Bu yay Türkiyə ilə Rusiya arasında həftədə 1200 uçuş həyata keçiriləcək

12:28 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya və Türkiyə bu yay iki ölkə arasında uçuşların sayını 50 faiz artırmaq barədə razılığa gəliblər. “İzvestiya” qəzeti yazır ki, iyun-avqust ayları arasında həftədə 1200 uçuş olacaq.

Hafta.az-ın yazdığına görə, ötən yay iki ölkə arasında uçuşların sayı həftədə cəmi 750-850-yə yüksəlmişdi. Bildirilir ki, bu yay Rusiya aviaşirkətləri 750, türk şirkətləri isə 400 uçuş təşkil edəcək.

"Aeroflot"un birbaşa uçuşlar həyata keçirəcəyi şəhərlər isə İstanbul, Antalya, Bodrum, Dalaman və İzmir olacaq. Şirkət mayın 27-dən etibarən ilk dəfə İzmirə uçacaq.

“Aeroflot”dan əlavə “Rossiya”, “Pobeda”, “S7”, “Utair”, “Azimut” və “Red Wings” şirkətlərinin Türkiyənin müxtəlif bölgələrindəki istirahət mərkəzlərinə uçuşlar təşkil edəcəyi öyrənilib.

“İzvestiya”ya danışan Türkiyənin Moskvadakı səfirliyinin turizm attaşesi İlkər Özkan bu il 6 milyon rus turisti qəbul etməyə hazırlaşdıqlarını bildirib.

Sənaye mütəxəssisləri bu qənaətdədirlər ki, uçuşların sayının artması ilə aviabiletlərin qiyməti də aşağı düşəcək. OneTwoTrip-in açıqladığı məlumatlara görə, yaz-yay mövsümlərində Rusiya ilə Türkiyə arasında gediş-gəliş aviabiletlərinin qiyməti ötən illə müqayisədə 47,4 faiz aşağı olacaq. Biletin orta qiyməti 21 min rubl (272 dollar) təşkil edir.