Türkiyə və Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında olsa da, Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində ikincidir. Rusiyanın ixracatda payı cəmi 3,5 faiz, ümumi ticarət dövriyyəsindəki payı 8,3 faizdir. Yəni Rusiya ilə müqaysədə Türkiyə ilə ticarət dövriyyəmiz daha böyükdür.
Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, qeyri-neft ixracatında da Türkiyənin payı, artıq Rusiyanın neftdənkənar ixracatındakı ümumi payına yaxınlaşır. Ona görə də, Türkiyə ilə xarici ticarət dövriyyəmizdə həm enerji, həm də qeyri-neft sektoru üzrə ticarət kifayət qədər böyükdür, stratejidir:
“Nəzərə alsaq ki, Türkiyə ilə ticarət dövriyyəmiz enerji sahəsi üzrədir, xüsusən mavi qaz sahəsi üzrə əməkdaşlıq var və bu da genişləndirilir. Bu baxımdan milli valyutanın məzənnəsinin dövriyyəyə təsiri cüzidir. Qeyri-neft sektoruna idxal üzrə nəzər salsaq, Türkiyə lirəsinin dəyər itirməsinə baxmayaraq, türk lirəsinn inflyasiya səviyyəsi də yüksəkdir. Nəzərə alsaq ki, ötən il Türkiyədə 98 faiz inflyasiya qeydə alınıb və rəsmi statistikaya görə, bu ilin inflyasiya səviyyəsi 40 faizdən çox olub. İdxalın da uzlaşmasına inflyasiya səviyyəsinin yüksək olması imkan vermir. Ona görə hələlik həmin ölkələrdə milli valyutaların dəyər itirməsinə baxmayaraq, sözügedən dövlətlərlə ticarət əlaqələrimizdə ciddi bir dəyişikliyin olacağı gözlənilmir. Əgər Rusiyada inflyasiya baş verməsə, Rusiyadan idxalın həcmində artımlar və idxal edilən malların manat ifadəsində qiymətin aşağı düşməsi müşahidə oluna bilər. Bu, o halda baş verə bilər ki, Rusiyada rublun məzənnəsinin aşağı düşməsi həmin ölkədə inflyasiyanı sürətləndirməsin”.