Azərbaycan Ermənistan qarşısında Xocalı qətliamını törətmiş şəxslərin məsuliyyətə cəlb olunması məsələsini prinsipial şəkildə qaldırmalıdır. Bu çağırış Milli Məclisin bugünkü plenar iclasında səsləndirilib.
Hafta.az xəbər verir ki, məsələ ilə bağlı çıxış edən parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev ötən gün böyük hüznlə anılan Xocalı soyqırımını yada salıb.
Deputat 34 il əvvəl Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyan rəhbərliyi dövründə erməni silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının dəstəyi ilə Xocalının dinc sakinlərinə qarşı ağır cinayətlər törətdiyini xatırladıb:
“Xocalı işğaldan azad edilsə də, həmin cinayəti törədən şəxslər cəzalandırılmayınca ədalət tam bərpa olunmuş hesab edilə bilməz. Azərbaycanın müvafiq dövlət orqanları Xocalı qətliamını törətmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün bütün hüquqi mexanizmlərdən istifadə etməlidir.”
Onun fikrincə, Azərbaycan da Ermənistan cəmiyyətinə açıq mesaj verməlidir ki, Xocalı qatillərinin yenidən hakimiyyətə gəlməsi region üçün ciddi nəticələr doğura bilər. O, revanşist qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə mümkün təxribatların qarşısının alınması məqsədilə sərhəd bölgəsində bütün qoşun növlərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsi məsələsinin nəzərdən keçirilməsini təklif edib.
Bununla yanaşı, deputat Azərbaycan iqtidarını Ermənistanda 7 iyun seçkilərinə qədər sülh prosesini davam etdirən və hazırda mürəkkəb siyasi mərhələdən keçən Baş nazir Nikol Paşinyan ilə sülh sazişinin imzalanmasına çağırıb.
O, eyni zamanda, regional təhlükəsizlik məsələlərinə də toxunaraq, Pakistana dəstək ifadə etməyin vacibliyini vurğulayıb.