Kreditlərin illik faiz dərəcələrinin yüksək olması zaman-zaman mətbuatda gündəmə gətirilən və həll olunmayan problemlərdən birinə çevrilib. Məsələ ilə bağlı bu günə qədər müxtəlif təkliflər səsləndirilsə də, təəssüflər olsun ki, ciddi addım atılmayıb. Üstəlik, kredit verən qurumlar, yəni banklar yüksək faiz dərəcəsinə baxmayaraq gəlirlərinin aşağı olmasından gileylənirlər.
Ölkəmizdə kredit faizlərinin aşağı salınmasında əsas maneə nədir? Bunun üçün hansı işlər görülməlidir?
Ötən həftə Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında maliyyə sisteminin yenilənməsi, o cümlədən bank faizlərində dəyişikliklərlə bağlı qanunvericilik bazasının hazırlandığını diqqətə çatdırıb.
Hafta.az-a açıqlama verən maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov kredit faizlərinin yüksək olmasına səbəb olan 3 əsas amildən söz açdı.
Ekspertin sözlərinə görə, banklarda kredit fazilərinin aşağı salınması üçün ilk növbədə qoyulan əmanətlərin faizləri endirilməlidir:
“Bu gün Azərbaycanda Əmanətlərin Sığortalanması Fondunun qərarına əsasən qorunan əmanət faizi 12%-dir. 12%-lə əmanət qəbul edən bank necə aşağı faizlə kredit versin? Ona görə də kredit faizlərinin aşağı salınması üçün qorunan əmanətlərlə bağlı qərar olmalıdır”.
Ə.Həsənov problemin həm də Mərkəzi Bankla əlaqələndirib:
“Mərkəzi Bank uçot dərəcəsi ilə bütün banklara bərabər şəkildə kreditlər verməlidir, ancaq vermir. Bu gün Mərkəzi Bankın kreditləri qeyri-şəffafdır. O, istədiyi banka kredit verir, istədiyi banka isə vermir. Mərkəzi Bankın uçot dərəcəsi 7,75%-dir. Prinsipcə bu, ucuz kreditdir, amma hər banka çatmır. Hər bank bu krediti ala bilsə, təbii ki, onlar arasında rəqabət olacaq və faizlər aşağı düşəcək. Bu barədə də qərar olmalı və Mərkəzi Banka müvafiq tapşırıq verilməlidir”.
Müsahibimizin sadaladığı amillərdən üçüncüsü isə məhkəmə sistemi ilə bağlıdır:
“Banklar bilirlər ki, onlar verdiyi kreditlərlə bağlı problemlərlə qarşılaşacaqlar. Vətəndaş krediti ödəməyəcək, iş məhkəməyə qədər uzanacaq. Beləliklə, problemli kreditlərlə bağlı vəkilə və s. əlavə xərclər çıxacaq. Ona görə də banklar bütün bu məsrəfləri öncədən nəzərə alıb, verdiyi kreditin üzərinə faiz şəklində əlavə edir”.
Qeyd edək ki, hazırda banklarda nağd kreditlər üzrə faiz dərəcəsi ortalama 15-25 faiz arasında dəyişir. Bu rəqəmlər Avropa ölkələri ilə müqayisədə dəfələrlə çoxdur.