Düşmən qarşısında təbii sipər - Laçın

10:20 02.12.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 1-də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonundan sonuncusu – Laçın rayonu da azad edildi. Düzdür, rayonun inzibati mərkəzi olan Laçın şəhəri və bir neçə kənd Rusiya sülhməranlılarının nəzarətində olmaqla, hələlik təhvil verilməyib, amma bütün hallarda müharibənin və işğalın başa çatdığını demək mümkündür.

Laçından söz düşmüşkən, respublikamızın digər rayonları ilə müqayisədə o qədər də böyük olmasa da, bu rayonun hərbi-strateji mövqeyi olduqca vacibdir. Ermənistanı Dağlıq Qarabağla birləşdirən ən qısa və mümkün dəhliz məhz buradan keçdiyi üçün Laçının önəmi daha da artır. Bu mənada, Laçın Ermənistanın qarşısında dəmir darvazamızdır. Bu darvazanın açılması, Azərbaycanın mənəvi paytaxtı sayılan Şuşanı təhlükə altına salır. Ona görə də, torpaqların azad edilməsinə dair bağlanmış 10 noyabr tarixli müqavilədə Azərbaycan prezidenti İlham Əliyevin israrlı tələbi ilə belə bir maddə nəzərdə tutulub ki, yaxın illərdə Ermənistanla Dağlıq Qarabağ arasında yeni dəhliz inşa ediləcək və Laçın şəhəri də Azərbaycanın nəzarətinə qaytarılacaq.

Bəs Azərbaycan xalqı 1992-ci ildən bu yana keçən 28 il ərzində Laçının timsalında nələri itirdi və bu gün yenidən qazandı? Bəs Ermənistan dekabrın 1-də sona çatan işğalla nələrdən məhrum oldu? Gəlin birlikdə baxaq:

Əvvəla, Laçın rayonunın ərazisi 1835 kvadratkilometr olub, 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarətdir. Son hesablara əsasən, hazırda respublikanın əksər bölgələrində məskunlaşan Laçın rayonu əhalisinin sayı 84 min nəfər civarındadır.

Rayonun ərazisi tamamilə dağlıqdır - ən yüksək yeri 3594 metr olan Qızılboğaz dağıdır. Rayonun bütün ərazisi demək olar ki, kolluq və seyrək meşəli çəmənliklərdən, palıd, vələs, fıstıq və sair ağacların qarışığından ibarət enliyarpaqlı dağ meşələri, subalp və alp çəmənlikləri ilə örtülüdür. Ərazisinin çox hissəsində qışı quraq keçən mülayim-isti, soyuq iqlim tipi, Qarabağ yaylasında isə dağ-tundra iqlimi üstünlük təşkil edir. İllik yağıntının miqdarı 600-900 millimetrdir. Rayon ərazisindən Həkəri çayı və onun qolları keçir.

Təəssüflə qeyd etməliyik ki, 28 illik işğal dövründə rayonun meşə sahələri Ermənistan tərəfindən məhv edilib. Hansı ki, bu meşələrdə vaxtilə yaşı 400 ildən çox olan 10 ədəd Şərq çinarı növünə məxsus qədim ağac təbiət abidələri kimi qeydə alınmışdı...

Rayonun yaşıl təbiətini özündə cəmləyən iki qoruq da ermənilərin qəsbkar siyasəti nəticəsində öz görünüşünü itirib və bərpası üçün onillər lazım olacaq. Bunlardan biri olan Qaragöl Dövlət Təbiət Qoruğu dəniz səviyyəsindən 2658 metr hündürlükdə, Ağoğlan çayının mənbəyinə yaxın 240 hektar ərazidə yaradılıb. Dərinliyi 5-6 metr olan Qaragölün yerli sakinləri əsasən xərçənglər və Qızılxallı balıqlar – forel balıqlarıdır. Bu gün göl demək olar ki, qurudulub, ətrafını saran meşələr doğranıb, çəmənlər sistemsiz otladılaraq məhv edilib.

İkinci təbiət qoruğu isə Laçın Dövlət Təbiət Yasaqlığıdır. Təxminən 20 min hektar ərazidə yaradılmış yasaqlığın ərazisinin bir hissəsi iberiya palıdından ibarət meşəlikdir. Burada Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilən heyvan növlərindən Bezoar keçisi, Avropa cüyürü, Nəcib maral, Xəzər uları, Ütəlgi qızılquş, Adi qızılquş, Qonur ayı, Ağbaş kərkəs məskunlaşıb. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıq tip meşələrdir. Yasaqlığın ərazisindəki Hacısamlı meşəsində dünyada qiymətli sayılan Qırmızı palıdın (Qızıl palıd) təbii arealı mövcud olub. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıqda yayılıb. Yasaqlıq böyük həcmdə ziyan görsə də, yenidən əsl sahibinə qayıtdı və yenidən bərpası istiqamətində mümkün hər şey ediləcək.

Rayon ərazisindən axaraq cənubda Araz çayına tökülən Həkəriçay, Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı olub, qar, yağış və yeraltı sulardan qidalanır. Çayın sutoplaayıcı sahəsi 1180 kvadratkilomet, uzunluğu 113 kilometr, illik axımın həcmi 341 milyon kubmetrdir. Həkəriçayın ən böyük qolu Ağsuçaydır - uzunluğu 25 kilometr. 

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik 7 relikt göldən Laçın rayonu ərazisində yerləşən Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl böyük antropogen təsirə məruz qalıb.

Laçın rayonunun ərazisi geostrateji əhəmiyyəti ilə yanaşı, həm də faydalı mineral yataqlarının zənginliyi ilə erməni işğalçıların diqqətini çəkib. Rayonda ümumilikdə 3 filiz, 37 qeyri-filiz və inşaat materialları yataqları mövcuddur ki, bunlardan civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqlarını misal çəkə bilərik. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları mövcuddur.

Laçın rayonunda 73 tarix-mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Onlardan 3-ü ölkə əhəmiyyətli memarlıq, 8-i ölkə əhəmiyyətli arxeoloji, 47-si yerli əhəmiyyətli memarlıq, 3-ü yerli əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi, 3-ü yerli əhəmiyyətli arxeoloji, 9-u dekorativ-tətbiqi sənət nümunələri abidələridir.

Rayon ərazisində yerləşən Ağoğlan məbədi, Məlikəjdər türbəsi, Sarı Aşığın xatirə muzeyi, Həmzə Soltan sarayı və Dəmirovlu Pir məbədi Azərbaycan ərazisində mövcud olan daşınmaz tarix-mədəniyyət abidələri içərisində xüsusi önəmə malikdir.

Bu abidələrdən bir neçəsi haqda qısaca söz açaq:

1. Məlikəjdər türbəsi - Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı məzarlıqda yerləşir. Oradakı iki türbədən tarixən qədim olan, pir kimi ziyarət edilən, yerli əhalinin Məlik Əjdər türbəsi kimi tanıdığı bu abidəni alimlər XIII-XIV əsrə aid edirlər. Türbənin üzərində verilən naxışlar və işlənmiş heyvan obrazlarının Xaçındərbətli kəndində olan türbənin naxışları ilə oxşarlığı da belə nəticəyə gəlməyə imkan verir.

2. Ağoğlan məbədi - Ağoğlan monastrı rayonun Kosalar kəndi ərazisində yerləşir. İşğal dövründə Ermənistan Ağoğlan monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər edib, divar yazılarını korlayıb, abidənin divarları üzərindəki bir neçə daş yazıları, eləcə də xeyli sayda alban dövrünə məxsus ornament və simvolları tamamilə silib, onlardan bir çoxunun formalarını dəyişdirərək tanınmaz hala salıb.

3. Sarı Aşığın xatirə muzeyi - XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın xatirə muzeyi 1989-cu ildə rayonun Güləbird kəndində istifadəyə verilib. Ermənistan ordusu tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı ya məhv edilib, ya da Ermənistana aparılıb. Arxeoloqlar 1927-ci ildə Sarı Aşığın məzarının yerləşdiyi Güləbird qəbristanlığında və türbədə araşdırmalar aparıb, belə qənaətə gəliblər ki, türbə XVII əsrə aiddir.

4. Həmzə Soltan sarayı - Həmzə Soltan sarayı rayonun Hüsülü kəndində yerləşir. XVIII əsrdə tikildiyi ehtimal edilən sarayın inşasında şərq memarlıq ənənələrindən geniş istifadə edilib. Saray əvvəl böyük bir kompleks təşkil etsə də, dövrümüzə ondan yalnız bir saray binası qalıb. Rayonun işğalından sonra memarlıq abidəsi olan Həmzə Soltan sarayı Ermənistan tərəfindən otel kimi istifadə edilib və içərisində böyük dəyişikliklər aparılıb.

5. Dəmirovlu Pir məbədi - Dəmirovlu Pir məbədi yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb.

6. Laçın Tarix-Diyarşünaslıq Muzeyi - Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlayıb. Muzeyin ümumi sahəsi 1200 kvadratmetrdir. Fondu 10 mindən çox eksponat təşkil edən muzeyin həyətində açıq səma altında ekspozisiya da fəaliyyət göstərib, burada müxtəlif əsrlərdə hazırlanmış qədim tarixə malik bədii daş nümunələri, at və qoç fiqurları, sujetli oymalar, kənd təsərrüfatı alətləri və bir çox məişət əşyaları nümayiş etdirilib. 1992-ci ildə Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası tamamilə dağıdılıb, eksponatları məhv və talan edilib.

Qarət edilən yerlərdən biri də Laçın Dövlət Rəsm Qalereyasıdır ki, burada saxlanılan 60-dan çox rəsm əsəri ermənilər tərəfindən daşınıb aparılıb.

Laçın rayonunun işğalı yalnız təbiətə ziyan vurmayıb, eləcə də bu təbiəti yaşadan sahibləri olan insanları da incidib. Belə ki, 1992-ci ildə Ermənistan ordusu rayonu işğal edərkən, əzəli torpaqlarının müdafiəsi zamanı 264 azərbaycanlımız şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayonun 6 Milli Qəhrəmanı var. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olub, 1071 nəfəri bir, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalıb. İşğal dövründə rayonun 65507 nəfərdən ibarət əhalisi öz dədə-baba torpaqlarından didərgin düşərək Azərbaycanın 59 şəhər və rayonunda, "o cümlədən, Taxta-körpü" qışlaqlarındakı 84 obada məskunlaşıb.

İşğalla əlaqədar rayona 7,1 milyard dollar dəyərində ziyan dəyib.

Oxunma sayı 1674
Gündəm rubrikasından digər xəbərlər