Dünyada koronavirus yasaqları - Araşdırma

13:27 21.03.2020 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hazırda bütün dünya ölkələri 10 mindən artıq insanın həyatına son qoyan koronavirusun yeni növü ilə qlobal səviyyədə müharibəyə başlayıb desək, yanılmarıq.

Artıq bir çox dövlətlərdə, o cümlədən Azərbaycanda virusun yayılmasının qarşısını almaq üçün bir sıra qabaqlayıcı tədbirlər görülüb. Görülən işlərin bir mərkəzdən daha effektli şəkildə idarə olunması üçün Operativ Qərargah yaradılıb. Məhz bu qərargahın qərarları ilə Azərbaycanda təhsil aprelin 18-nə qədər təxirə salınıb. İctimai-iaşə obyektlərinin fəaliyyəti, ictimai nəqliyyatdan istifadə, sərnişindaşımalarında məhdudiyyətlərin tətbiqi, bəzi dövlət qurumlarının əməkdaşlarının 1 aylıq növbədənkənar məzuniyyətə göndərilməsi kimi qərarlar tətbiq edilir.     

Maraqlıdır, bəs digər ölkələrdə vəziyyət necədir? Koronavirusun qarşısının alınması üçün hansı qadağalar mövcuddur?

Başlayaq Avropadan. Avropa artıq pandemiya elan edilən koronavirusun yeni episentrlərindən biri sayılır. Bunu nəzərə alan qitə dövlətlərinin tətbiq etdiyi məhdudiyyətlər daha çox sərtliyi ilə seçilirlər.

Avropa Birliyi 30 gün müddətində üzv dövlətlərə məcbüri səyahətlər istisna olmaqla gəlişi qadağan edib.

Ölkələr sərhədlərini bağlasalar da, həkimlər, tibb işçiləri və yük daşımaları Azərbaycandakı kimi bu qadağalardan azaddır.

Virusun sürətlə yayıldığı ABŞ isə martın 16-dan etibarən Britaniya və İrlandiya ilə səyahətlərə qadağa gətirib.

Ardından bu qərar AB-nin digər 26 ölkəsinə də tətbiq edildi. Çin və İranda olanların da ölkəyə girişinə yasaq qoyulub.  Donald Tramp martın 18-də Kanada ilə sərhədlərin bağlanacağını bəyan etdi. Martın 19-da isə koronavirusla bağlı qlobal səyahət xəbərdarlığını 4-cü səviyyəyə çıxartdı. ABŞ-ın 50 ştatında və paytaxt Vaşinqtonda koronavirusa yoluxma hallarının ümumi sayı artaraq 8264-ə çatıb. Ştatların çoxunda məktəblər, ictimai müəssisələr bağlanıb. Əyləncə gecələri, görüşlər və idman tədbirləri ləğv edilib. Bəzi yerlərdə insanların evdən çıxmasına qadağalar qoyulub.

Argentina da giriş və çıxışlara qapalıdır artıq.

Ölkədə karantin elan edilib. İnsanlar yalnız zəruri ehtiyaclarını almaq və ya həkimə getmək üçün küçəyə çıxa bilirlər.  Polis bu qərarın yerinə yetirilməsi üçün gücləndirilmiş rejimdə çalışır.

Avstriya İtaliya, Çin, İran və Cənubi Koreya vətəndaşlarının ölkəyə girişinə qadağa qoyub.

Yük maşınları isə dayanmadan hərəkət etməklə sərhədlərdən keçə bilərlər. Martın 16-dan etibarən Avstriyada bütün ictimai iaşə obyektləri, ali təhsil müəssisələri, mədəniyyət ocaqları bağlıdır. Dörd gün ərzində əlli mindən artıq şəxs iş yerini itirib. Ölkənin Tirol federal əyaləti bütövlükdə, Forarlberq və Zaltsburq federal əyalətlərinin isə bir sıra bölgələri karantin altına alınıb.

Epidemiyanın çox geniş yayıldığı İspaniyada fövqəladə vəziyyət elan edilib.

Vətəndaşların ölkə içində səyahətlərinin məhdudlaşdırılması da daxil bir çox qadağalar tətbiq edilib. Ölkənin Portuqaliya ilə sərhəddi də bağlanılıb.

İtaliyada isə vəziyyət daha acınacaqlıdır.

Alessandria, Asti, Lombardiya, Modena, Novara, Padova, Parma, Pesaro ve Urbino, Piacenza, Reggio Emilia, Rimini, Treviso-Venice, Verbano-Cusio-Ossola və Vercelli bölgələrinin hava limanlarından İtaliyaya girişə icazə verilmir.

İtaliyanın Milan şəhərində əhali koronavirusla bağlı karantin qaydalarına məhəl qoymayaraq parklarda gəzir. Parklarda gəzən, idmanla məşğul olan və bir-biriləri ilə ünsiyyət quran insanlara yerli polis xəbərdarlıq edərək evlərinə göndərib. Bu vəziyyətdən sonra Lombardiya rəhbərliyi İtaliya ordusunun şəhərdə xidmət aparması üçün hökumətə müraciət edib.

Məlumata görə, tərəflər arasında razılıq əldə edilib və ordu şəhərə girib. Qeyd edək ki, Lombardiya qubernatoru Attilio Fontana görülən bütün tədbirlərə baxmayaraq, pandemiyanın yayılmasının qarşısını ala bilmədiklərini deyib.

Səudiyyə Ərəbistanında 15 martdan etibarən ik həftə ərzində bütün beynəlxalq uçuşlar ləğv edilib.

Martın 21-dən etibarən isə ölkə boyunca sərnişin daşımaları 14 gün ərzində tam qadağan edilib.

Fransada koronovirusla mübarizə tədbirləri intensiv xarakter alıb.

Ölkədə koronavirus pandemiyasından ölənlərin sayı 450-yə çatıb. Ölkədə qarşıdan gələn 5-8 günə epidemiyanın pik nöqtəsinin gözlənildiyi bildirilib. Daxili İşlər naziri Kristof Kastaner ölkədə karantin, eləcə də polis nəzarət qaydalarının daha da ciddiləşəcəyini qeyd edib. Eyni zamanda, karantin müddətinin uzadılacağının da qaçılmaz olduğu diqqətə çatdırılıb. Nis şəhərində komendant saatı tətbiq olunub və bu tədbirin bütün ölkəyə tətbiq olunacağı gözlənilir. Ölkədə aidiyyətli strukturlar tibbi maska çatışmazlığı ilə bağlı həyəcan təbili çalır. Parisdə polis tərəfindən apteklərdən birində bir tibbi maskanın 10 avroya satıldığı aşkarlanıb və 900-dən çox maska konfiskasiya edilib.

Niderland bəzi Avropa ölkələri kimi (İsveç, Böyük Britaniya) COVID-19 virusuna qarşı mübarizədə “kollektiv immunitet” strategiyasına üstünlük verib.

Niderlandın Səhiyyə naziri Bruno Bruins Böyük Britaniyanın nümunəsinə uyğun olaraq heç bir karantin elan etməmək qərarına gəlib. Bildirib ki, karantin tədbirləri başa çatdıqdan sonra virusun yenidən baş qaldırması mümkündür.

Haaqada koronavirus pandemiyası ilə bağlı parlamentdəki debatlarda çıxış edən zaman Niderlandın Səhiyyə naziri özünü pis hiss edib və ətrafdakılar ona yardım ediblər. Nazir sosial şəbəkədə bunun bir həftə intensiv iş rejiminin yorğunluğundan irəli gəldiyini bildirib. Nazir yenidən koronavirusa qarşı mübarizəyə qoşulacağını bildirsə də, istefa verib.

Bəzi Avropa ölkələrinin üstünlük verdiyi “kollektiv immunitet” strategiyasının məqsədi əhalinin zəif təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına və beləliklə ümumi immun sistemi yaratmaqdır.

Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun “kollektiv immunitet” yaratmaq fikrinə niderlandlı həmkarı Mark Rutte də qoşulub. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir. Bu immun sisteminin yaranmasına aparacaq, əks təqdirdə karantin müddətindən sonra virus yenidən qayıda bilər.

Bununla belə, Böyük Britaniyada koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində artıq restoran, bar, idman zalları və qeyri-ərzaq mağazaları bağlanılıb. Bu barədə ölkənin Baş naziri baris Conson məlumat yayıb.

İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində deyib. O bildirib ki, bundan sonra karantin məcburi xarakter daşıyacaq və qaydaları pozanlar cərimələnəcək:

“Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm. Səhiyyə Nazirliyi evdə qalmaqla bağlı göstəriş verib. Həmçinin mən də fövqəladə bir neçə qərar imzaladım. Hərəkət məhdudiyyəti tətbiq edildi. Sizdən – İsrail vətəndaşlarından evdə qalmaq tələb olunur. Bu, xahiş, tövsiyə deyil, bu - əməl edilməsi vacib olan göstərişdir. Bilirəm ki, ağır olacaq, lakin sizdən əməkdaşlıq gözləyirəm. Məsələ insan həyatının xilasından gedir”.

Gürcüstanda ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin bağlanması qərara alınıb.

Bu barədə Gürcüstanın baş naziri Georgi Qaxariya xüsusi brifinqdə bildirib. Onun sözlərinə görə, bank və poçt şəbəkəsi, yanacaq doldurma məntəqələri adi qaydada fəaliyyət göstərəcək. G.Qaxariya deyib ki, hazırkı mərhələdə ölkədə fövqəladə vəziyyət elan etməyə ehtiyac yoxdur.

Tunisdə də koronavirus səbəbindən küçəyəçıxma qadağası tətbiq edilib.

Baş nazir bu qərarı xalqı qorumaq və virusun yayılmasını nəzarətdə saxlamaq məqsədi ilə atıldığını bildirib. Tunisdən başqa, İtalya, İspanya və Fransada da küçəyə çaxmaq qadağası mövcuddur. Belçika, Serbiya və İraq da belə bir qərar qəbul edib. Almaniyanın Bavyera əyalətində də küçəyə çıxmaq məhdudlaşdırılıb. Baden Württemberg əyalətində isə çöldə 3 nəfərdən artıq toplu şəkildə gəzmək qadağandır. Yunanistanın Attika bölgəsində isə bütün park park, meşəlik ərazilərə girişlər yasaqlanıb.

Oxunma sayı 219