Azərbaycanın taxıl sınağı - Aktual

11:46 31.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində dünya bazarında buğdanın qiyməti sürətlə bahalaşır. Qeyd edək ki, dünyada buğda ixracının 29 faizi məhz Rusiya və Ukraynanın payına düşür. Azərbaycanın isə buğda idxal etdiyi əsas ölkə Rusiya, Ukrayna və Qazaxıstandır.

Düzdür, Rusiyada müharibə getməsə də, rəsmi Moskvaya tətbiq olunan beynəlxalq sanksiyalar bu ölkəni ixracatla bağlı bəzi məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qoyub. Ukraynadakı vəziyyətdə də hər kəsə məlumdur. Yəni buğda aldığımız iki ölkə hazırda müharibə şəraitindədir.

Ekspertlər hesab edirlər ki, Azərbaycanın taxılla bağlı ehtiyatları bir müddət daxili bazarda taxılın qiymətinin saxlanılması üçün istifadə oluna bilər. Lakin Azərbaycan üçün indiki şəraitdə ən optimal variant alternativ bazarlar axtarmaqdır. Bundan əlavə, artıq sosial şəbəkələrdə yaxın zamanlarda çörəyin qiymətinin yenidən iki dəfəyə qədər arta biləcəyinə dair iddialar var. 

Bu arada Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ötən gün keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsinin buğda ixracına məhdudiyyəti müvəqqəti xarakter daşıyır:

"Biz bu məsələ üzərində işləyirik. Bundan başqa, Azərbaycandan Rusiyaya və əks istiqamətdə dəmir və avtomobil yolları ilə yük tədarükü həcminin artırılması planlaşdırılır. Həmçinin, dəniz nəqliyyatı vasitəsilə ticarət dövriyyəsinin genişləndirilməsi planlaşdırılır".

Bəs, görəsən, əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə buğdaya olan tələbatımızı necə ödəyə bilərik? Azərbaycan hansı alternativ bazarlara üz tuta bilər? Mövcud vəziyyət çörəyin, ümumilikdə un və un məmulatlarının qiymətində yenidən artıma səbəb ola bilərmi?

Mövzu ilə bağlı hafta.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, mövcud vəziyyətlə bağlı Ukraynadan yükdaşımalar demək olar ki, dayanıb:

“Həm də böyük ehtimalla bu ölkədə 2022-ci ildə əkin-biçin işləri həyata keçirilməyəcək. Təbii ki, Ukrayna dünya taxıl ixracının 8 faizinə qədər payına malik olduğundan ölkədə baş verənlər bazara təsir etməli idi. Rusiya məsələsinə gəlincə, biz bu ölkədən idxalı dayandırmamışıq. Ümumiyyətlə, Rusiya ixracı tamamilə dayandırmayıb. Rusiya Avrasiya İqtisadi Birliyinin üzvlərinə 30 iyuna qədər ixracı dayandırıb. Bunu da onunla izah edib ki, Avrasiya İqtisadi Birlyinin üzvü olan ölkələr kifayət qədər taxıl ehtiyatı toplayıblar. Biz həmin birliyin üzvü deyilik. Rusiya bizim taxıl idxalında əsas ölkələrdən biridir. Yəni, biz ötən il 1,4 milyon ton taxıl ehtiyatı tədarük etmişik ki, onun təqribən 790-800 min tonunu Rusiyadan almışıq. Rusiyadan taxıl almağa davam edəcəyik. Ancaq istənilən halda Ukraynanın sıradan çıxması, Rusiyanın taxıl istehsalını azaltması dünya bazarında qiymətlərə təsir göstərəcək. Biz alternativ bazarlar tapa bilərikmi? Dünyada taxıl hasilatı Çində, Hindistanda, Amerikada, Brazliyada da var. Ancaq onların daxili bazarında tələbat böyükdür. Eyni zamanda, tutaq ki, Hindistandan taxıl gətirmək istəyəcəyiksə, burda bahalaşma ciddi olacaq. Məsələ ondan ibarətdir ki, Rusiya ilə Azərbaycan arasında dəmiryolu xətti var. Yəni, daşımacılığın mayası ucuz başa gəlir. Əgər biz Rusiyadan deyil, başqa yerdən taxıl alacağıqsa, avtomatik olaraq qiymətlər bahalaşacaq. Ümumiyyətlə isə baş verən proseslər qiymət artımını labüd edir”

X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək: “Ukrayna və Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub. Bu liman vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən qədər ucuzlaşma qeydə alına bilər”.

İqtisadçı onu da qeyd edib ki, buğdanın qiymətinin kəskin artması un və un məmulatlarının da qiymətində öz əksini tapa bilər: “Bahalaşmış un, buğda qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik”.

Məsələyə münasibət bildirən Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyinin sədri Akif Nəsirli isə hafta.az-a açıqlamasında deyib ki, Azərbaycana idxal olunan taxılın 82 faizi Rusiyadan gətirilir:

“Əslində dünya təcrübəsində belədir ki, nə qədər baha olsa belə idxal şaxələndirilməlidir. Biz isə strateji məhsulun idxalını bir ölkə üzərində fokuslamışıq. Bu, anormallıqdır. Sabah Rusiya bizə taxıl verməsə, yaxud Rusiya taxıl zəmilərini sel bassa, digər mənbələr tapılınca bir-iki ay ciddi sıxıntılar ola bilər. Düzdür, Rusiya bizə hamıdan ucuz taxıl satır. Hesab edirəm ki, ölkələr arasında bu barədə siyasi razılaşma var. Hazırda Rusiyadan idxal olunan taxılın bir tonu 295 dollara başa gəlir. Amma dünya bazarında taxılın hazırda qiyməti 340-360 dollar civarında dəyişir. Biz Qazaxıstandan 270 dollara da hazırda buğda idxal edə bilərik. Əslində indiyə qədər fors-major halları nəzərə almalı idik. Və çalışmaq lazım idi ki, ölkənin daxili strateji məhsulunun idxalı 30 faizdən yuxarı keçməsin. Artıq biz bu səhvi buraxmışıq. Bundan sonra ölkənin ərzaq təhlükəsizliyinin təmiantı üçün idxal minimuma endirilməlidir və idxal özü də şaxələndirilməlidir”.

Ekspert hesab edir ki, buğdanın ölkə daxilində istehsalını artırmaq üçün potensialı reallaşdırmaq lazımdır: “Azərbaycanda hazırda 600 min hektardan çox buğda əkilir, amma məhsuldarlıq, təxminən, 30 sentinerdir. Məhsuldarlığı kənd təsərrüfatının inkişafının intensiv üsulu ilə 30 sentinerdən 50 sentinerə qədər artıra bilsək, yerli tələbatı da ödəyə bilərik, ixrac üçün də müəyyən miqdarda buğda qala bilər. 50 sentiner fantastik rəqəm sayılmır. Hazırda elə ölkələr var ki, orada 60-65 sentiner ərzaq buğdası əldə edilir. Məsələn, Ukrayna, Qazaxıstan, Kanada, Rusiya da belə məhsuldarlığa nail olmaq mümkündür. Bizdə hazırda ərzaq buğdası zəmilərinin sahəsinin genişləndirmə imkanımız da var. İşğaldan azad olunmuş ərazilərdə 200 min hektar taxıl əkmək olar. Bu da taxıl zəmilərinin 25 faiz genişləndirilməsi deməkdir. Yəni potensial var. Sadəcə olaraq, bu potensialı reallaşdırmaqdan ötrü kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Bu, o qədər də mürəkkəb məsələ deyil”.

A.Nəsirli fermerlərə subsidiyaların verilməsindən, xərclənməsi zamanı baş verən neqativ hallara da toxunub: “Subsidiyalar fermerlərə çatmır. Həm subsidiyaların həcmi azdır, həm də subsidiyaları oğurlayırlar. Ərzaq buğdası kənd təsərrüfatı məhsulları içərisində pambıqdan sonra ən çox subsidiyalaşdırılan məhsuldur. Amma məsələ burasındadır ki, son 20 ildə biz bir addım da qabağa gedə bilməmişik. Bizim fermer təsərrüfatı yaradan məmurlarımız var ki, onlar gedib rayonların birində 50-100 hektar taxıl əkirlər, amma statistika verirlər ki, min hektar taxıl əkmişik. Min hektarın subsidiyasını onlar alır. Beləcə də real olaraq buğda əkənlər subsidiyanı ala bilmirlər. Çünki həmin adamlar gedib boş torpaq sahələrini icarəyə götürürlər, icarə haqqı verirlər, torpağı icarəyə verən subsidiyanı özü alır, fermerə subsidiya çatmır. Həqiqi mənada oğurlayırlar. Başqa bir məsələ isə subsidiyaların nağdlaşdırması məsələsidir. Subsidiyaların yalnız 25 faizini nağdlaşdırmaq mümkündür, onun 75 faizini kartla xərcləməlisən. Sən gübrəni, toxumu yalnız filankəsdən almalısan.Yəni fermeri təhkim eləyirlər, fermerin seçim imkanlarını məhdudlaşdırırlar. Ona görə də gedib ən keyfiyyətsiz gübrəni, yemləmə maddələrini, toxumu gətirirlər. Bunun nəticəsində də məhsuldarlıq orta göstərici ilə 30 sentinerə düşüb. Bundan başqa da torpağa aqrotexnik qulluq məsələsi var, fermerlərin bu qulluğa imkanı yoxdur”.