COVID pasportu müəmması - Aktual

13:44 10.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Xəstəliyi siptomsuz və ya yüngül keçirənlərin bu sənədi əldə etməsi necə tənzimlənəcək?

Məlum olduğu kimi, bu gündən ölkədə COVID-19 pasportunun tətbiqinə başlanılır. Belə ki, Operativ Qərargahın elan etdiyi qaydalara əsasən, iyunun 10-dan Azərbaycanda idman zalları və su hovuzları açılır. Sözügedən obyektlərin xidmətindən yalnız COVID-19 pasportu olanlar, yəni vaksinasiyadan keçənlər və ya immunitet sənədi olanlar istifadə edə biləcəklər. İyulun 1-dən etibarən isə COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunacaq. Nəzərdə tutulan qaydalara riayət etməyən qurumlar cəzalandırılacaqlar.

Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı açıqlamaya görə, COVID-19 pasportunun iki növü var. Bunlardan biri “COVID-19 vaksin sertifikatı”,digəri isə “COVID-19 immunitet sertifikatı”dır. “COVID-19 vaksin sertifikatı” COVID-19 xəstəliyi əleyhinə vaksinasiya olunanlara (iki dozada), “COVID-19 immunitet sertifikatı” isə xəstəliyə yoluxub sağalmış şəxslərə verilir. Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində E-xidmətlər bölməsinin “Şəxsi Kabinetə giriş” (https://kabinet.its.gov.az/az/index) altbölməsi seçilməlidir. Bu bölmə “MyGov” portalına da inteqrasiya edilib.

Burada “ASAN Login” sisteminə istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçdikdən sonra açılan pəncərədə “Digər xidmətlər” bölməsi seçilməlidir.“Digər xidmətlər” bölməsi seçildikdə ekranda “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” seçimləri əks olunur.

Əgər vətəndaş vaksin olunubsa, “COVID-19 vaksin sertifikatı” seçimini etməlidir. Xəstəliyə yoluxub sağalmış şəxs isə “COVID-19 immunitet sertifikatı” seçimini etməlidir. Bu zaman təqdim olunan COVID-19 pasportunu elektron formatda yükləmək, eləcə də çap versiyada əldə etmək olar. Qeyd edək ki, COVID-19 pasportunun doğruluğunun sənəddə əks olunan “QR Code” vasitəsilə yoxlanılması da mümkündür. Vətəndaşlar COVID-19 pasportunu “E-Təbib” mobil tətbiqi vasitəsilə də əldə edə bilərlər.

Təbii ki, Agentliyin bu açıqlamasından sonra hər kəsi haqlı olaraq bir sual düşündürməyə başladı. Bəs, xəstəliyi simptomsuz və ya yüngül keçirənlərin, yaxud da peyvənd vurdurmağa əks göstərişi olan insanların aqibəti necə olacaq? Onlara COVID-19 pasportunun və ya immunitet sertifikatının verilməsi necə tənzimlənəcək? Axı, bu insanların əksəriyyəti xəstəliyi simptomsuz və ya yüngül keçirdiklərindən COVID-19 testi verməyiblər. Yeri gəlmişkən, dünənə olan məlumata görə, ölkədə COVID-19-a yoluxanların rəsmi sayı 334 min 917 nəfərdir. İndiyədək  3 milyon 589 min 231 test aparılıb. Təxminən, 1,5 miyon nəfərin isə xəstəliyi siptomsuz və ya yüngül keçirdiyindən rəsmi qeydiyyatdan kənarda qaldığı güman edilir. 

Tanınmış jurnalist Səadət Məmmədova sosial şəbəkədə koronavirusu keçirib müvafiq qurumun sisteminə adı düşməyən insanların vaksin vurdurmaqla bağlı problemindən yazıb. Jurnalist bildirib ki, COVID əleyhinə vaksin dövriyyəyə buraxılanda deyildi ki, koronavirusa yoluxmuş şəxslərə 6 aydan sonra peyvənd vurulmalıdır. İndi də COVID-19 pasportu zərurəti yaranıb.

“Bu pasport yalnız peyvənd vurduranlara və koronavirusa yoluxub TƏBİB-in sisteminə qeydiyyata düşənlərə verilir. Axı çox adam virusa yoluxub, simptomsuz və ya yüngül keçirib. Qızdırması olmadığına və ya 38-dən aşağı olduğuna görə təcili yardım və ya poliklinika ondan analiz götürməyib. Hamımız bilirik ki, təcili yardım ancaq qızdırması 38-dən yuxarı olanlardan gəlib yaxma götürürdü. Əgər sən xəstəliyi yüngül və ya simptomsuz keçirirsənsə, virusa yoluxub- yoluxmadığını bilmək üçün mütləq özəl laboratoriyada pullu test verməlisən. Bunun da qiyməti 90 manatdan başlayır. Axı hamının bu testi vermək imkanı yoxdur.

Kimlərinsə xəstəliyi yüngül keçirdiyi üçün və testə verməyə əlavə pulu olmadığı üçün TƏBİB sistemindən kənar qalması onun problemi hesab olunmamalıdır. TƏBİB və Səhiyyə Nazirliyi işini elə qurmalı idi ki, hamıdan test götürülsün, təkcə qızdırması 38-dən yuxarı olanlardan yox.

İndi belə vəziyyət yaranıb ki, immun analizi verib xəstəliyi keçirdiyini sübut edən sənəd təqdim edəndə həmin sistemə daxil etmirlər. Nəticədə pasportsuz qalırsan”.

S. Məmmədova vurğulayıb ki, bu kimi hallarda işlərini itirməmək üçün vaksin vurduran şəxslərdə problem yaranarsa, məsuliyyəti kimin daşıması sual altında qalır:“İnsan 2 ay əvvəl yüngül formada xəstəlik keçirib, amma test götürülmədiyi üçün rəsmi orqanın sisteminə düşməyib, indi iş yeri ondan pasport tələb edir. Bu adam da xəstəliyi təzə keçirdiyinə görə vaksin vurdurmağa qorxur. Dünən TƏBİB rəsmisi Vasif doktor dedi ki, immun analizi ilə pasport verilməyəcək. Bəs bu adamlar (onların sayı çoxdur) nə etməlidir? İşlərini itirməmək üçün vaksin vurdurmaq məcburiyyətindədirlər. Onlara 6 aydan tez vurulacaq vaksin problem yaradarsa, məsuliyyəti kim daşıyacaq? Məncə, bu kateqoriyadan olan insanlarla bağlı hər hansı bir qərar qəbul edilməlidir”.

S. Məmmədovanın sözügedən statusuna cavab olaraq TƏBİB-in mətbuat katibi Elnarə Baxışova bildirib ki, antitel olduğu təqdirdə vaksinin vurulması tibbi cəhətdən əks-göstəriş hesab edilmir: “Yəni, narahatlığa əsas yoxdur”. 

TƏBİB rəsmisi, həmçinin qeyd edib ki, bu məsələ ilə bağlı qərarlar TƏBİB tərəfindən verilmir.

Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyi isə birmənalı şəkildə bəyan edib ki, koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə COVID-19 pasportu ala bilməzlər. Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə bildirib ki, COVID-19 pasportu yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, COVID-19 sertifikatı isə peyvənd vurduran şəxslərə verilir”.

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti, infeksionist Könül Cəfərova hesab edir ki, vətəndaşlara həm də antitel testi əsasında COVID-19 pasportu verilməlidir: “Bəzi insanlar var ki, xəstəliyi ya simptomsuz, ya da yüngül keçirib. Bilirik ki, temperaturu 38 dərəcədən aşağı olan insanlardan yaxma götürülmürdü. Hər vətəndaşın da imkanı yox idi ki, COVID-in simptomunu özündə müşahidə edəndə gedib özəl klinikada test versin. Bu xəstəlikdən şübhələnənlər təkcə özləri deyil, həm də ailə üzvləri test verməli idilər. Ona görə də həmin insanlar məcbur idilər ki, evdə qalıb müalicələrini aparsınlar. Həmin insanların qanında 3 aydan sonra antitellər yaranır. Biz norma olaraq 7-10 götürürük, əgər antitellər 10-dan yuxarıdırsa, deməli, həmin insanlar virusu keçiriblər. Biz bu insanlara 1 il müddətində peyvənd vurmağın tərəfdarı deyilik. Yəni, bir il müddətində həmin şəxsdə vaksin aparılmamalıdır. Həmin şəxsə COVİD-19 pasportu verməliyik. Digər məsələ peyvəndə əks-göstərişi olan insanlardır. Onkoloji xəstələrdən kimyaterapiya alan xəstələrə, allergiyası olanlara peyvənd olmaz. Bunu allerqoloqla məsləhətləşmək lazımdır. Əgər allerqoloq müsbət rəy verərsə, peyvənd vurmaq mümkündür. Mütəxəssis mənfi rəy verdiyi halda isə bu insalarla bağlı xususi reystr yaradılmalı və onların dəqiq sayı müəyyən olumalıdır. Biz bu insanların hüqüqlarını pozub, ictimai mühitdən kənar tuta bilmərik. Həmin şəxslərə sadəcə tövsiyə olunmalıdır ki, özlərini qorumaq üçün üç qızıl qaydaya riayət etsinlər: maska taxsınlar, sosial məsafə saxlasınlar və spirtdən istifadə etsinlər”.

Məsələyə münasibət açıqlayan tibb elmləri doktoru, professor Adil Qeybulla isə deyir ki, ölkədə karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi epidemioloji vəziyyətə bağlıdır.

Onun sözlərinə görə, Azərbaycanda əhalinin xeyli hissəsi vaksinasiya olunub. Həmçinin çox sayda insan bu və ya digər formada xəstəliyi keçirib: “Artıq xeyli sayda insanda COVID-ə qarşı immunitet formalaşıb. Bu istiqamətdə aparılan tədbirlər öz effektivliyini göstərir. COVID pasportuna gəlincə, pasport əgər vaksinasiya olunan şəxslərə verilirsə, demək, burada immunilizasiya əsas götürülür. Nəzərə almaq lazımdır ki, bütün vaksin olunanlarda immunitet formalaşmır. Vaksinasiya 80 faiz effektivlik civarındadır. Belə halda COVID pasportu vermək tam təhlükəsizlik deyil. Ümumiyyətlə isə düşünürəm ki, antitellərin yoxlanılması əsasında COVID pasportunun verilməsi daha məqbul olar. Təklif edirəm ki, antitel, bədəndə cismlərin təyini testləri ucuz qiymətə təklif edilsin, hər kəs üçün əlçatan olsun. Xəstəlik keçirən, vaksinasiya olunan insanlar rahat şəkildə gedib bədəndəki antitelləri yoxlatdıra bilsin. Kimdə antitel testi normaldırsa, onlara COVID pasportu verilsə, daha ədalətli olar. Məncə, ictimai təhlükəsizlik üçün pasportla diskriminasiya olunmaq düzgün deyil”.

Məsələnin hüquqi tərəflərinə gəlincə, hüquqşünas Səməd Vəkilov isə deyib ki, bu məsələdə bir qədər gözləmək lazımdır:

“Məncə, burada hələ ki, məcburiyyət yoxdur. Bir qədər gözləyək görək necə olacaq. Ümumiyyətlə, mən tərəfdarıyam ki, hansısa qərarlar qəbul olunanda mütləq düşünmək lazımdır. Düzdür, COVID gözlənilməyən qlobal bir problemdir. Bu məsələdə bütün ölkələr bir-birinin təcrübəsindən yararlanırlar. Eyni zamanda, biz də müxtəlif ölkələrin təcrübəsindən istifadə edirik. Sadəcə, səbirli olmalıyıq, güman edirəm ki, vəziyyət yaxşılığa doğru inkişaf edəcək”.

Oxunma sayı 1919