Qazaxıstanlı rejissor Daniyar Salamatın çəkdiyi “Boşanma” qazax filmi 26-cı Şanxay Beynəlxalq Film Festivalının baş mükafatı olan “Qızıl kubok”u alıb. Bu filmdə baş rolu canlandıran Əmirə Ömərova isə “Ən yaxşı qadın rolu” mükafatına layiq görülüb.
Hafta.az-ın yazdığına hörə, filmin süjeti 1920-ci illərdə çöldə cərəyan edir. Film qadınların ailə vəziyyətinin dəyişməsi və onların cəmiyyətdəki rolu kimi mövzulardan bəhs edir.
Münsiflər heyətinin üzvləri filmi yüksək qiymətləndirib, komediya və faciənin vəhdəti, sosial reallıqların və böhranlı dövrlərdə nikah münasibətlərinin məharətlə əks etdirilməsi onlarda heyranlıq yaradıb.
“Hər bir aktyor belə festivalda iştirak etmək arzusundadır və əlbəttə ki, mükafat almaq böyük xoşbəxtlikdir”, - deyə Əmirə Ömərova qeyd edib.
Rejissor Daniyar Salamat da öz növbəsində bu filmi ərsəyə gətirmək üçün 10 il lazım olduğunu bildirib. O, ümid edir ki, film qadınların ictimai həyatda dəyişən rolunu tamaşaçılara göstərməkdə uğur qazanıb.
İlk dəfə 1993-cü ildə keçirilən Şanxay Beynəlxalq Film Festivalı, şəhəri beynəlxalq mədəniyyət mərkəzinə çevirmək üçün Şanxay hakimiyyət orqanları tərəfindən təşkil edilən tanınmış qlobal film tədbiridir.