Bu, siyasi böhran yaşayan rejimlərin klassik davranışıdır - Rəy

15:43 05.03.2026
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanı münaqişəyə cəlb etməklə müharibənin coğrafiyasını genişləndirmək cəhdidir”

"İranın müharibə şəraitində olduğu bir dövrdə Naxçıvana hava hücumu və ya hərbi təhdid xarakterli addımlar atması təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu cür addımlar daha çox daxili siyasi böhran yaşayan rejimlərin klassik davranış modelinə uyğundur”.

Bu fikirləri Hafta.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Onun sözlərinə görə, tarix göstərir ki, hakimiyyət daxilində zəifləmə və legitimlik böhranı yarandıqda bəzi rejimlər diqqəti daxili problemlərdən yayındırmaq üçün xarici gərginlik yaratmağa çalışırlar.

Ekspert qeyd edib ki, hazırkı mərhələdə Iran ciddi hərbi hücümlarla və siyasi təzyiqlərlə üzləşib. ABŞ və İsraillə artan qarşıdurma fonunda müharibə, həmçinin ölkə daxilində sosial narazılıqlar İran hakimiyyətinin dayanıqlığı ilə bağlı sualları artırır. Belə bir şəraitdə Tehranın aqressiv ritorikaya və riskli addımlara meyl etməsi təsadüfi deyil:

"Naxçıvan istiqamətinin seçilməsi isə ayrıca geosiyasi məna daşıyır. Naxçıvan həm strateji coğrafi mövqeyə malikdir, həm də Azərbacan ilə Türkiyə arasında mühüm geosiyasi bağlantı rolunu oynayır. Düşünürəm ki, bu bölgədə gərginlik yaratmaq Tehran üçün bir neçə məqsədə xidmət edə bilər. Əvvəla, İran regionda diqqəti öz böhranından yayındırmağa, Cənubi Azərbaycanlılarla Azərbaycan arasında münasibətləri gərginləşdirərək regionda yeni təhlükəsizlik gündəmi formalaşdırmaq niyyəti güdə bilər. Digər tərəfdən, daha təhlükəli ssenari isə Azərbaycanı münaqişəyə cəlb etməklə müharibənin coğrafiyasını genişləndirmək cəhdi ola bilər”.

B.Quliyev eyni zamanda bildirib ki, belə bir ssenari İran hakimiyyətinin zəiflədiyi və molla rejiminin gələcəyi ilə bağlı qeyri-müəyyənliyin artdığı bir dövrdə xüsusilə risklidir. Çünki siyasi dayaqları sarsılan rejimlər bəzən radikal addımlarla vəziyyəti dəyişmək və ya regional böhran yaratmaq yolu ilə öz mövqelərini qorumağa çalışırlar:

“Lakin nəzərə almaq lazımdır ki, Azərbaycan regionda balanslı və praqmatik siyasət yürüdən dövlətdir. Azərbaycan üçün əsas prioritet regionda sabitliyin qorunması və təhlükəsizlik risklərinin genişmiqyaslı münaqişəyə çevrilməsinin qarşısını almaqdır. Bu baxımdan Azərbaycan mümkün təxribatlara qarşı həm diplomatik, həm də təhlükəsizlik baxımından hazırlıqlı mövqe nümayiş etdirir. Hesab edirəm ki, Naxçıvan istiqamətində baş verən gərginlik epizodları təkcə lokal hadisə deyil. Bu, İran daxilində dərinləşən siyasi böhranın və regionda dəyişməkdə olan geosiyasi balansın bir əlaməti kimi qiymətləndirilməlidir. İran rejiminin gələcəyi ilə bağlı qeyri-müəyyənlik isə Yaxın Şərq və Cənubi Qafqaz üçün yeni təhlükəsizlik ssenarilərini gündəmə gətirə bilər".

Tahirə Qafarlı