Dünyada “Covid” yoluxmaları 52 faiz artıb

10:00 25.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Covid-19 hadisələrinin bir ayda 52 faiz artdığını və ən çox yoluxma halının Rusiyada olduğunu açıqlayıb. Məlumata əsasən, son 28 gündə dünyada 850 min yeni yoluxma qeydə alınıb.

Hafta.az-ın yazdığına görə, xəstəlikləri ÜST-ə bildirən ölkələr arasında ən çox yoluxma halı 279359 ilə Rusiyadadır və bu ölkədə artım 130 faizdir. Rusiya həmçinin “Covid”dən ölənlərin sayının ən çox olduğu ilk üç ölkə sırasındadır.

Yoluxma hallarının sayına və artım sürətinə görə lider ölkələr aşağıdakılardır:

Rusiyada 279359 hal, artım 130 faiz, Sinqapurda 120898 hal, artım 86 faiz, İtaliyada 114795 hal, artım 10 faiz, Polşada 39828 hal, artım 82 faiz, Avstraliyada 39505 hal, artım 12 faiz.

Ən çox ölüm halları qeydə alınan ölkələr:

İtaliyada 510 hal, 15 faiz azalma, İsveçdə 396 hal, 6 faiz artım, Rusiyada 376 hal, 50 faiz artım, Avstraliyada 211 hal, 35 faiz azalma, Polşada 141 hal, 76 faiz artım.

Ümumilikdə 28 gün ərzində dünyada 3 min nəfər ölüb ki, bu da ötən ayla müqayisədə 8 faiz azdır. 118 min nəfər xəstəxanaya yerləşdirilib, 1600 nəfər reanimasiya şöbələrinə yerləşdirilib.

Rusiyanın Koronavirusla Mübarizə Mərkəzinin məlumatına görə, ötən həftə 96,9 min yoluxma aşkarlanıb, 161 nəfər ölüb. 8700 nəfər xəstəxanaya yerləşdirilib.

Pandemiyanın başlanğıcından bəri dünyada ümumilikdə 772 milyon koronavirusa yoluxma halı qeydə alınıb. ÜST-nin rəsmi stistikasına görə, 7 milyondan çox insan dünyasını dəyişib.