Deputat: Bu, Azərbaycana arxadan vurulan zərbədir

12:51 05.03.2026
Yazını böyüt
Yazını kiçilt

İran Azərbaycanı da məsələyə qatmaq istəyir"

“Azərbaycan, ABŞ və İsrail üçün hava məkanını bağladığı təqdirdə İranın Naxçıvana dron zərbəsi endirməsi yolverilməzdir”.

Bunu Hafta.az-a açıqlamasında deputat Azər Badamov İrandan Naxçıvana endirilən bomba zərbəsi ilə bağlı bildirib.

O, hesab edir ki, bu, müharibənin arealının genişləndirilməsi istiqamətində atılan son dərəcə yanlış addımdır:

"İran Azərbaycanı da məsələyə qatmaq istəyir, bununla da müharibənin arealını genişləndirməyə çalışır. İran prosesləri bütövlükdə regiona sirayət etdirməyə çalışır ki bu, son dərəcə yanlış yanaşmadır".

Deputat xatırladıb ki, müharibə başladığı ilk anlardan etibarən Azərbaycan öz ərazisindən təhlükəsiz keçidi təmin etməyə başladı:

"Bu istiqamətdə müxtəlif dövlətlərin ali rəhbərləri səviyyəsində Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ifadə edildi. Azərbaycan Prezidenti dövlət əxlaqı göstərərək İrana başsağlığı verdi. Azərbaycan dövləti həmçinin illər ərzində açıq ifadə etdi ki, öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə icazə verməyəcək. Proseslər eskalasiya olunduğu zaman biz dərhal eyni yanaşmanı ortaya qoyduq. Azərbaycan Prezidenti dəfələrlə bildirib ki, sərhədlər boyu təhlükəsizlik ətrafında biz ciddi düşünməliyik, ciddi, düşünülmüş addımlar atmalıyıq. Bu istiqamətdə düşünürəm ki, impulsiv qərarların verilməsi son dərəcə yanlışdır və təbii ki, İranın Azərbaycan ərazisinə dron zərbəsi endirməsi son dərəcə yanlış bir qərardır. Bu, Azərbaycana arxadan vurulan zərbədir”.

Tahirə Qafarlı