“Nağdsız ödəniş sisteminə keçid sərnişinlər üçün xeyli üstünlük yaradır. Yeni texnologiyaların tətbiqi hər zaman müəyyən vaxt tələb edib. Ödəniş zamanı yaranan problemlər daha çox internet şəbəkəsinin zəifliyindən asılı olur. Bilirik ki, ödəniş terminallarının birbaşa olaraq internetə çıxışı olmalıdır".
Bu fikirləri hafta.az-a nəqliyyat eksperti Aslan Əsədov deyib. Onun sözlərinə görə, bu istiqamətdə yaranmış narahatlıqlar tədricən aradan qaldırılacaq:
"Digər narazılıq isə aparatların azlığından qaynaqlanır. Mütəmadi olaraq dövlət, şəhər nəqliyyat sisteminə çox böyük investisiya ayırırır. Onun tətbiqi, formalaşması yenə də zamanla bağlıdır. Ödəniş terminalları istismara veriləndə daha çox əhalinin sıx olduğu ərazilərdə tətbiq olundu. İndi şəhərətrafı ərazilərdə ödəniş terminallarının azlığı müşahidə olunur. Güman edirəm, belə problemlər yaxın zamanlarda öz həllini tapar. Şəxsi müşahidəmə əsasən onu deyə bilərəm ki, şəhər mərkəzində fəaliyyət göstərən marşrut xətlərinin 90%-i kart sistemi ilə fəaliyyət göstərir. Burada problem şəhərətrafı ərazilər üzrə hərəkət edən marşrut sistemlərindədir. Nəzərə alsaq ki, hazırda sərnişindaşımada “BakuBas” və digər özəl şirkətlər fəaliyyət göstərir, bu zaman həmin şirkətlərin kart sisteminə keçidi iki yolla - dövlət hesabına yaxud şəxsi maliyyə vəsaiti əsasında baş tutur”.
A.Əsədovun sözlərinə görə, hazırda pandemiya olmasaydı, bu tip məsələlər də narahatlıq doğurmazdı. Bundan başqa, paytaxt ərazisində sərnişindaşımada yaranmış bütün problemlərin kökündə dayanan əsas məsələ metronun fəaliyyətinin dayandırılmasıdır:
“Sadalanan problemlərin həlli zaman tələb edir. Ümidvaram ki, BNA ödəniş sistemində yaranan narahatlıqları yaxın zamanlarda aradan qaldıracaq. Son olaraq onu da vurğulayım ki, hazırda paytaxt ərazisində sərnişindaşımada yaranmış narahatlıqların başlıca səbəbi metronun fəaliyyət göstərməməsidir. Ümumiyyətlə, Bakıda sərnişindaşıma, demək olar ki, 3 əsas sistem - metro, avtobus və taksi üzərində qurulub. Bizdə şəhər nəqliyyatı şaxələnməyib. Buna görə də sıxlıq yaranan kimi, bir sıra problem ortaya çıxır. Metronun bir vaqonunun tutumu 5 avtobus sərnişini daşımağa qadirdir. Bunu da nəzərə alsaq, onda 5 dəqiqəlik interval üzrə hərəkət edən bir metro 20-25 marşrutun sərnişinini daşıyır. Metronun yenidən fəaliyyəti yaranmış problemlərin həllində ən real çıxış yoludur. Təklif etmişdim ki, metro açılsın və sərnişin içəri nəzarət əsasında buraxılsın. Hər halda, metroya nəzarət marşrutdan daha rahatdır”.