Birrəqəmli inflyasiya - Realdırmı?

10:58 28.10.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin sentyabr ayına nisbətən 103,5 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 faiz, qeyri-qida məhsulları üzrə 101,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-sentyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib.

Sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyü, mal və qoyun əti, kolbasa məmulatları, kərə yağı, yumurta, şaftal, qoz, şabalı, pomidor, şirin bibər, badımcan və süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Ötən ay qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz olub. Qeyri-qida mallarından daha çox artım inşaat materiallarının və zərgərlik məmulatlarının qiymətlərində müşahidə edilib. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ekspertlər bildirirlər ki, inflyasiyanın azalması cari ilin əvvəlindən davamlı prosesə çevrilib. Qlobal əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını məhdudlaşdırmaqla inflyasiyaya azaldıcı təsir göstərir.

Bəs, görəsən, ilin sonuna doğru inflyasiya hansı formada inkişaf edəcək? İnflyasiyanı birrəqəmli həddə saxlamaq mümkün olacaqmı? 

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov deyib ki, bu ilin inflyasiya səviyyəsi birrəqəmli həddi keçməyəcək: “İlin başa çatmasına 2 aydan bir az artıq vaxt qalır. Müşahidələr göstərir ki, hökumətin inflyasiya proqnozu özünü doğruldacaq. Bu da ondan irəli gəlir ki, artıq ötən ildən pandemiya dövründən etibarən dünya bazarında müşahidə olunan qiymət artımı səngiməyə başlayıb. Bunu nəzərə alan hökümət bu il üzrə inflyasiya baxımından ciddi təhlükə gözləmirdi. Ona görə də 4-5 faizlik inflyasiya proqnoz edilirdi. İl sonuna kimi inflyasiya təxminən elə bu civarda olacaq. Amma növbəti illərdə vəziyyətin necə olacağı Azərbaycandan kənarda baş verən proseslərdən asılı olacaq. Çünki ölkəmiz idxaldan asılı vəziyyətdə olduğundan hər şey daha çox xarici təsirlərdən qaynaqlanır. Ölkədə qiymətlərin sabit qalmasını istəyiriksə, yerli istehsal genişləndirilməli, maya dəyəri aşağı salınmalı və inhisarçılıq aradan qaldırılmalıdır”.

Ekspert, həmçinin Azərbaycanın xarici ticarət dövriyyəsinin azaldığı qeyd edərək deyib ki, bu tendensiya davam edərsə, ölkəmiz gələcəkdə bəzi problemlərlə üzləşə bilər: “Keçən ildən etibarən ölkəmizin xarici ticarət dövriyyəsi azalır, idxal-ixrac əməliyyatlarının həcmi dəyişir - müsbət saldo enir. Səbəb təkcə, neft-qaz sektoruna deyil, qeyri neft-qaz məhsullarına aid məhsulların ixracının və dəyərinin də azalmasındadır. Belə ki, iqtisadiyyatımızda birtərəfli inkişafa son qoymaq üçün prioritet seçdiyimiz hətta qeyri-neft-qaz sektoru üzrə də ixracımız cari il ərzində azalma nümayiş etdirib və etdirir. Bu isə yaxşı tendensiya deyil. Üstəgəl, neft hasilatımız da azalır və qaz üzrə isə gəlirlilik neftdə olduğu kimi hesab edilmir. Və nəhayət, dünya bazarlarında neftin qiymətinə dair proqnozlar da yaxşı deyil. Düzdür, qiymət səviyyəsi 50 ABŞ dolları həndəvərində olarsa belə bu, bizim üçün təhlükəli sayılmır. Hər halda, neftin 60 ABŞ dollarından aşağı olması bizim üçün sərfəli deyil və bunun özü də uzun müddət davam etməməlidir. Yəni, nə qədər ki, qeyri neft-qaz ixracından əldə etdiyimiz dollarlar bizi qane etməyəcək, manatın məzənnəsini neftin qiyməti uzun müddət lap 50 dollar olsa da belə sabit saxlamaq mümkün olmayacaq. Odur ki, manatın məzənnəsi, ümumiyyətlə valyuta bazarımız barədə açıqlanan və irəli sürülən proqnozlar nisbi xarakter daşıyır və hər şey ölkəyə daxil olan və ölkədən çıxan dollarlardan asılıdır”.

P.Heydərov deyib ki, ölkənin real iqtisadi vəziyyətini müəyyən edən əsas amillərdən biri onun tədiyə balansı sayılır: “Yəni ölkədən çıxan valyuta həcmi ilə ölkəyə daxil olan valyuta həcmi arasında mövcud nisbət nəzərə tutulur. Dövlətin gəliri və çıxarı onun valyuta gəlirləri, valyuta xərcləri ilə ölçülür. Bunlar arasında nisbət pozulanda yəni ölkədən daha çox valyuta çıxıb, ondan aşağı səviyyədə valyuta daxil olanda bu həmin ölkənin iqtisadiyyatında müvazinəti pozur. Maliyyə sabitliyinə ölkənin milli pul vahidinin dəyəri üçün böyük bir təhlükə yaradır və nəticədə dövlət büdcəsindən hətta sosial xərcləri belə ödəmək üçün imkanlar daralır. Yəni hər bir ölkənin iqtisadi qabiliyyəti gücü onun məhz xarici valyuta üzrə gəlir və çıxarı ilə mövcud maliyyə ehtiyatları sahəsində ki, mövqeyi ilə imkanları ilə ölçülür. Son vaxtlar statistikaya əsasən, ölkədən çıxan xarici valyutanın həcmi getdikcə daha çox artır. Yəni bunların artım sürəti arasında balans pozulub, disbalans yaranıb. Ölkədən çıxan valyuta həcmi artan tempi getdikcə daha sürətlə yüksəlir, dinamika nümayiş etdirir, ölkəyə daxil olan valyuta isə bizi qarşıda böyük təhlükələrlə üzləşdirə bilər. Onsuz da xarici ticarət dövriyyəmiz azalmaqdadır və ixracımız həm neft hasilatının azalması ilə bağlı, həm qlobal bazardakı mövcud qiymətlərlə əlaqədar və s. ilə bağlı enir, əvəzində idxal həcmi genişlənir. Bu da deməkdir ki, getdikcə bizim valyuta gəlirlərimiz azalır. Ölkəyə idxal genişlənirsə, ölkədən valyuta çıxarışının həcmi artır. Bu tendensiya çox təhlükəli tendensiyadır. Əgər vaxtında bunun qarşısı alınmasa, arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Onun sözlərinə görə, bu səbəbdən ölkə Prezidentin sentyabrın sonunda keçirdiyi müşavirədə verdiyi əsas tapşırıqlardan biri məhz valyuta çıxışının həcmində olan artımın nəzarətə götürülməsi olub: “Həmin müşavirədə əsas tapşırıqlarından biri ondan ibarət olmuşdu ki, statistikaya əsasən ölkədən valyuta çıxarışının həcmində olan artım yəni genişlənmə nəzarətə götürülsün və ixrac etdiyimiz məhsullar üzrə qazandığımız xarici valyuta ölkəyə gətirilsin. Bu da tez bir zamanda həyata keçirilsin. O, cümlədən ölkədən lüzumsuz kapital ixracı, yəni valyuta çıxışı məhdudlaşdırılsın. Əgər bunun qarşısını qısa müddət ərzində almaq mümkün olarsa, yəni hökumətin keçirdiyi iqtisadi şöbənin son iclasında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi nəticəsində buna nail olunarsa ən əsası, ölkə iqtisadiyyatını qarşıda gözləyən bir sıra çətinliklərdən və böhrandan xilas olunacağı deməkdir. Əks təqdirdə, bunu nəzarətsiz buraxmaq devalvasiya kimi arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.

Mövzu ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli bildirir ki, yay aylarında ölkədə müəyyən xidmət və məhsulların qiymətində artım baş verib: “Bunun təsirlərini qarşıdakı 2 ayda daha yaxından hiss edəcəyik. Ümumiyyətlə, il sonuna kimi inflyasiyada artım müşahidə oluna bilər. Digər istiqamətlərdə də məhsulların bahalaşması davam edə bilər. Hesab edirəm ki, ilin sonunadək real inflyasiya 6-7 faiz arasında qərarlaşacaq”.