri rekord səviyyədə bahalaşıb. Hesablamalara görə, dünya ərzaq qiymətlərində təxminən 35-40 faiz ətrafında bahalaşma var. Bu gün elə ölkəmizdə də qiymət artımı sürətlə müşahidə edilir.

Rəsmi açıqlamalara görə, 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-fevral aylarına nisbətən 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq məhsulları üzrə 6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. Dövlət Statistika Komitəsinin yaydığı məlumata əsasən, cari ilin fevral ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1 faiz, əvvəlki ilin fevral ayına nisbətən 11,9 faiz artıb. Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma unun, çörəyin, peçenyenin, vaflinin, qoyun, mal və toyuq ətinin, kolbasa məmulatlarının, təzə balığın, qatılaşdırılmış şəkərli və pasterizə olunmamış üzlü südün, xamanın, kəsmiyin, yoqurtun, pendirin, kərə yağının, süfrə marqarininin, bananın, naringinin, narın, heyvanın, balqabağın, pomidorun, xiyarın, kartofun, soğanın, sarımsağın, kələmin, şokolad məmulatlarının və konfetlərin, qəhvə və kakao tozunun, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətlərində müşahidə olunub.

Qeyd edək ki, bu gün Azərbaycanın əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı yerli bazarlarda özünü ciddi şəkildə göstərir. Statistik məlumatlara nəzər saldıqda görürük ki, Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə yalnız bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəkdir. Məsələn, özünütəminetmə səviyyəsi bitkiçilik məhsullarından meyvə və giləmeyvələrdə 116 faiz, tərəvəzlərdə 110 faiz, bostan məhsullarında 101 faizdir. Əsas tərəvəzlərdən olan kartofla özümüzü 90 faiz, baş soğanla 103 faiz, pomidorla 131 faiz təmin edə bilirik. Kartofla təminatı ödəmək üçün İran, Rusiya və Gürcüstandan idxal həyata keçirilir.

Əsas bitkiçilik məhsullarından olan buğda ilə təminat səviyyəsi isə ürəkaçan. Rəsmi rəqəmlərə görə, yerli istehsal hesabına buğdanın 57 faizini ödəyə bilirik, qalanını isə Rusiya və Qazaxıstandan alırıq. İdxal buğdasının təxminən 80-85 faizi Rusiyadan gətirilir. Buğdadan başqa taxıl məhsullarından qarğıdalının 15 faizini, vələmirin, yəni yulafın14 faizini idxal edirik. Arpa ilə təminatda idxaldan asılılığımız yoxdur.

Əslində isə uzun illərdir ölkəmizdə yerli istehsalın stimullaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Xüsusilə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə aqrar istehsalçılara dövlətin müxtəlif dəstək mexanizmləri tətbiq olunur. Bu mexanizmlər arasında məhsul istehsalına, əkin sahəsinə, heyvana görə subsidiyalaşma, texnika, avadanlıq, gübrə və pestisidlərin, cins damazlıq heyvanların alışının dəstəklənməsi, kənd təsərrüfatı məhsullarının sığortalanması (sığorta haqqının yarısı dövlət tərəfindən qarşılanır), kənd təsərrüfatı istehsalçılarına güzəştli kreditlərin verilməsi mühüm yer tutur. Məsələn, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatı üçün dövlət büdcəsindən 997,3 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Başqa sözlə, builki büdcə xərclərinin 3,3 faizi aqrar sektor üçün nəzərdə tutulub. Vəsaitin 456 milyon manatı bilavasitə ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldiləcək.

Bu gün dövlətin müxtəlif qurumları vasitəsilə sahibkarlığa yönəlik vəsaitlərin mühüm hissəsi də aqrar sektorun payına düşür. Amma görülən tədbirlərə rəğmən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunduğunu söyləmək qeyri-mümkündür. Bu isə hökumətin daha effektli tədbirlər həyata keçirməsinin vacib olduğunu göstərir.

Bəs, görəsən, indiki şəraitdə ölkəmiz üçün daha çox hansı məhsulların əkilib becərilməsi prioritet olmalıdır? Hansı bitkilər üzrə əkin sahələrini artırmaq və ya azaltmaq məqsədəuyğundur?

Məlumat üçün bildirək ki, bu gün işğaldan azad edilmiş ərazilər də aqrar sektorun inkişafı baxımından çox yaxşı potensial hesab olunur. Proqnozlara görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevin sözlərinə görə, həmin ərazilər tarixən böyük taxılçılıq, pambıqçılıq, heyvandarlıq, tütünçülük, üzçümçülük məhsulları istehsal etməkdə öndə olublar:

“İstehsal olunan məhsullar istər məhsuldarlığına, istərsə də keyfiyyətinə görə daim fərqlənib. İşğaldan azad edilmiş ərazilərin bir qismi minalardan təmizlənib və təhlükəli olmayan ərazilər əkinə hazırlanmaqdadır. Aran ərazilərdə, yəni Ağdam və Füzuli rayonlarında pambıq, üzüm, şəkər çuğunduru, qarğıdalı yetişdirmək çox faydalıdır və həmin torpaqlar çox məhsuldardır. Dağlıq ərazilər, yəni Kəlbəcər, Laçın və Qubadlı tarixən heyvandarlıq zonaları hesab olunublar. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə balıqçılığın inkişafı üçün lazım olan şərait var. Digər tərəfdən, həmin ərazilərdə tərəvəz və bostan məhsullarının yetişdirilməsi, yem əkinlərinin genişləndirilməsi tələbata uyğundur”.

T.Rzayev əlavə edib ki, bu gün ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi qarşıda duran əsas vəzifələrdəndir. “İşğaldan azad edilmiş ərazilərdə taxılçılığın inkişafı gündəmdə olacaq və bunun üçün də həmin ərazilərdə mövcud vəziyyət qənaətbəxşdir. O torpaqlarda şəkər çuğunduru əkilə və yüksək məhsuldarlıq götürülə bilər”.

Mövzu ilə bağlı hafta.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov deyib ki, Azərbaycanın iqlim şəraiti müxtəlif əkin işlərini aparmağa imkan verir. Sadəcə olaraq, dənli bitkiləri Azərbaycanda yetişdirmək sərfəli deyil:

“Bundan başqa bizdə əkinə yararlı torpaqlar da azdır. Məsələn, düzənlik ərazilər var ki, Bakıdan başlayır Hacıqabul Kürdəmirə qədər uzanır. Yəni, ucu-bucağı görünməyən böyük ərazilər var. Amma hamısı şoran, əkinə yararsız torpaqlardır. Orada hansısa əkin-biçin işi aparmaq mümkünsüzdür. Təbii ki, həmin əraziləri əkmək mümkün olsaydı, eyni zamanda suvarma problemi olmasaydı, böyük ərazilərdə dənli bitkilər əkmək sərfəli olardı. Həmin ərazilərdə buğda, qarğıdalı, qarabaşaq, günəbaxan və s. yetişdirmək mümkün idi. Biz əsasən əkinə yararlı torpaqlar məsələsində uduzuruq. Əkinə yararlı yerlərimizdə isə bu məhsulları əkmək fermer üçün sərfəli deyil. Misal üçün mən fermerəm. Xaçmazda 10 hektar sahəm var. Həmin 10 hektar yerdə dənli bitki əkməkdənsə, meyvə bağı salaram. Tutaq ki, 1 hektar buğdadan mən qazanacam ən yaxşı halda 2 min manat. Amma 1 hektar nektarin və ya gilas bağından qazana bilərəm 50-70 min manat. Yəni, dənli bitkilər becərmək uçün 10-20 min hektarlarla ərazi olmalıdır ki, iş fermerə sərf etsin. Necə ki, Rusiyada var, məsələn, orada azərbaycanlı fermer tanıyıram ki, 30 min hektar ərazisi var və orada da buğda əkir. Yəni, bu məsələdə hökümət nə tədbir görürsə-görsün sahibkar onu əkməyəndən sonra dövlət onu heç nəyə məcbur edə bilməz. Tutaq ki, bir ara sahibkara pambıq əkməyi təşviq edirdilər. Sahibkarlar da əkdi, amma gördülər ki, ciddi xeyir yoxdur, başladılar yonca əkməyə. Burada məcburiyyətdən söhbət gedə bilməz, fermer istəyir ki, gördüyü işdən xeyir götürsün. O ki qaldı aqrar sektora dövlət dəstəyinə, deyərdim ki, Azərbaycanda bu sahəyə verilən dəstək heç bir ölkədə yoxdur. Məsələn, adi bir misal çəkim. Biz türkiyəli həmkarlarımıza deyəndə ki, Azərbaycanda fermerə heç bir təmənna olmadan subsidiya verilir, onlar təəccüb qalırlar. Sadəcə, bizdə çatışmayan institusional səviyyədə dəstəkdir. Dövlət tərəfindən infrastruktur yaradılıb, amma onun içində çalışan əqli mülkiyyət yoxdur ki, fermeri yönləndirsin. Yəni, fermer başsız qalıb, nəyi bacarır onu əkir. Amma Türkiyədə subsidiya kartı olmasa da, misal üçün, hər bir fermer qeydiyyatdadır. Hər bir fermerin telefonuna mütəmadi olaraq aqrotexniki qulluqla, gübrələrin verilməsi ilə bağlı təlimat xarakterli sms göndərilir. Biz fermerə maliyyə dəstəyi versək də, bu kimi məsələlərdə “axsayırıq” ”.

Məsələyə münasibət bildirən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev isə vurğulayıb ki,əslində tarixən Azərbaycan kənd təsərrüfatı ölkəsi olub:

“Təcrübədə aqrar ölkə anlayışı var. Lakin sənaye olmasa, aqrar ölkə kimi imkanlar geniş olmaz. İlk olaraq sənaye də inkişaf etməli və nəticədə aqrar proses getməlidir. Kənd təsərrüfatını inkişaf etdirmək imkanları genişdir. Ancaq bunun üçün şoran torpaqları normal hala gətirmək lazımdır. Bunu elmi texniki-tərəqqi ilə həll etmək olar. Kənd təsərrüfatı həm də kompleks baxış tələb edir. Biz bu sahəni inkişaf etdirmək üçün ilk olaraq müəyyən kapital qoymalıyıq. Bu da gəliri artırmalıdır. Biz stimul yaratmaqla buna nail ola bilərik. Ancaq kənd təsərrüfatının bir sahəsini inkişaf etdirirksə, məsələn heyvandarlığı, burada son məhsul anlayışına diqqət etməliyik. Heyvandarlığı inkişaf etdirsək, amma onun dərisindən və ya südündən istifadə etməsək, bu uğurlu olmaz. Biz resurs satan ölkədən məhsul satan ölkəyə keçməliyik. Yəni istənilən sahənin son həddinə qədər getməliyik. Hazırda bizdə süd emalı zavodları yoxdur, bəzi iş adamlarının süd emalı müəssisələri var. Demək istəyirəm ki, biz son həddə qədər getməliyik. Eləcə də ət fabrikləri qurmalıyıq”.

Onun sözlərinə görə, aqrar sektor elə sahədir ki, burada işləri tez görmək olar: “İki il müddətinə bu işləri həyata keçirmək olar. Sadəcə burada aqrar sahədə əldə olunacaq məhsula uyğun zavodlar, emal müəssisələri tikilməlidir. Kənd təsərrüfatı ancaq əkmək və biçməklə bitmir. Burada gübrə zavodu, emal müəssisələri olmalıdır. Təsəvvür edin ki, bu sahəyə dövlətin diqqəti artarsa, ölkədə gübrə zavodu, emal müəssisələri, traktor istehsal edən müəssisə, pambıq kombinatları olacaq. Əlbəttə, bunları etmək üçün kapital lazımdır. Ancaq nəticədə böyük bir sistem yaranacaq, iş yerləri olacaq. Məncə, bu müəssisələri tikmək üçün ehtiyat maliyyəmizdən istifadə edilə və ya başqa mənbələr tapıla bilər. Biz pulu elə sahələrə qoymalıyıq ki, bir müddətdən sonra bu sahələr real gəlir gətirsin və ölkənin imkanlarını genişləndirməyə dəstək olsun”