Dünya 15 yaşlı ukraynalı uşaqdan danışır - BU HƏRƏKƏTİ İLƏ MÜHARİBƏNİN TALEYİNİ DƏYİŞDİ

19:28 08.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna-Rusiya müharibəsi tam sürətlə davam edərkən, müharibənin ən kritik dövründə Ukrayna ordusunun köməyinə 15 yaşlı yeniyetmənin gəldiyi üzə çıxıb. Budur, müharibənin gedişatını dəyişən əməliyyat...

Hafta.az xəbər verir ki, fevralın 24-də başlayan müharibə tam sürətlə davam edərkən, dünya 15 yaşlı ukraynalı oğlandan danışır.

Son zamanlar ölkənin şərq rayonlarında müharibə daha da şiddətlənib. Lakin əməliyyatın ilk günündən hədəfinə Kiyevi qoyan rus ordusunun şəhəri ala bilməməsi müharibənin gedişatını dəyişdi və rusların hədəflərini şərqə çevirməsinə səbəb oldu.

Kanadada yerləşən “Global News”un xəbərinə görə, müharibənin bu ən kritik dövründə, rus qoşunlarının Kiyevə doğru irəlilədiyi bir vaxtda 15 yaşlı uşaq Ukrayna ordusunun köməyinə gəlib.

Ukraynalı yeniyetmə Andriy Pokrasa Kiyevə yaxınlaşan Rusiya karvanının yerini müəyyən etmək üçün pilotsuz uçuş aparatından (PUA) istifadə edib.

Bu məlumatı Ukrayna ordusu ilə paylaşan 15 yaşlı Pokrasa orduya rus karvanını artilleriya atəşi ilə dayandırmağa imkan verib.

Ukraynalı komandir Yuri Kasjanov “O, regionda pilotsuz təyyarələrdə təcrübəsi olan yeganə şəxs idi... O, əsl qəhrəmandır, Ukraynanın qəhrəmanıdır” deyib.

Pokrasanın verdiyi kəşfiyyat sayəsində rus karvanı Kiyevdən təxminən 60 kilometr aralıda, Berezivka yaxınlığında məhv edilib.

Pokrasa isə bunu "çox, çox qorxulu" adlandırıb və izah edib ki, o zamanlar onun əsas motivasiyasının rus əsgərləri tərəfindən şəhərini işğal etməsi olub.

“Əsas məqsədimiz dəqiq koordinatları müəyyənləşdirmək və əsgərlərə həmin koordinatları vermək idi... Mən onlara koordinatları və fotoşəkilləri verdim, sonra konvoyu hədəfə aldılar”.