Dörd milyard dolları qaçıran "Kripto Kraliçası"ndan siqnal var

09:45 24.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kripto tarixinin ən böyük fırıldaq hadisələrindən birinə imza ataraq yoxa çıxan “Kripto Kraliçası” ləqəbli Ruja İqnatovadan illər sonra ilk siqnal gəlib.

Hafta.az-ın Daily Mail-ə istinadən yazdığına görə, Londonda İqnatovaya məxsus olduğu düşünülən dəbdəbəli mənzil satışa çıxarılıb.

2017-ci ildə OneCoin fırıldaqçılığı yolu ilə əldə etdiyi təxminən 4 milyard dollarla yoxa çıxan İqnatova FTB-nin ən çox axtardığı 10 cinayətkardan biridir və siyahıdakı yeganə qadındır. Səlahiyyətlilər həmçinin Bolqarıstanda doğulduğu öyrənilən qadınla bağlı hər hansı məlumatı paylaşan şəxsə də 100 min dollar mükafat vəd ediblər.

Londonda 4 otaqlı lüks mənzilin satış qiyməti 11 milyon funt sterlinq olaraq müəyyən edilib.

İqnatovanı təmsil edən vəkillər mənzilin satışı ilə bağlı Böyük Britaniyanın səlahiyyətli orqanlarına rəsmi müraciət ediblər. Bu sorğuda "Kripto Kraliçası" mənzilin "uzufrukt sahibi" kimi xatırlanırdı.

Xatırladaq ki, uzufrukt hüququ müəyyən bir şəxsin kağız üzərində başqasına məxsus olan əmlakdan tam istifadə etmək hüququdur.

İqnatovanın 2016-cı ildə qısa müddətə mənzildə qaldığı güman edilir. İddia olunur ki, "Kripto Kraliça" yoxa çıxandan sonra qardaşı Konstantin və ortağı Sebastyan Qrinvud vaxtaşırı mənzilə baş çəkiblər.

1980-ci ildə Bolqarıstanın Ruse şəhərində qaraçı ailəsində doğulan İqnatova 10 yaşında ailəsi ilə birlikdə Almaniyaya mühacirət edib və uşaqlığının bir hissəsini Baden-Vürtemberqdəki Şramberqdə keçirib.

Almaniya vətəndaşı İqnatova ən böyük kripto fırıldaqlarından birinə rəhbərlik etməzdən əvvəl Oksford Universitetində hüquq təhsili alıb.

Məşhur fond idarəçiliyi firması McKinsey-də də işləyən İqnatova nəhayət 2014-cü ildə OneCoin Ltd adlı bir şirkət qurub. O, bu kriptovalyuta şirkəti vasitəsilə 4 milyard dollardan çox pul yığmışdı.

Nəhayət, onun şirkəti dünyanın 100-dən çox ölkəsindən ən azı 3 milyon investora çata bilib.

İqnatova söz vermişdi ki, OneCoin kriptovalyutası mədənçilik fəaliyyəti ilə çıxarılacaq və 2019-cu ilin yanvarına qədər onun dəyəri 0,50 avrodan 29,95 avroya yüksələcək. Həmçinin bildirildi ki, OneCoin digər kriptovalyutalar kimi blokçeyn əsaslıdır. Halbuki belə bir zəncir yox idi. Beləliklə, OneCoin tokenləri əslində satılmadı və investorların pulun taleyini izləmək üçün heç bir yol yox idi. Sonradan bu layihənin əslində bir piramida sxemi olduğu anlaşıldı.

Mənzilin İqnatova ilə əlaqəsini araşdıran jurnalist Jamie Bartlettə görə, bu satış "Kripto Kraliçası"nın hələ də sağ olduğunun göstəricisidir: "Bu, onun hələ də sağ olduğunu göstərir və buna görə də son illərdə onun harada olduğuna dair həyati ipuçları olan sənədlər var".

İqnatovanın indi harada olması sirr olaraq qalır. Lakin rəsmilər onun xarici görünüşünü dəyişmək üçün plastik əməliyyat etdirmiş ola biləcəyi qənaətindədirlər. Ehtimal olunur ki, İqnativa saxta alman pasportu ilə Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Rusiya, Yunanıstan və ya digər Şərqi Avropa ölkələrinə gedib.

Təxminən 3 milyon insanın OneCoin dələduzluğunun qurbanı olduğu bildirilir.  İqnatovanın qazancının əhəmiyyətli hissəsini Dubaydan əldə etdiyi məlum olub. Hadisə ilə bağlı ilk təfərrüatlar Dubayda açılan iddianın sənədləri sızandan sonra üzə çıxıb. Sənədləri sızdıran vəkil İqnatovanı “tarixin ən uğurlu cinayətkarı” adlandırıb.