Artan geomaqnit qasırğaları – Təhlükə

11:21 30.03.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar mütəmadi olaraq geomaqnit qasırğasının baş verməsi haqqında məlumatlar oxuyuruq. Məsələn, təkcə bu ilin mart ayında iki dəfə çox güclü maqnit qasırğası qeydə alınıb. Maraqlıdır, geomaqnit qasırğalarının yaranma səbəbləri nədir? Bu hadisə niyə tez-tez müşahidə edilir?

Mövzu ilə bağlı Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev bizimlə söhbətində bildirdi ki, son günlər Günəşin daxilindəki aktivlik geomaqnit qasırğası ilə nəticələnib: “Günəşdə bu proses hər 11 ildən bir təkrarlanır. Günəş səthinin maqnit ləkələri ilə örtülü olan hissəsində partlayış nəticəsində əmələ gələn qızmar buludlar Yer kürəsinə yayılır. Bu zaman Günəşdən plazmaların, ionların tullantısı şəklində çox böyük enerji ayrılır. Bunun Günəş-Yer əlaqələrinə çox böyük təsiri var. Biz Yerin maqnit sahəsinin olduğu sferanın içində olduğumuzdan bu proses həm kommunikasiya xətlərinə, süni peyklərin orbitinə, o cümlədən insanların sağlamlığına təsir edir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, adətən, meteohəssas insanlar təbiətin şıltaqlıqlarına, maqnit qasırğalarına, atmosfer havasının təzyiqinə, havanın soyuyub-istiləşməsinə çox həssas reaksiya verirlər: “Bu zaman onların təzyiqi qalxır, insan haldan-hala düşür. Bu şəxslər daha diqqətli olmalıdırlar. Bu cür insanlar nələrə diqqət etməlidir deyə, öz həkimləri ilə məsləhətləşməlidir. Bu cür insanlar həmin ərəfədə mümkün qədər ev şəraitində olmalı, uzun müddət bayırda olmamalıdırlar. Ümumiyyətlə, insanların orqanizmi təbiətin mövcud şıltaqlıqlarına, o cümlədən, maqnit qasırğasına qarşı davamlıdır və ona adaptasiya oluna bilir. Məsələn, təsadüfi deyil ki, bu qasırğanın neqativ təsirlərini yalnız bir qrup insan öz üzərində hiss edir. Hansı ki, bu, birbaşa təmasda olur. Geomaqnit qasırğası deyilən dalğada, sadəcə olaraq, yayılmış maqnit sahəsindən söhbət gedir. Bu dalğalar bioloji hüceyrələrin iş prosesini pozur, xüsusilə də bu sinir hüceyrələrinə aiddir. Müxtəlif sinir pozuntuları, yuxusuzluq, qan təzyiqinin artması və sairə kimi hallar yarada bilər. Əlbəttə, əvvəlcədən meteohəssas insanlar müəyyən tədbirlər görməlidir. Maqnit qasırğasının təsirinin ilkin əlamətləri müxtəlif ola bilər. Hətta bayılma belə baş verə bilər. Bundan başqa, baş ağrısı, təzyiqin oynaması, ürək ağrıları, xəstənin haldan hala düşməsi, spazmalar, ürək döyüntüləri kimi əlamətlər mümkündür. Bunları özündə hiss edən insanlar həkimə müraciət etməlidir”.