Bu gün - dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) işçiləri peşə bayramlarını qeyd edirlər. Bu nazirlik yarandığı gündən ölkədə əhalinin təhlükəsizliyinin təmin olunması, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması, yanğınların söndürülməsi, partlayıcı maddələrin zərərsizləşdirilməsi və xilasetmə əməliyyatlarının həyata keçirilməsi istiqamətində mühüm fəaliyyət göstərir. FHN-in əməkdaşları istənilən hava şəraitində, gecə-gündüz demədən, yüksək risk altında xidmət aparırlar. Onlar zəlzələlər, sel və daşqınlar, yol-nəqliyyat hadisələri, uçqunlar, qaz partlayışları zamanı insan həyatını xilas etmək üçün operativ şəkildə hadisə yerinə cəlb olunurlar. Bu peşə yalnız fiziki hazırlıq deyil, eyni zamanda, güclü psixoloji dözümlülük, cəsarət və vətənpərvərlik tələb edir.
Hafta.az FHN işçilərinin peşə bayramı günü münasibətilə azertag-ın hazırladığı reportajı təqdim edir.
İlk ünvanımız FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsi oldu. Burada təhlükə ilə üz-üzə qalan, lakin insan həyatını hər şeydən üstün tutan xilasedicilərin gündəlik fəaliyyəti ilə tanış olduq.

Artıq 19 ildir ki, FHN-in sıralarında xilasedici kimi xidmət edən Kəmalə Qəhrəmanova bu sahədə öz izini qoymuş peşəkarlardandır. O, FHN-də çalışan ilk qadın xilasedici olmaqla yanaşı, eyni zamanda, bu çətin və riskli peşədə qadın iradəsinin, cəsarətinin və dözümlülüyünün bariz nümunəsidir. Kəmalə xanımın xilasedicilik yolunu seçməsi təsadüfi deyil, həyatının keçdiyi çətin mərhələlərin məntiqi davamıdır. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Kəmalə Qəhrəmanova həmin illərin ona təkcə döyüş təcrübəsi deyil, həm də insan talelərinə qarşı daha həssas yanaşma, məsuliyyət və möhkəm xarakter qazandırdığını deyir:
“Müharibə insanı həm ruhən, həm də psixoloji cəhətdən yetişdirir. Orada öyrəndim ki, hər an qərar vermək, qorxmamaq və başqaları üçün məsuliyyət daşımaq lazımdır. FHN-ə işə qəbul elanını eşidəndə sanki içimdən bir səs dedi ki, bu peşə mənim yolumdur. 2007-ci ildə sənədlərimi təqdim etdim və həmin gündən bu şərəfli xidmətə başladım”.

Xidmət müddətində o, təbii fəlakətlərdən tutmuş ağır yol-nəqliyyat hadisələrinə, partlayışlara və dağıntılara qədər saysız-hesabsız xilasetmə əməliyyatlarında iştirak edib. Kəmalə xanım bildirir ki, xilasedicilik yalnız fiziki güc və texniki bacarıqla ölçülmür, bu peşə böyük psixoloji dözümlülük və güclü iradə tələb edir:
“Hadisə yerinə daxil olanda insanın qarşısına çox ağır mənzərələr çıxır. Bunlardan təsirlənməmək mümkün deyil. Amma biz emosiyalarımızı idarə etməyə, soyuqqanlı olmağa öyrənmişik. Çalışıram ki, ağır xatirələri yaddaşımdan silim, daha çox sonu xoş bitən hadisələri xatırlayım. Xüsusilə uşaqlarla bağlı xilasetmə əməliyyatları mənim üçün tamamilə fərqlidir”.
Onun sözlərinə görə, dağıntılar altından sağ çıxarılan hər bir uşaq yeni həyat deməkdir:
“Bir uşağı xilas etmək təkcə bir insanı deyil, bütöv ailəni sevindirməkdir. Dağıntılar altından bir uşağı sağ çıxarmaq, onun nəfəs aldığını görmək insana yaşadığı bütün çətinlikləri unutdurur. Həmin anlarda hiss etdiyim duyğuları sözlə ifadə etmək isə çox çətindir”.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Ehtiyat xilasedicilər dəstəsinin Ehtiyatlı xilasetmə qrupunun rəisi Rəfail Nuriyev də bu çətin, lakin şərəfli peşəyə həyatını həsr edən xilasedicilərdəndir. Artıq 20 ilə yaxındır ki, FHN-də xidmət edən Rəfail Nuriyev deyir ki, xilasedicilik daimi hazırlıq, nizam-intizam və fədakarlıq tələb edir:
“Bizim xilasedicilər istənilən hava şəraitində - istər şaxtalı qış günlərində, istərsə də yayın qızmar istisində hər gün təlimlər keçirik. Çünki fövqəladə hadisələr vaxt və şərait seçmir. Biz hər an çağırışa hazır olmalıyıq”.
Onun sözlərinə görə, bu peşəni seçən hər kəs onu ürəkdən sevməli və daşıdığı məsuliyyəti dərk etməlidir:
“Mən özümdən sonra bu yolu seçən gənclərə həmişə deyirəm ki, bu peşəni sevərək, qürurla icra edin. Çünki bizim işimiz birbaşa insan həyatı ilə bağlıdır. Burada laqeydliyə yer yoxdur”.

Rəfail Nuriyev illər əvvəl baş verən və yaddaşına dərin iz salan yol-nəqliyyat hadisəsini xüsusilə xatırlayır. Qatarla avtomobilin toqquşması nəticəsində ata və iki övladının avtomobildə sıxışıb qaldığı həmin hadisədə xilasedicilərin operativ müdaxiləsi faciənin qarşısını alıb:
“Hadisə yerinə çatanda vəziyyət çox ağır idi. Maşın deformasiyaya uğramışdı, içəridə insanlar sıxışıb qalmışdılar. Bütün gücümüzü səfərbər edərək ata və iki övladını xilas etdik. Həmin ailənin sağaldıqdan sonra gəlib, bizə təşəkkür etməsi, gözlərindəki sevinc və minnətdarlıq mənim üçün ən böyük mükafat oldu. Onların dediyi bir “sağ olun” mənim bütün xidmət illərimə bərabər idi. Bu cür hadisələr insanı seçdiyi peşə ilə daha da qürurlandırır və doğru yolda olduğunu göstərir”.
Daha sonra FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə üz tutduq. Burada fövqəladə hallarda insan həyatının xilas edilməsində mühüm rol oynayan xilasedici itlərin gündəlik fəaliyyəti, onların təlim prosesi və əməliyyatlara hazırlıq mərhələləri ilə yaxından tanış olduq. İlk baxışdan sakit və itaətkar görünən bu itlər fövqəladə hadisə zamanı peşəkar xilasedici qədər məsuliyyət daşıyırlar.

Kinoloji taborun kinoloji qrupunun rəisi kapitan Aslan Orucov bildirdi ki, taborun fəaliyyəti bir neçə mühüm istiqaməti əhatə edir və hər bir istiqamət üzrə xüsusi təlim keçmiş itlər cəlb olunur:
“Kinoloji taborumuz, əsasən, beş istiqamət üzrə fəaliyyət göstərir. Bunlara canlı insan axtarışı, cəsəd axtarışı, partlayıcı maddələrin aşkarlanması, mühafizə xidməti və xüsusi tapşırıqlar daxildir. Hər bir istiqamət üzrə itlər fərqli metodlarla hazırlanır və xüsusi bacarıqlara yiyələndirilir”.
Kapitanın sözlərinə görə, xilasedici itlərin hazırlanması çox erkən yaşdan başlanır və bu proses uzunmüddətli, mərhələli şəkildə aparılır:
“İtlərimiz 2 aylığından təlimə cəlb olunur. Onlara fərdi təlimçilər təhkim edilir və 7–8 aylığına qədər intensiv məşqlər keçirilir. Bu müddətdə itlərin fiziki hazırlığı, itaətkarlığı və diqqət toplama bacarığı formalaşdırılır. Ən vacib mərhələlərdən biri isə sosiallaşmadır. Çünki hadisə yerlərində müxtəlif səslər, izdiham, texnika və stres faktorları olur. Sosiallaşmış itlər bu mühitdə daha rahat işləyir”.

Aslan Orucov qeyd edib ki, itlərin hansı sahəyə daha uyğun olduğu da məhz bu mərhələdə müəyyən edilir və onlar gələcək xidmət istiqamətlərinə uyğun ixtisaslaşdırılır. Hazırda kinoloji taborun itləri yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də xilasetmə əməliyyatlarında uğurla iştirak edir:
“İşğaldan azad edilmiş ərazilərdə mina axtarışlarında kinoloji itlərimizdən aktiv şəkildə istifadə olunur. Onlar minaların və partlayıcı maddələrin aşkarlanmasında olduqca effektivdir. Eyni zamanda, Türkiyənin Hatay bölgəsində baş verən dağıdıcı zəlzələ zamanı Azərbaycan xilasedici itləri axtarış-xilasetmə əməliyyatlarında yaxından iştirak edərək öz peşəkarlıqlarını bir daha sübut ediblər”.

Xidmətin Pirotexnik və istehkam hazırlıq şöbəsinin rəisinin baş köməkçisi kapitan Anar Bayramov isə mina təmizləmə qruplarının fəaliyyəti və onların istifadə etdiyi texniki vasitələr barədə ətraflı məlumat verdi. Onun sözlərinə görə, çevik mina təmizləmə qrupları ölkə ərazisində aşkar edilən müxtəlif növ partlayıcı maddələrin operativ və təhlükəsiz şəkildə zərərsizləşdirilməsini həyata keçirir:
“Minatəmizləmə qruplarımız daxil olan məlumat əsasında dərhal hadisə yerinə cəlb olunur. Əsas məqsədimiz əhalinin təhlükəsizliyini təmin etmək və mümkün risklərin qarşısını vaxtında almaqdır. Həmçinin bu prosesdə müasir texniki avadanlıqlar xüsusi rol oynayır. Bizim ixtiyarımızda “Viktoriya” markalı xüsusi konteynerlər, partlayıcı maddələrin məsafədən zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş “Vanquard” robotu, MAN TGM 13.240 4x4 markalı xüsusi təyinatlı avtomobillər və digər müasir texniki vasitələr mövcuddur. Bu texnika əməkdaşlarımızın təhlükəsizliyini maksimum səviyyədə təmin edir və əməliyyatların daha dəqiq icrasına imkan yaradır”.

Xatırladaq ki, Prezident İlham Əliyev 2005-ci il dekabrın 16-da FHN-in yaradılması haqqında Sərəncam imzalayıb. FHN-in əməkdaşları builki peşə bayramlarını isə xüsusi əhvali-ruhiyyədə qeyd edirlər. Nazirliyin əməkdaşları ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələri yüksək keyfiyyətlə, operativ və sədaqətlə icra etməyə hər an hazırdır. Yanğın alovlarının içində, dağıntıların altında, mina təhlükəsi olan ərazilərdə, sel və daşqınlarda ilk olaraq məhz xilasedicilər görünürlər. Onlar təhlükənin ölçüsünü deyil, xilas ediləcək həyatın dəyərini düşünürlər.
Peşə bayramı münasibətilə riskin qarşısında sinəsini sipər edən, gecə-gündüz demədən xidmət aparan bütün xilasediciləri, yanğınsöndürənləri, pirotexnikləri, kinoloqları və bu şərəfli missiyaya xidmət edən hər bir FHN əməkdaşını təbrik edirik.