Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması prosedurları elektronlaşdırılır. Məsələ Milli Məclisin bugünkü plenar sessiyasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Hafta.az xəbər verir ki, Layihəyə əsasən, müvəqqəti olma müddətinin uzadılması məsələsi müsbət həll edildikdə bu barədə qərarın verilməsinə görə dövlət rüsumu ödənildikdən sonra həmin qərar müraciət edənin Elektron Hökumət İnformasiya Sistemindəki (EHİS) elektron kabinetində yerləşdirilməsi məqsədilə EHİS-ə ötürüləcək, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təqdim etdikləri elektron poçt ünvanına göndəriləcək.
Qeyd olunur ki, dövlət rüsumu ödənildikdən sonra müraciət edənin EHİS-dəki elektron kabinetinə yerləşdirilməsi və elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulur. Bununla yanaşı, qərarın məzmununun təsdiq edilməsi, elektron imza ilə rəsmiləşdirilməsi və elektron xidmətlərin hüquqi əsaslarının dəqiqləşdirilməsi təmin ediləcək.
Həmçinin müvəqqəti olma müddətinin uzadılması barədə qərarın yenidən verilməsinə görə rüsum nəzərdə tutulmayacaq.
Layihədə qeyd olunan keçid müddəaya əsasən, qanun qüvvəyə mindiyi günədək verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərarlar onlarda göstərilmiş müddət başa çatanadək hüquqi qüvvəsini saxlayacaq. Həmin qərarlar itirildikdə, məhv olduqda, yararsız hala düşdükdə və ya əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlərindəki məlumatlar dəyişdikdə onlar elektron qaydada tərtib ediləcək, müraciət edənin EHİS-dəki elektron kabinetinə yerləşdirilməsi üçün həmin sistemə ötürüləcək, eyni zamanda müraciət edənin elektron poçt ünvanına göndəriləcək. Bu hallarda qərarın yenidən rəsmiləşdirilməsinə görə dövlət rüsumunun ödənilməsi tələb olunmayacaq.
Layihə müzakirə edildikdən sonra ilk oxunuşda qəbul olunub.