Deputat: Xocalıda yalnız günahsız insanlar qətlə yetirilmədi…

13:48 25.02.2026
Yazını böyüt
Yazını kiçilt

Xocalı soyqırımının 34-cü ildönümünə təqvimlə cəmi iki gün qalır. Ölkə ictimaiyyəti xalqımızın yaşadığı bu dəhşətli faciəni bir an belə unutmayıb və bu gün də Xocalıda erməni vandalları tərəfindən törədilmiş soyqırımını böyük ağrı, sağalmayan yaraların sızıltısı ilə yad edir. Torpaqların işğaldan azad olunması, şəhidlərin əziz xatirəsi, faciə şahidlərinin səsi və iradəsi Azərbaycanı dünya birliyini erməni vandalizminə biganə qalmamağa çağırmağa sövq edir.

“Xocalıya ədalət!” çağırışına bu günün reallıqları prizmasından baxdıqda, bu şüar hansı yeni məzmunu və siyasi-hüquqi çalarları qazanır?

Bu istiqamətdə Hafta.az-a açıqlama verən deputat Elçin Mirzəbəyli Azərbaycan xalqının 34 ilin 28 ilini xalqımıza qarşı tarix boyu törədilən soyqırımı cinayətlərinin, xüsusilə də ötən əsrin sonlarından etibarən daha geniş vüsət alan dəhşətlərin doğurduğu ağrı-acı və üzərimizə dörd bir yandan yönələn haqsızlıqlara qarşı mübarizə şəraitində yaşadığını qeyd edib.

Deputat bildirib ki, işğalın yaratdığı total haqsızlığa, ədalətsizliyə və soyqırımı cinayətlərinin davam etdirilməsi perspektivinə milli iradəmizin ifadəçisi olan Ali Baş Komandanın qətiyyətli liderliyi, ordumuzun rəşadəti və Azərbaycan xalqının sarsılmaz birliyi sayəsində son qoyulub. Yorulmadan “Xocalıya ədalət!” çağırışı edən Azərbaycan tarixi ədaləti həm döyüş meydanında, həm də hüquq müstəvisində bərqərar edib.

Mirzəbəyli vurğulayıb ki, Azərbaycan xalqı təkcə soyqırımı cinayətlərini törədənləri deyil, eyni zamanda bu cinayətlərin davamlı olmasına xidmət edən ikiüzlü siyasətçiləri, onların satqın siyasi mövqelərini və manipulyativ media alətlərini də heç vaxt unutmayacaq.

O qeyd edib ki, Xocalı sadəcə anım məkanı deyil, insanlığın apokalipsis yaşadığı bir məkandır. Xocalıda yalnız günahsız insanlar qətlə yetirilməyib, bütövlükdə bəşəriyyətin yaratdığı dəyərlər, humanizm prinsipləri də gülləbaran edilib.

“Xocalı asi cəlladların edam kötüyüdür. Xocalıda Tanrıya və onun ədalətinə güllə atılıb”, – deyə o vurğulayıb.

Mirzəbəyli əlavə edib ki, Xocalıda baş verənləri hər xatırlayanda düşüncələr parçalanır, həmin müdhiş günün tam mənzərəsini yaratmaq mümkün olmur. Onun fikrincə, Xocalı soyqırımı heç vaxt bir yazıya, bir əsərə, bir filmə sığışacaq faciə deyil. Çünki qətlə yetirilən, əsir götürülən, itkin düşən insanların sayı və taleyi qədər, bəlkə də ondan daha çox süjet xətti bu soyqırımının içində mövcuddur.

“Xocalı soyqırımı statistikaya çevrilə bilməz və çevrilməməlidir. Bəşəriyyət insanlığın qətlə yetirildiyi bu kiçik məkanda baş verənlərə orada olan və həyatını itirən insanların gözü ilə baxa bildiyi zaman faciənin həqiqi miqyasını dərk edəcək”, – deyə o, fikrini tamamlayıb.

Tahirə Qafarlı