Deputat: Memorialın məhz Xocalıda inşa olunması faktı çıxışın simvolik zirvəsi idi

12:37 27.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin Xocalıda Memorial Kompleksin açılış mərasimində səsləndirdiyi nitq müasir Azərbaycan tarixinin ən ağrılı səhifəsinə verilən siyasi-hüquqi qiymətin və son illərdə baş verən köklü geosiyasi dəyişikliklərin məntiqi yekunu kimi dəyərləndirilə bilər. Çıxış faktlara söykənən, ardıcıl kompozisiyaya malik və emosional yükü yüksək olan siyasi manifest təsiri bağışladı”.

Hafta.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Elnarə Akimova ölkə başçısının Xocalıda Memorial Kompleksin açılış mərasimində çıxışı ilə bağlı səsləndirib.

Deputat qeyd edib ki, dövlət başçısı 1992-ci ilin fevralında baş vermiş Xocalı hadisələrini Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi xarakterizə edərək məsuliyyətin rəsmi İrəvanın üzərində olduğunu vurğuladı. “Rəsmi statistikaya əsasən, bir gecədə 600-dən çox mülki şəxs qətlə yetirilib, onlardan 106-sı qadın, 63-ü uşaq olub, 150 nəfər isə itkin düşüb. Prezident bu rəqəmləri sadalamaqla faciənin miqyasını konkret faktlar üzərindən xatırlatdı və hadisənin təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı cinayət olduğunu bildirdi”-deyə, E.Akimova bildirib.

O, eyni zamanda çıxışın mühüm istiqamətlərindən biri kimi beynəlxalq müstəvidə aparılan informasiya və hüquqi mübarizəyə diqqət çəkib:

“Xüsusilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” kampaniyasının rolu qeyd olundu. Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə son iyirmi il ərzində müxtəlif ölkələrdə keçirilən tədbirlər, konfranslar və nəşrlər nəticəsində bir sıra dövlətlərin Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verdiyi vurğulandı. Prezident bildirdi ki, ardıcıl və sistemli fəaliyyət olmasaydı, beynəlxalq informasiya məkanında həqiqətlərin təhrif olunması riski böyük olardı.
Nitqin əsas ideya xətti “ədaləti biz özümüz təmin etdik” tezisi ətrafında qurulmuşdu. Prezident 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsini və 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirlərini işğal altında olmuş ərazilərin azad olunmasının və dövlət suverenliyinin tam bərpasının həlledici mərhələləri kimi təqdim etdi. Onun sözlərinə görə, uzun illər aparılan diplomatik fəaliyyət, iqtisadi güclənmə və müasir ordu quruculuğu hərbi qələbəni mümkün edib. Çıxışda 44 gün ərzində düşmənin məğlub edildiyi və kapitulyasiya aktına imza atdığı xatırladıldı, 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri isə ölkənin bütün ərazisində konstitusiya quruluşunun bərpası kimi dəyərləndirildi. Müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması ədalətin tamamlanması mərhələsi kimi təqdim olundu”.

E.Akimova hesab edir ki, Memorialın məhz Xocalıda inşa olunması faktı çıxışın simvolik zirvəsi idi:

"Prezident xatırlatdı ki, layihə illər əvvəl hazırlanmış, hətta Bakıda yer də seçilmişdi. Lakin yekun qərar memorialın məhz Xocalıda ucaldılması olub. Bu detal nitqə emosional çalar qatmaqla yanaşı, siyasi mesaj da verdi: tarixi yaddaş öz coğrafi məkanına qaytarılıb. Prezident həmçinin vurğuladı ki, Azərbaycan müharibə dövründə mülki əhaliyə qarşı məqsədli hücumlar həyata keçirməyib və hərbi əməliyyatları beynəlxalq humanitar hüquq çərçivəsində aparıb. Qisasın döyüş meydanında alındığını qeyd edən dövlət başçısı bu mövqeni həm daxili auditoriyaya mənəvi üstünlük mesajı, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan siyasi arqument kimi təqdim etdi. Nitqin ümumi ruhu güclü dövlət konsepsiyasına söykənirdi. Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan artıq 1990-cı illərin əvvəllərindəki zəif dövlət deyil. Güclü iqtisadiyyat, müasir silahlarla təchiz olunmuş ordu və müstəqil siyasi iradə bu gün ölkənin əsas dayaqlarıdır. Onun fikrincə, məhz bu güc faktoru regionda sülhün real təminatıdır. Beləliklə, Xocalı Memorial Kompleksinin açılışı təkcə keçmişin yad edilməsi deyil, həm də yeni siyasi reallığın təsdiqi kimi təqdim olundu. Çıxış göstərdi ki, Azərbaycan hakimiyyəti üçün Xocalı mövzusu yalnız tarixi faciə deyil, həm də dövlətçilik, suverenlik və milli həmrəylik ideologiyasının mühüm sütunudur. Xocalıda ucaldılan memorial daş və betondan ibarət bir tikili olmaqdan daha artıq məna daşıyır. O, həm faciənin unudulmaması üçün and yeridir, həm də dövlət iradəsinin, siyasi qətiyyətin və tarixi yaddaşın maddi ifadəsidir”, - deyə, deputat Prezidentin nitqinin bu məkanı siyasi-mənəvi manifest səviyyəsinə yüksəldən ideoloji çərçivəni formalaşdırdığını qeyd edib.