Rusiya-Ukrayna müharibəsi dünyanın nəqliyyat-logistika marşrutunu ciddi şəkildə dəyişib. Mövcud vəziyyətlə əlaqədar artıq bir neçə ölkə yükdaşımalarda alternativ yollar axtarır.
Xatırladaq ki, Avropa İttifaqı Rusiyaya qarşı sayca beşinci sanksiya paketi üzərində müzakirələri başa çatdırıb. Aprelin 9-dan qüvvəyə minən yeni sanksiyalar çərçivəsində Rusiyaya məxsus, yaxud bu ölkənin operatorları tərəfindən idarə olunan gəmilərin Aİ yurisdiksiyasında olan limanlara girişi qadağan olunub. Eyni zamanda, Rusiya və Belarusa məxsus avtomobil nəqliyyatının birlik ölkələri ərazisində hərəkəti də məhdudlaşdırılıb.
“Err” nəşrinin məlumatına görə Rusiya və Belarusdan gələn 152 yük maşını AB-nin yeni sanksiyaları səbəbindən Latviya sərhədindən buraxılmayıb. Latviya Sərhəd Xidmətinin rəsmisi Andrey Vayvars məsələ ilə bağlı deyib ki, aprelin 9-dan sanksiyalar qüvvəyə mindiyi üçün Rusiya və Belarus nömrəli yük maşınlarının Avropa Birliyinin sərhədlərini keçməsi qadağan edilib.
Azərbaycan əsas tranzit məkan olacaq
Beləliklə, Aİ-nin yeni sanksiyalarından sonra Rusiya Avropa istiqamətində dəniz və avtomobil nəqliyyatı ilə yükdaşımaların mühüm hissəsindən məhrum olub. Bu isə şimal qonşumuzu Asiya istiqamətindən yüklərin Azərbaycan üzərindən keçən marşrutla nəqlini artırmağa sövq edir. Bir neçə gün öncə Azərbaycan-Rusiya sərhədində Yaraq-Qazmalar buraxılış məntəqəsinin ərazisində gündəlik ötürücülük gücü 100 yük maşını olan yeni hərəkət zolağı istifadəyə verilib. Rusiya Gömrük Xidmətinin məlumatına görə, bu məntəqədə gündəlik tələbat 500-550 yük maşınına çatır: “Antirusiya sanksiyaları və Rusiya Federasiyasının Avropa ölkələri ilə yük nəqliyyatı əlaqəsinin bloklanması şəraitində Şimal-Cənub nəqliyyat dəhlizinin ölkəmiz üçün əhəmiyyəti artır. Yaraq-Qazmalar Rusiya-Azərbaycan sərhədində ən böyük və ən çox yüklənən buraxılış məntəqəsidir. İran, Türkiyə və Azərbaycandan Rusiyaya yüklərin, xüsusilə də təzə tərəvəzin çatdırılmasında fasiləsizliyin təmin olunması onun fəaliyyətindən birbaşa asılıdır”.
Ümumilikdə, yaranmış vəziyyətlə əlaqədar Azərbaycan üzərindən yükdaşımalar Avropa üçün xüsusi maraq doğurmağa başlayıb. Bu fonda Çindən gələn yüklərin daha çox Azərbaycan üzərindən Avropaya nəqli gözlənilir. Əks istiqamətdə də yükdaşımalarda yenə Azərbaycan əsas tranzit məkan olacaq. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu fonda daha işlək hala gələcək. Onu da qeyd edək ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat marşrutları arasında ən mühümüdür. Belə ki, ölkəmizin ərazisindən keçən digər nəqliyyat marşrutları ilə müqayisədə dəmir yolu ilə konteyner yükdaşımaları ən çox bu marşrut vasitəsilə həyata keçirir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Azərbaycan ərazisindən keçməklə 2021-ci ildə əsasən 12 istiqamətdə həyata keçirilmiş yükdaşımaların strukturunda 1-ci yerdə Çin-Türkiyə, 2-ci yerdə Qazaxıstan-Türkiyə, 3-cü yerdə isə Gürcüstan-Qazaxıstan istiqamətidir. Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur. Bu günlərdə isə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TBNM) inkişaf etdirmək məqsədilə Qazaxıstan, Azərbaycan və Gürcüstan tariflərin müəyyən edilməsi, yük bəyannaməsi və tranzit yüklərin konsolidasiyası ilə bağlı məsələləri həll edəcək birgə müəssisənin yaradılması barədə razılığa gəlib. Bütün bunlar fonunda ekspertlər hesab edir ki, “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizləri, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tiflis-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası, İranla reallaşdırılan Cənubi Zəngəzur dəhlizi, perspektivdə Ermənistan ərazisindən keçəcək Qərbi Zəngəzur dəhlizi Azərbaycanı tranzit mərkəzinə çevirməklə yanaşı, yük daşımaları sahəsində potensialı olan ölkələrə ucuz və qısa zamanda daşıma imkanları təqdim edir. Bu amillərin nəticəsidir ki, indi dünyada Azərbaycan əlverişli biznes məkanı kimi qəbul olunur. Beynəlxalq nəqliyyat və kommunikasiya layihələrinin həyata keçirilməsi isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməklə yanaşı, dünyada ölkəmizin cəlbediciliyini və rəqabət qabiliyyətini daha da artırır. Artıq Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinin inkişafına böyük töhfələr verir.
“Şərq-Qərb” dəhlizi vasitəsilə daşınan yüklərin həcmində artım olacaq
Mövzu ilə bağlı hafta.az-a danışan millət vəkili Vüqar Bayramov deyib ki, bütövlükdə Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımların olacağı gözlənilir:
“Nəzərə alsaq ki, Rusiyaya qarşı sanksiyalar fonunda xüsusən də bu ölkədən yükdaşımaların həcmində kəskin azalmalar müşahidə olunacaq. Eyni zamanda, İrana qarşı da sanksiyalar mövcuddur. Və praktik olaraq bu da Cənubi Qafqazın, xüsusən də Azərbaycanın beynəlxalq yükdaşımalar baxımdan əhəmiyyətini daha da artırır. Gözlənilir ki, mövcud vəziyyət xüsusən “Şərq-Qərb” nəqliyyat dəhlizi vasitəsilə Azərbaycan üzərindən daşınan yüklərin həcminin artmasına gətirib çıxaracaq. Pandemiyadan əvvəlki ildə Azərbaycan üzərindən xüsusən də qeyri-neft sektoru üzrə daşınan yüklərin həcmində 65 faiz artım qeydə alınmışdı. Və bu artım nəticə etibarilə ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaratmışdı. Bu baxımdan beynəlxalq yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunda əsas gəlir mənbələrindən biri kimi xarakterizə olunur. Və gözlənilir ki, növbəti dövrdə də, yəni, yeni düzən konteksində Azərbaycan üzərindən daşınan yüklərin həcmində artımlar olacaq. Nəzərə alsaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı İran üzərindən quru nəqliyyatı birləşdirəcək. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı da müzakirələr davam edir. Təbii ki, dəhlizlərin istifadəyə verilməsi də region, eləcə də Azərbaycan üzərindən daşınan yüklərin həcmində kəskin artımlara gətirib çıxaracaq. Bu da Azərbaycanın valyuta gəlirlərinin artmasına xidmət edəcək”.
Rusiyaya tətbiq edilən sanksiyalar Qafqazın rolunu artırır
Məsələ ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı ekspert Xalid Kərimli də hesab edir ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda Qafqazın dünyada rolu artır:
“Əslində Rusiya və Ukrayna arasındakı münaqişə ölkəmiz üçün heç də yaxşı hal deyil. Nəzərə alsaq ki, Azərbaycanın hər iki ölkə ilə ciddi ticarət əlaqələri var. Bizim Rusiya ilə ümumi ticarət dövriyyəmiz 2,8 milyard dollar, Ukrayna ilə 900 milyon dollardır. Yəni, bu münaqişənin neqativ tərəfləri çoxdur, yükdaşımaların yönü dəyişdiyinə görə ticarətə ciddi təsir göstərir, nəticədə xüsusən ərzaq qiymətləri sürətlə artır. Ancaq bunun pozitiv tərəfləri də var. Biz uzun müddət idi ki, Böyük İpək Yolundan danışırdıq. Çindən, Mərkəzi Asiyadan Azərbaycan üzərindən keçməklə Türkiyəyə, Avropaya malların ixracı məsələsi müzakirə olunurdu. Belə demək mümkündürsə, Rusiyaya tətbiq edilən sanksiyalar Qafqazın rolunu artırır. Yəni, bu yeni imkanlar deməkdir. Hazırda Azərbaycan bu istiqamətdə müəyyən işlər görüb, həm yol, həm dəmir yolu, həm də boru nəqliyyatının qurulması istiqamətində bizim ciddi addımlarımız və investisiyalarımız var. Avropanın Rusiyadan hər hansı əlaqədən yayınması Azərbaycanın, xüsusən də Zəngəzur dəhlizinin rolunu artırır. Təbii ki, ölkəmiz çalışıb yaranmış imkanlardan diqqətlə faydalanmalıdır. Biz ölkə olaraq Zəngəzur dəhlizinin qurulması üçün bütün siyasi, iqtisadi təzyiqləri, təsirləri, xərcləmələri həyata keçiririk. Ümumi şəkildə Mərkəzi Asiyanın enerji layihələrinin Azərbaycan üzərindən keçirməklə Avropaya ixraçında rol oynaya biləcək Nabukko layihəsi də gündəmə gəlir. Bu isə böyük tranzit əhəmiyyət yaradır”.