Bir müddət əvvəl ABŞ-ın yanvarın 20-də fəaliyyətə başlayacaq yeni prezidenti Co Bayden milliyətcə erməni Hayk Hacnazaryanı Ağ Evin regional kommunikasiya departamentinin rəhbəri təyin edib. Livanlı erməni Hayk Hacnazaryan bu təyinatdan əvvəl Baydenin Qərbi Pensilvaniyadakı seçki kampaniyasının mətbuat katibi olub. Ondan əvvəl isə senator Joe Donnellinin mətubat katibi vəzifəsini icra edib. Dünən isə daha bir erməni Ağ Evdə məsul vəzifəyə təyinat alıb.
Bu kimi təyinatların davamlı ola biləcəyini nəzərə alan ekspertlər ABŞ-dakı Azərbaycan diasporunun fəal olmasını qaçılmaz hesab edir. 30 ildən çox müstəqillik qazanan Azərbaycanın ABŞ-dakı diasporunun Konqresdə və yaxud Ağ evdə hər hansı bir nümayəndə ilə iştirak edə bilməməsi mübahisəli məqamlardan biri kimi təhlil olunur.
Co Bayden siyasətini təhlil edən ekspertlər belə hesab edirlər ki, yeni prezident özündən əvvəl olan prezidentlər kimi ətrafına tanıdığı adamları toplayacaq. Həmin adamlar isə vitse-prezident dönəmində rəsmi vəzifədə olan şəxslərdir ki, Bayden onların bir çoxuna etibar edir.
Məsələ ilə bağlı hafta.az-a danışan siyasi ekspert Elxan Şahinoğlu bildirib ki, Co Bayden konqresmen olanda erməni lobbisi ilə sıx əlaqələrə malik idi. O, həm də 1990-cı illərin əvvələrində Azərbaycana qarşı ədalətsiz 907-ci düzəlişin müəlliflərindən biridir. Belə olan halda Bayden Ağ Evə gəlirsə erməni lobbisi ilə olan əlaqələrini də özü ilə daşıyacaq. Hətta artıq bir neçə nəfəri də özünün yaxın ətrafına təyin edib.
Politoloq bildirib ki, Bayden indiki halda Ağ Evdə ciddi struktur qurub və kadrların toplanmasına çalışır. Bunun üçün də ona peşəkar, işini düzgün görən adamlar lazımdır.
“Düşünürəm ki, konqresmen olduğu dövrdən fərqli olaraq Bayden prezidentliyi dönəmində dövlət maraqlarından çıxış edəcək. Bayden ölkəsinin təhlükəsizliyini düşünməlidir, bu isə ölkəsinin Cənubi Qafqazla əməkdaşlığını diqtə edir”.
E.Şahinoğlu azərbaycanlıların ABŞ-da hər hansı bir vəzifəyə keçə bilməməyinin obyektiv və subyektiv səbəblərini önə çəkib.
“Obyektiv səbəblərdən biri budur ki, Amerikada yaşayan azərbaycanlıların sayı, ermənilərin sayından kifayət qədər azdır. İkinci səbəb odur ki, azərbaycanlılar Avropada, Amerikada nə qədər yaxşı həyat qursalar da, siyasətdə fəal deyillər”.
Politoloqun sözlərinə görə, hətta ABŞ-da azərbaycanlıların sayı çox olsa da, keçmişdə ermənipərəst bir konqresmenin hər hansı azərbaycanlıya Ağ Evdə mühüm bir vəzifə verəcəyi inandırıcı görünmür.
“Amma bu bizə əsas vermir ki, bu istiqamətdə heç bir iş görməyək. Fəaliyyətimizi artırmalı, diasporamızı gücləndirməliyik. Bu məsələdə Disaspora işi üzrə Dövlət Komitəsinin üzərinə mühüm işlər düşür. Azərbaycanlılar siyasi fəallığı nəinki Amerikada, Fransada digər ölkələrdə artırmalıdır. Yoxsa hər dəfə erməni əsillilərin xaricdə mühüm vəzifələrə təyin olunacağının şahidi olacağıq”.
Azərbaycan Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, ABŞ-da kimin prezident olmasından asılı olmayaraq, həmişə orda ermənilərdən yana münasibət sərgilənib.
“Ermənilərin siyasi arenada təsiri çoxdur, diasporası güclü işləyir. Burda ən əsası Amerikanı idarə edən zehniyyətin ermənilərə xüsusi münasibəti dayanır”.
T.Rüstəmxanlı bildirib ki, Azərbaycan, eləcə də Türkiyə türklərinin xarici ölkələrdə yüksək vəzifələrə təyin olunmamaları, heç də o demək deyil ki, onların qabiliyyəti ermənilərdən aşağıdır, idarəçilikdə zəifdirlər.
“Bizim soydaşlarımız ABŞ-da siyasi təşkilatlarda təmsil olunurlar. Amma yüksək postlara qədər gedib çıxa bilmirlər. Bu da yenə də əks münasibətlə bağlıdır. Buna baxmayaraq, işləmək, təşkilatlanmaq lazımdır. Amerkanın siyasətini müəyyən edən təşkilatlarda təmsil olunmaq lazımdır”.
Politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-da 600 min erməni var və onlar ən inkişaf etmiş şəhərlərdə kompakt şəkildə yaşayır bir-birinə dəstək verərək, siyasi proseslərdə, ölkənin idarəçiliyində yaxından iştirak edirlər.
“Xaricdə yaşayan azərbaycanlılar isə, Rusiya nümunəsində olduğu kimi daha çox ticarətlə məşğul olur, siyasətlə maraqlanmırlar. Azərbaycanlılar Konqres, Ağ Ev kimi yerlərdə fəaliyyət göstərməsi üçün birinci növbədə siyasətə qoşulmalı, siyasi partiyalarda təmsil olunmalı, seçki prosesində iştirak etməlidirlər.
Politoloq bildirib ki, hazırda Azərbaycanda yeni nəsil formalaşır. Xüsusən, Amerikada təhsil alan gəncləri ölkənin siyasi həyatına cəlb etmək lazımdır.
“Təşkilatlanmaq lazımdır. Öz qınına qapılıb qalmaqla hər hansı bir işi görmək mümkün deyil. Bunun üçün də xarici ölkələrdə olan diasporalarımız inkişaf etməli, bu istiqamətdə səriştələrini artırmalıdır”.