"İdmanla birləş, hərəkətlə yaşa" şüarı altında keçirilən 2026-cı il Əbu-Dabi Masters Oyunları bu gün başlayacaq. 10 günlük tədbirdə hər yaşda və cinsdə 25 mindən çox idmançı iştirak edəcək.
Hafta.az yazır ki, idmançılar 25 fərqli məkanda keçirilən 38 idman növündə yarışacaqlar. Açılış mərasimi bu gün – fevralın 6-da Zayed Sports City-də keçiriləcək. Mərasimdə Birləşmiş Ərəb Əmirliklərinin idman irsini və dözümlülük mədəniyyətini əks etdirən vizual nümayiş olacaq.
Bağlanış mərasimi fevralın 15-də Surf Abu Dabi-də keçiriləcək. Mərasimdə ən yaxşı idmançılar mükafatlandırılacaq və məşəl növbəti ev sahibi şəhərə ötürüləcək.
2026-cı il Əbu-Dabi Masters Oyunlarında futbol, basketbol, voleybol, tennis və üzgüçülük də daxil olmaqla 38 idman növü olacaq. Cüdo, triatlon və xokkey kimi idman növlərindən əlavə, proqrama Birləşmiş Ərəb Əmirliklərinə xas olan ənənəvi idman növləri də daxil ediləcək. Əlilliyi olan insanlar üçün idmana xüsusi diqqət yetirilən tədbir, cəmiyyətin bütün təbəqələrini əhatə edən inklüziv idman festivalı olmağı hədəfləyir.