“İran Azərbaycanla həmsərhəd dövlətdir və regionda baş verən hərbi-siyasi proseslər təbii olaraq ölkəmizə təsirsiz ötüşə bilməz. Üstəlik, söhbət tarixi baxımdan azərbaycanlıların yaşadığı geniş coğrafiyadan gedir. Bu baxımdan müharibənin mümkün nəticələri Azərbaycan üçün də diqqətlə qiymətləndirilməlidir”.
Bu barədə Hafta.az-a Hikmət Babaoğlu İsrail–İran müharibəsi, Azərbaycanın mövqeyi – risklər və perspektivlər müstəvisində şərhində bildirib.
Deputat İsrail-İran müharibəsinin Yaxın Şərq coğrafiyasında və İran ərazisində getdiyini qeyd edərək, qarşıdurmanın Azərbaycana müəyyən mənfi təsirlərinin olmasını mümkün hesab edib. Bildirib ki, Azərbaycan ehtimal olunan təhlükə və təhdidlərlə bağlı qabaqlayıcı tədbirlər görüb:
"Müharibə başlamazdan əvvəl təhlükəsizlik və müdafiə sahəsində atılan addımlar, eləcə də dövlət qurumları arasında koordinasiya ölkənin mümkün risklərə hazır olduğunu göstərir. Son illər ərzində həm quru, həm də hava sərhədlərinin möhkəmləndirilməsi bu siyasətin tərkib hissəsidir".
H.Babaoğlu hesab edir ki, əgər İranda yeni, daha praqmatik siyasi rəhbərlik formalaşarsa, bu, bütövlükdə region üçün müsbət nəticələr vəd edə bilər. Əks halda, mövcud siyasi xətt davam edərsə, bu ssenari region üçün arzuolunan deyil. Bununla belə, Azərbaycan istənilən halda öz milli maraqlarını qorumaq gücündədir.
“Hazırkı İran siyasi komandası Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallığı qəbul etməyib və zaman-zaman bu reallığın zəiflədilməsi istiqamətində müxtəlif addımlar atıb. O cümlədən miqrasiya məsələsi ilə bağlı səsləndirilən iddialar daha çox təzyiq və informasiya manipulyasiyası xarakteri daşıyır. İrandan Azərbaycana kütləvi və idarəolunmaz miqrasiya dalğasının yaranacağı ilə bağlı fikirlər reallığı əks etdirmir. Birincisi, belə miqyasda axının formalaşacağına dair konkret əsaslar yoxdur. İkincisi, Azərbaycan dövləti öz mövqeyini açıq şəkildə belə ifadə edib: “Azərbaycan Respublikası bütün azərbaycanlıların vətənidir”. Zərurət yaranarsa, ölkə soydaşlarını qəbul etməyə qadirdir. Tarix də bunu sübut edir. 1990-cı illərin əvvəllərində ağır sosial-iqtisadi şəraitdə olan Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkünü qəbul edərək bu çətinliyin öhdəsindən gəldi. Bu gün daha güclü və dayanıqlı dövlət olaraq Azərbaycan istənilən humanitar çağırışa cavab vermək imkanına malikdir”, – H.Babaoğlu deyib.
Deputat eyni zamanda qeyd edib ki, bu məsələdə informasiya təhlükəsizliyi də xüsusi diqqət tələb edir:
“Müharibə şəraitində dezinformasiya kampaniyaları geniş vüsət alır. İranın müxtəlif platformalarda Azərbaycanı hədəfə alan iddialar səsləndirməsi, eləcə də Türkiyə ilə bağlı manipulyativ məlumatların yayılması regionda fikir ayrılığı yaratmağa xidmət edir. Məsələn, İncirlik Hava Bazası ilə bağlı yayılan məlumatlar bu kontekstdə qiymətləndirilməlidir. Həmin baza ABŞ ilə birgə istifadə olunan hərbi obyektdir və məsələni ‘ümumi türk düşüncəsinə’ qarşı yönəltmək cəhdi açıq şəkildə təxribat xarakteri daşıyır. Məqsəd Azərbaycan və Türkiyə arasında etimadı sarsıtmaq və ictimai rəydə çaşqınlıq yaratmaqdır. Vasitəçilik məsələsində də oxşar yanaşma müşahidə olundu. İran Türkiyənin vasitəçiliyindən imtina edərək daha çox Oman variantına üstünlük verdi. Halbuki Türkiyə regionda həm geosiyasi, həm də hərbi təsir gücü baxımından daha əhəmiyyətli aktordur. Bu seçim strateji baxımdan İranın mövqeyini zəiflədən amillərdən biri kimi qiymətləndirilə bilər”.
O, müharibənin coğrafi genişlənmə ehtimalına, eləcə də prosesin əsasən cənub istiqamətində inkişaf etdiyinə diqqət çəkib. Deputat vurğulayıb ki, İranın Körfəz ölkələrinə qarşı atdığı addımlar onu regional müstəvidə daha da təcrid edə bilər. Onun fikrincə, bu siyasətin nəticələri həm qısamüddətli, həm də uzunmüddətli perspektivdə hiss olunacaq.
H.Babaoğlu eyni zamanda İranda mövcud olan iqtisadi və sosial böhranın müharibə fonunda daha da dərinləşə biləcəyini vurğulayıb.
“2025-ci ilin sonlarından müşahidə edilən kütləvi narazılıqların əsas səbəbi iqtisadi çətinliklər və sosial problemlər idi. Müharibə bu vəziyyəti ya daha da ağırlaşdıra, ya da siyasi qərarlardan asılı olaraq müəyyən dəyişikliklərə yol aça bilər”, – deyə qeyd edib.
Humanitar böhran məsələsinə gəlincə, H.Babaoğlu bu problemin artıq İran daxilində mövcud olduğunu və dərinləşmə riskinin artdığını deyib:
“Əgər böhran genişlənərsə, miqrasiya ehtimalı tamamilə istisna deyil. Bu halda təhlükəsizlik riskləri də paralel şəkildə arta bilər. Lakin Azərbaycan öz sərhədləri boyunca yaşayan soydaşlarına humanitar dəstək göstərməyə hazırdır və zərurət yaranarsa, beynəlxalq humanitar təşkilatlarla koordinasiyalı fəaliyyət mümkündür. Nəticə etibarilə, proseslərin gələcək inkişafı ilk növbədə İran rəhbərliyinin hansı yolu seçəcəyindən asılıdır: qarşıdurmanı azaltmağa yönəlmiş praqmatik addımlar, yoxsa mövcud siyasi kursun davamı. Hər iki halda Azərbaycan öz təhlükəsizliyini və milli maraqlarını qorumaq üçün kifayət qədər siyasi, iqtisadi və hərbi resurslara malikdir”, – deputat bildirib.
Tahirə Qafarlı