“Azərbaycan xalqı 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə erməni işğalçı qüvvələrinin törətdiyi cinayətlərə layiqli cavab versə də, 2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirləri ölkənin suverenliyinin tam bərpası baxımından həlledici mərhələ oldu”.
Bu fikirləri Hafta.az-a deputat Məlahət İbrahimqızı Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması və haqlarımızın qorunmasında dünya azərbaycanlılarının rolu ilə bağlı şərhində bildirib.
Deputat qeyd edib ki, şanlı Azərbaycan Ordusu keçirdiyi əməliyyat nəticəsində Xocalı soyqırımını törədən erməni separatizminə və faşist ideologiyasına son qoyaraq həmin qüvvələri tarix səhnəsindən silib.
“Bu gün həmin cinayətlərin təşkilatçılarının və törədənlərin bir qismi Azərbaycan məhkəmələri qarşısında cavab verib və qanunun ən sərt maddələri tətbiq olunub. Nə vicdansızlıq və ədalətsizlik cəzasız qala bilərdi, nə də qisas qiyamətə qala bilərdi. Xocalıya qayıdış Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin, güclü diplomatiyasının və milli iradənin təntənəsi kimi qiymətləndirilir. İşğalçı müharibələr bəşəriyyət üçün ən ağır faciələrdən biri hesab olunur və soyqırımlar insanlıq tarixində sağalmayan yaralar kimi qalır. Bu baxımdan Xocalı faciəsi də miqyasına və qəddarlığına görə Holokost və Xatın kimi dünya tarixində iz qoymuş faciələrlə müqayisə edilir. Xocalı hadisələri təsadüfi deyil, erməni millətçi dairələrinin uzun illər ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Müxtəlif dövrlərdə deportasiyalar, etnik təmizləmələr və qətliamlar bu siyasətin davamı olub”, – deputat bildirib.
M. İbrahimqızı bildirib ki, erməni tərəfi Xocalı şəhərini məqsədli şəkildə hədəf seçərək həm Qarabağda strateji mövqeni ələ keçirmək, həm də Azərbaycan xalqının müqavimət ruhunu sarsıtmaq niyyətində idi. Lakin xalqın milli birliyi və dövlətçilik iradəsi bu planların həyata keçməsinə imkan vermədi. Azərbaycan xalqı suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da möhkəmləndi və qəhrəmanlıq nümunəsi göstərdi:
“XX əsr boyunca erməni dairələrinin Osmanlı İmperiyasına və Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qanlı toqquşmalara səbəb olmuş, “dənizdən-dənizə Ermənistan” ideyası regionda gərginliyi artırmışdı. Azərbaycanlıların İrəvan, Qarabağ və digər tarixi torpaqlardan deportasiyası, 1905–1908, 1918, 1948–1953 və 1988-ci illərdə baş verən hadisələr bu siyasətin davamı kimi qiymətləndirilir. Keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə də Xocalının seçilməsi strateji məqsədlərlə bağlı idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən Xocalı soyqırımı nəticəsində 613 nəfər dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlı insanlar amansızcasına qətlə yetirilib, yüzlərlə insan yaralanıb, əsir götürülüb və itkin düşüb. Şəhərin sosial infrastrukturu, yaşayış evləri, məktəblər, mədəniyyət obyektləri və tarixi abidələr tamamilə dağıdılıb. Bu hadisə Azərbaycan xalqının tarixində ən ağır faciələrdən biri kimi yadda qalıb”.
Deputat eyni zamanda Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan edilməsinin faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində mühüm addım olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, hər il həmin gün ölkə üzrə soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə Xocalı həqiqətlərinin çatdırılması üçün ardıcıl fəaliyyət göstərir:
“Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın haqq səsi beynəlxalq arenada daha güclü şəkildə eşidilməyə başlanıb. Dünyanın müxtəlif ölkələrində Xocalı qurbanlarının xatirəsinə abidələr ucaldılıb, diaspor təşkilatlarının fəaliyyəti genişlənib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası faciənin dünya miqyasında tanıdılmasına mühüm töhfə verib.
Beynəlxalq hüquqa əsasən, soyqırımı müəyyən bir xalqın məqsədli şəkildə məhv edilməsinə yönəlmiş cinayət hesab olunur və Xocalı hadisələri də bu tərifə tam uyğun gəlir. Azərbaycan cəmiyyəti əmindir ki, zaman keçdikcə bu faciəyə beynəlxalq səviyyədə daha geniş siyasi və hüquqi qiymət veriləcək, məsul şəxslər layiqli cəzalarını alacaqlar.
2023-cü ilin antiterror tədbirlərindən sonra Xocalı, Xankəndi, Əsgəran, Ağdərə və Xocavənddə Azərbaycan bayrağının dalğalanması tarixi ədalətin bərpasının simvoluna çevrilib. Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışı təmin edilir. Bu gün Xocalı faciəsi yalnız keçmişin ağrılı xatirəsi deyil, həm də Azərbaycan dövlətinin suverenliyinin bərpasına aparan mübarizənin rəmzidir. Bu gün Xocalı həm də şanlı tariximizin “Böyük Qayıdış” kitabının qızıl hərflərlə yazılan səhifələrindən biridir”.
Tahirə Qafarlı