Yazını böyüt
Yazını kiçilt
"Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatı 727 milyon dolları keçib və bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 45 faiz artım deməkdir".
Hafta.az-ın yazdığına görə, bu sözləri məşhur iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qeyri-neft ixracatında diqqət çəkən əsas məqamlardan biri uzun müddət enerjidənkənar ixracda birinci olan Rusiyanın xüsusi çəkisinin azalmasıdır.
Qeyd edək ki, ötən il ümumi 2,7 milyard dollarlıq qeyri-neft ixracatımızın 32,3 faizi Rusiyanın payına düşürdü. Xaricə neftdənkənar göndərdiyimiz hər 3 məhsuldan 1-ni alan şimal qonşumuz kənd təsərrüfatı və bir sıra sənaye mallarının əsas alıcısı idi.
"Artıq qeyri-neft ixracatımızın strukturu dəyişməkdədir. Bu ilin ilk rübündə Azərbaycanın qeyri-neft ixracatında Türkiyə birinci yerdədir. Bu müddətdə Türkiyəyə 255,2 milyon dollarlıq qeyri-neft məhsulu göndərilib. Rusiyaya isə cəmi 149,4 milyon dollar neftdənkənar məhsul göndərilib. Qardaş Türkiyəyə göndərdiyimiz qeyri-neft məhsulunun həcmi Rusiya ilə müqayisədə 1,7 dəfə çoxdur. Bu müddətdə qeyri-neft məhsullarının 47,4 milyon dolları Gürcüstan, 33,3 milyon dolları İsveçrə, 28,9 milyon dolları isə ABŞ-a ixrac olunub" deyən millət vəkili əlavə edib ki, 2022-ci ilin mart ayında da qeyri-neft sektoru üzrə ən çox mal ixrac edilən ölkələrin siyahısında Türkiyə (101,9 milyon dollar) birinci olub. Bu siyahıda Rusiya ikinci (30,4 milyon dollar) və Gürcüstan üçüncü (19,3 milyon dollar) olub.
V.Bayramov bildirib ki, Türkiyənin qeyri-neft ixracatımızda önə çıxması qardaş ölkəyə göndərdiyimiz məhsulların müqayisəli şəkildə daha çox şaxələndirilməsi ilə bağlıdır. Təbii ki, Rusiya-Ukrayna müharibəsi kontekstində şimal qonşumuzla ticarət əlaqələrinin əvvəlki illə müqayisədə azalacağı istisna edilmirdi. Türkiyənin hər zaman öndə olması isə sevindiricidir.