Azərbaycan diasporu qarşısında dayanan yeni hədəflər – TƏHLİL

20:00 22.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şuşada təşkil edilən Dünya Azərbaycanlılarının V Qurultayı həm özünün məkanı, həm adı, həm də qarşıya qoyulan vəzifələr baxımından dövlətimizin beynəlxalq arenadakı fəaliyyətində müstəsna rola malikdir. Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər, əsaslandırılmış arqumentlər və soydaşlarımıza çağırışları diaspor təşkilatlarımızın postmünaqişə dövründəki fəaliyyətinin əsas «Yol Xəritəsi»ni təşkil edəcək.

Qeyd edək ki, Zəfər Qurultayına aparan yolun istiqamətverici ideyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Keçən əsrin 90-cı illərində Azərbaycanın beynəlxalq səviyyədə üzləşdiyi çətinliklərin aradan qaldırılması, dünyanın hər yerinə səpələnən soydaşlarımızın vahid dövlətçilik və milli maraqlar ətrafında birləşməsinin nə dərəcədə zəruri olduğunu gözəl anlayan Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə dünya azərbaycanlılarının birinci qurultayı keçirildi. Hələ həmin dövrdə Ulu Öndər dünya azərbaycanlıları qarşısında çıxış edərək Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyini, torpaqlarımızın işğaldan azad olunacağını və  xalqın öz torpaqlarına qayıdacağını bildirmişdi. 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərə qədər xaricdəki soydaşlarımız da məhz Ulu Öndərin açıqladığı bu hədəflərin reallaşması üçün səylə çalışdılar. Qarşıya qoyulan məqsədlərə çatmaq istiqamətində fəaliyyətin yeni mərhələsi isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Ümumilikdə götürdükdə diasporumuzun fəaliyyətini iki dövrə bölmək mümkündür – münaqişə və postmünaqişə dövrü. Artıq münaqişə dövrü arxada qalıb. Buraxılan səhvlər, əldə edilən uğurlar, gözdən qaçan məqamlar ciddi təhlil edilərək postmünaqişə dövrü üçün yeni hədəflər və strategiyalar hazırlanmalıdır. Bu baxımdan, Şuşada təşkil olunan Zəfər Qurultayı müstəsna rola malikdir. Prezident İlham Əliyevin qurultay üçün Şuşanı məkan olaraq seçməsi də əslində çox düzgün və düşünülmüş qərar idi. Fikir verin, diaspor təmsilçilərimiz Şuşaya Zəfər yolu ilə getdilər. Hansı ki, onun ilk cığırlarını qanları, canları ilə Şuşanı azad edən qəhrəman əsgərlərimiz açmışdılar. Ətrafdakı azad edilmiş ərazilərdəki vəziyyəti, Şuşanın dağıdılmış halını diaspor təmsilçilərimiz öz gözləri ilə gördülər. Həm də bu dağıntıların aradan qaldırılması istiqamətində aparılan işlərin miqyası onlarda bir daha Azərbaycanın iqtisadi potensialı, gücü barədə real təsəvvür yaratdı.

Prezident bu qərarı ilə dünya azərbaycanlılarına üstüörtülü də olsa mühüm bir mesaj verdi. Əldə edilmiş qələbə Azərbaycan dövlətinin təkbaşına apardığı düzgün hədəflərə istiqamətlənmiş siyasətinin nəticəsidir. İndi də, işğalın nəticələrini dövlətimiz heç bir yardım almadan, öz iqtisadi potensialı, maliyyə imkanları, ehtiyatları hesabına aradan qaldırır. Artıq daşın altına hamının əlini qoyması vaxtıdır. Yeni hədəflərə, yeni məqsədlərə çatmaq üçün bir olmaq zamanıdır. Bəs yeni hədəflər nədir?     

Bu sualın cavabını verməzdən əvvəl Zəfərdən sonra dövlətimizin əldə etdiyi nəticələrə nəzər salaq:

- Azərbaycan bölgədə milli və dövlətçilik maraqlarımıza uyğun yeni reallıqlar yaratdı.

- Aparıcı beynəlxalq təşkilatları postmüharibə reallıqlarını qəbul edirlər. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq platformaların son qətnamələrində bu reallıqların qəbul edildiyi açıq şəkildə bəyan edilir. Eləcə də, Prezident İlham Əliyevə  ayrı-ayrı dövlət başçılarının ünvanladıqları məktublarda da bu tendensiya müşahidə edilir.

 - Şuşanın qədim Azərbaycan şəhəri olduğu artıq qəbul edilir. Erməni lobbisi, İrəvan və Xankəndindəki separatçı qalıqlarının ciddi etirazlarına baxmayaraq dünyanın ən böyük təşkilatı BMT-nin Şuşada beynəlxalq tədbir keçirməsi buna sübutdur.

- Azərbaycan rəsmi şəkildə «Dağlıq Qarabağ münaqişəsi» adlı problemin artıq qalmadığını, ölkəmizin bu məsələni hərbi-siyasi yolla həll etdiyini bəyan edib. İndi həlli vacib olan başlıca məsələnin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması olduğunu açıqlayıb. İrəvana gələcək sülhün təməlini təşkil edəcək beynəlxalq hüquqa əsaslanan 5 prinsip təklif edib. Bu reallıq da dünya birliyi tərəfindən qəbul edilib. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir.

- Rəsmi Bakı Zəfərdən dərhal sonra 30 ilə yaxın müddətdə heç bir real nəticəyə nail olmayan ATƏT-in Minsk Qrupuna artıq ehtiyac qalmadığı bəyan etdi. Artıq ATƏT-in Minsk qrupu yoxdur. Keçmiş həmsədr dövlətlər özləri də bunu etiraf edirlər.

- Azərbaycan bölgədə yeni regional əməkdaşlıq platformasının əsasını qoydu. «3+3» adlandırılan bu format daxilində regional ölkələrin əməkdaşlıq imkanlarının genişləndirilməsi ciddi müzakirə mövzusudur...

Bu siyahını uzatmaq da mümkündür. Lakin bir məqam xüsusi vurğulanmalıdır ki, dövlət olaraq təklikdə əldə etdiklərimizin əsas memarı Prezident İlham Əliyev və onun siyasi kursudur.

Lakin postmünaqişə dövründə qazandıqlarımızı qorumaqla yanaşı, həllinə ciddi dəstək verilməsini tələb edən problemlərimiz də az deyil. Onlara nəzər yetirək:

- Mövcud reallığın ermənilərin xeyrinə dəyişdirilməsi üçün dünyadakı erməni lobbisi və onun dəstəklədiyi qüvvələrin var gücləri ilə çalışması.

- İşğaldan azad edilən ərazilərin bərpası.

- Mina problemi.

- Bölgənin tarixinin ermənilər tərəfindən saxtalaşdırılması faktlarına qarşı mübarizə.

- Azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan maddi-mədəni irsimizin dünyaya çatdırılması

- Xocalı, Başlıbel, Ğart və s. soyqırımlarının dünyada təbliği...

Bütün bu qeyd olunanlar artıq Zəfər Qurultayının çağırılması və dünya azərbaycanlılarını qarşısında yeni vəzifələr qoyulmasını zərurətə çevirmişdi. Prezident İlham Əliyev Qurultaydakı çıxışı zamanı bu vəzifələri sadaladı. Onları ümumi şəkildə aşağıdakı kimi qruplaşdıra bilərik:   

- Diaspor təşkilatları, fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə imkanları daha genişdir. Azərbaycanlılar yaşadıqları ölkələrin ictimaiyyətini maarifləndirməli, Qarabağın, Zəngəzurun tarixini, Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrinin mahiyyətini, Dağlıq Qarabağ Muxtar Vilayətinin yaranması, 1940-1950-ci illərdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası barədə həqiqətləri, Azərbaycan reallıqlarını, postmünaqişə dövrünün gerçəkliklərini onlara çatdırmalıdırlar.

- Bu gün erməni lobbisi tərəfindən Azərbaycanın sülh arayışlarına kölgə salmaq üçün ölkəmizə «təcavüzkar» damğasının vurulmasına səy göstərilir. Bu məqsədlə diaspor fəallarımız yaşadıqları ölkələrin siyasi dairələri ilə təmasları genişləndirməli, onlara rəsmi Bakının irəli sürdüyü 5 prinsipdən ibarət sülh təklifi ilə bağlı ətraflı məlumat verməlidirlər.

- Müharibə başa çatsa da, Azərbaycana qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. Bunu Ermənistandakı revanşist qüvvələrin son çıxışlarında açıq şəkildə görürük. Bu səbəbdən diaspor qurumlarımız daha fəal olmalı, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları haqqında mütəmadi təbliğat işləri aparmalıdırlar. Ermənistanın mina xəritələrini qəsdən səhv verərək yüzlərlə soydaşımızın yaralanması və həyatını itirməsinə səbəb olan addımlarının beynəlxalq cinayət olduğu hər kəsin diqqətinə çatdırılmalıdır.

- İşğaldan azad edilmiş ərazilərimizdəki mövcud dağıntılar, təbii sərvətlərimizin talan edilməsi, ekoloji terror və s. bu kimi əməllərə görə Azərbaycan dövləti Ermənistanı beynəlxalq məhkəməyə verməyə hazırlaşır. Diaspor qurumlarının bu məsələdə üzərinə xüsusi vəzifələr düşür.

- İşğaldan azad edilmiş ərazilərimizin bərpasında xaricdə yaşayan imkanlı iş adamlarımızın yardımları, buraya investisiya yatırması, xarici iş adamlarının Azərbaycana sərmayə qoyuluşunu genişləndirməsi üçün ölkəmiz haqqında reallığa əsaslanan müsbət imicin formalaşdırılması işində də diaspor qurumlarımız fəallıq nümayiş etdirməlidir.

- Sadalanan vəzifələrin reallaşdırılmasının başlıca şərti olaraq öz aralarındakı fikir ayrılıqlarının milli məsələlərlə bağlı mövzularda ikinci plana keçirilməsi.

Azərbaycan dövlətinin bu gün diaspor qurumlarımızın 44 günlük Vətən Müharibəsində sərgilədiyi birliyə, həmrəyliyə ehtiyacı var. Dünyada yaşanan gərgin geosiyasi, beynəlxalq çaxnaşmalar, kataklizmlər fonunda «Prezident-Dövlət–Xalq–Diaspora» düsturu çərçivəsində formalaşdıracağımız vahid güc üzləşə biləcəyimiz çağırışlar və təhdidləri asanlıqla dəf etməyə imkan verəcək. Qələbəmizin rəmzi olan Şuşadan yola çıxaraq diaspor fəaliyyətinin yeni mərhələyə qədəm qoyduğunu söyləyə bilərik.