Azərbaycanın iqlim şəraiti müxtəlif əkin işlərini aparmağa imkan verir. Sadəcə olaraq, dənli bitkiləri Azərbaycanda yetişdirmək sərfəli deyil.
Bu fikirləri hafta.az-a kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov deyib:
“Bundan başqa bizdə əkinə yararlı torpaqlar da azdır. Məsələn, düzənlik ərazilər var ki, Bakıdan başlayır Hacıqabul Kürdəmirə qədər uzanır. Yəni, ucu-bucağı görünməyən böyük ərazilər var. Amma hamısı şoran, əkinə yararsız torpaqlardır. Orada hansısa əkin-biçin işi aparmaq mümkünsüzdür. Təbii ki, həmin əraziləri əkmək mümkün olsaydı, eyni zamanda suvarma problemi olmasaydı, böyük ərazilərdə dənli bitkilər əkmək sərfəli olardı. Həmin ərazilərdə buğda, qarğıdalı, qarabaşaq, günəbaxan və s. yetişdirmək mümkün idi. Biz əsasən əkinə yararlı torpaqlar məsələsində uduzuruq.
Əkinə yararlı yerlərimizdə isə bu məhsulları əkmək fermer üçün sərfəli deyil. Misal üçün mən fermerəm. Xaçmazda 10 hektar sahəm var. Həmin 10 hektar yerdə dənli bitki əkməkdənsə, meyvə bağı salaram. Tutaq ki, 1 hektar buğdadan mən qazanacam ən yaxşı halda 2 min manat. Amma 1 hektar nektarin və ya gilas bağından qazana bilərəm 50-70 min manat. Yəni, dənli bitkilər becərmək uçün 10-20 min hektarlarla ərazi olmalıdır ki, iş fermerə sərf etsin.
Necə ki, Rusiyada var, məsələn, orada azərbaycanlı fermer tanıyıram ki, 30 min hektar ərazisi var və orada da buğda əkir. Yəni, bu məsələdə hökümət nə tədbir görürsə-görsün sahibkar onu əkməyəndən sonra dövlət onu heç nəyə məcbur edə bilməz.
Tutaq ki, bir ara sahibkara pambıq əkməyi təşviq edirdilər. Sahibkarlar da əkdi, amma gördülər ki, ciddi xeyir yoxdur, başladılar yonca əkməyə. Burada məcburiyyətdən söhbət gedə bilməz, fermer istəyir ki, gördüyü işdən xeyir götürsün.
O ki qaldı aqrar sektora dövlət dəstəyinə, deyərdim ki, Azərbaycanda bu sahəyə verilən dəstək heç bir ölkədə yoxdur. Məsələn, adi bir misal çəkim. Biz türkiyəli həmkarlarımıza deyəndə ki, Azərbaycanda fermerə heç bir təmənna olmadan subsidiya verilir, onlar təəccüb qalırlar. Sadəcə, bizdə çatışmayan institusional səviyyədə dəstəkdir. Dövlət tərəfindən infrastruktur yaradılıb, amma onun içində çalışan əqli mülkiyyət yoxdur ki, fermeri yönləndirsin. Yəni, fermer başsız qalıb, nəyi bacarır onu əkir. Amma Türkiyədə subsidiya kartı olmasa da, misal üçün, hər bir fermer qeydiyyatdadır. Hər bir fermerin telefonuna mütəmadi olaraq aqrotexniki qulluqla, gübrələrin verilməsi ilə bağlı təlimat xarakterli sms göndərilir. Biz fermerə maliyyə dəstəyi versək də, bu kimi məsələlərdə “axsayırıq” .