Azərbaycan – qlobal enerji platformasının ən etibarlı üzvü - Millət vəkili Könül Nurullayeva yazır

09:15 13.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün əvvəl sayca 7-ci toplantısı baş tutan Cənub Qaz Dəhlizi Məşvərət Şurası ən nəhəng platformalardan biri kimi ilbəil nüfuzunu daha da möhkəmləndirir. Hər il məhz Azərbaycanın moderatorluğu ilə təşkil olunan müzakirələrdə həm layihənin icrası barədə iştirakçı dövlətlər məlumatlandırılır, həm də yeni imkanlar haqda debatlar təşkil olunur. Davamlı olaraq enerji komissarları, ABŞ, Böyük Britaniya kimi nüfuzlu dövlətlərin yüksək ranqlı nümayəndələrinin bu platformada iştirakı ilə səmərəli iqtisadi-siyasi təhlillər aparılır, effektiv nəticələr əldə edilir. Bu dəfəki toplantıda da aktual məsələlərə toxunuldu, əməkdaşlığın növbəti mərhələsi üçün konkret istiqamətlər müəyyənləşdi.

Məlumdur ki, Azərbaycanın iqtisadi-siyasi iradəsi ilə reallaşan ən nəhəng enerji layihələrindən biri - “Cənub Qaz Dəhlizi” həm Azərbaycan, həm bütövlükdə Cənubi Qafqaz regionu, həm də Avropa üçün mühüm əhəmiyyət kəsb edir. Xatırlatmaq yerinə düşər ki, ilk gündən məsələyə qərəzli yanaşanlar, layihənın gələcəyinə skeptik baxanlar var idi. Doğrudur, Cənub Qaz Dəhlizi olduqca mürəkkəb layihədir və bu projenin unikallığı həm də ondan ibarətdir ki, bu xəttin bir hissəsi hündürlüyü 2500 metr olan dağlardan, bir hissəsi isə dəniz dibindən keçir.

Bununla belə, külli miqdarda maliyyə vəsaiti tələb etməsinə, mürəkkəb relyef quruluşuna rəğmən bütün işlər plan üzrə həyata keçirildi. Zaman keçdikcə, projenin tərəfdarlarının sayı, bu layihəyə qlobal müstəvidə verilən dəyər daha da artdı. Azərbaycan qısa müddətdə etibarlı tərəfdaş kimi bu nəhəng layihə ətrafında vahid komanda yaratmağa müvəffəq oldu. Bütün iştirakçı dövlətlər zamanla vahid komanda kimi “Cənub Qaz Dəhlizi”nə, konkret olaraq Azərbaycan qazına Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə kimi dəyər verməyə başladı. Prezident  İlham Əliyevin də qeyd etdiyi kimi, “düzgün hesablanmış maraqlar balansı var ki, burada istehsalçı olan Azərbaycanın maraqları tranzit və istehlakçı ölkələrin maraqları ilə üst-üstə düşür. Məhz bunun nəticəsində bəzilərinin o qədər də real hesab etmədikləri bir layihənin həyata keçirilməsi mümkün olmuşdur”.

Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün də etibarlı tranzit ölkə kimi etimad qazanıb.

Bu gün “Cənub Qaz Dəhlizi” Avropada təchizat marşrutlarının şaxələndirilməsində əhəmiyyətli rola malikdir. Üstəlik, burada yalnız marşrutların deyil, həm də mənbələrin şaxələndirilməsindən söhbət gedir. Enerji təhlükəsizliyinin təminatı, eyni zamanda şaxələndirmə istehlakçı və istehsalçı ölkələr üçün hər zaman prioritetdir. Bu projenin icrası Avropanın enerji təhlükəsizliyi baxımından yeni mənbələrin vacibliyini ortaya qoyur. Bu, həm alternativ marşrut üzərindən təbii qazın Avropaya ötürülməsi, həm də uzunmüddətli perspektivə hesablanmış yeni mənbədir. Aydındır ki, Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr təşkil edir və yeni məlumatlara görə bu həcm daha da artıq ola bilər. Eyni zamanda Cənubi Qaz Dəhlizinin inşası ilə Avropa üçün faktiki hazır infrastruktur formalaşır. Xüsusilə TAP-ın istismara verilməsi yeni təchizat layihələrinin həyata keçirilməsinə şərait yaradıb. Təsadüfi deyil ki, İtaliya, Yunanıstan və Bolqarıstanda istehlakçılar bu qış ilk dəfə olaraq Azərbaycanın təbii qazından istifadə edir.

Ümumiyyətlə, Azərbaycan artıq Xəzər dənizinin şərq sahilində olan enerji ehtiyatlarının nəqli üçün də etibarlı tranzit ölkə kimi etimad qazanıb. Nəhəng layihələrin uğurlu icrsı ilə yanaşı, qarşıda daha geniş hədəflər dayanır – Azərbaycanın həm də bərpa edilən enerjiyə dair planları var. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda dünyanın aparıcı enerji şirkətləri ilə danışıqlar aparılır. Bu layihələr onsuz da investorlar üçün hər zaman cəlbedici olan Azərbaycana marağı daha da artıracaq. Eyni zamanda Azərbaycan işğaldan azad etdiyi ərazilərin iqtisadi və coğrafi imkanlarından səmərəli istifadə etmək niyyətindədir. Belə ki, azad olunmuş ərazilərdə günəş, külək və su ehtiyatları vasitəsilə elektrik enerjisinin istehsalı üçün bütün imkanlar dəyərləndiriləcək. Avropanın “Yaşıl razılaşma” əsasında 2050-ci ilə qədər iqlim neytrallığına, de-karbonlaşmış enerji sisteminə doğru hərəkət etməsini nəzərə alsaq, Azərbaycanın yaşıl enerji konsepsiyası olduqca əhəmiyyətlidir. Əminliklə söyləmək olar ki, Azərbaycan enerji təhlükəsizliyinin əsas təminatçısı kimi həm də “yaşıl enerji” konsepsiyasını reallaşdırmaqla bu sahədə öz standartını yaradacaq.