Əgər Rusiya razılaşmaların “icrası” üzərində çalışırsa, nə üçün…

11:43 27.02.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın mülki təyyarəsinin raketlə vurulması ilə bağlı açıqlamasında bir sıra ziddiyyətli məqamlara toxunub”.

Bu barədə Hafta.az-a açıqlama verən siyasi şərhçi Elxan Şahinoğlu bir çox məqamlara diqqət çəkib.

E.Şahinoğlu qeyd edib ki, Zaxarova çıxışında “təyyarənin raketlə vurulması” ifadəsi əvəzinə Kremlin mövqeyinə uyğun olaraq “sərnişin təyyarəsinin qəzaya uğraması” formuluna üstünlük verib. Onun qənaətinə görə, terminologiyadakı bu fərq hadisənin mahiyyətinə münasibətdə ciddi suallar doğurur.

“İkincisi, Zaxarova bildirib ki, guya Rusiya tərəfi təyyarə ilə bağlı əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyir və tərəflər aviaqəza kontekstində qalan məsələlərin tənzimlənməsinə hədəfləniblər. Sual olunur: əgər Rusiya razılaşmaların “icrası” üzərində çalışırsa, nə üçün həlak olanların ailələrinə və yaralılara kompensasiya ödənilməyib, həmçinin təyyarənin raketlə vurulmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmayıb”- deyə ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun açıqlamasında “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik”-deməsi təsadüfi deyil:

“Nazir –“Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb” ifadəsini işlədib. Bu bəyanat, həmçinin Moskvanın prosesi uzatmaq meylinə işarə kimi dəyərləndirilə bilər. Rəsmi Moskvanın məsuliyyətdən yayınmaq üçün vaxt amilindən istifadə etdiyi qənaəti formalaşır və Zaxarovanın açıqlaması da bu kontekstdə qiymətləndirilir".

E.Şahinoğlu digər tərəfdən Rusiya Dövlət Duması tərəfindən qəbul edilən yeni qanuna diqqət çəkib:

"Həmin qanuna əsasən, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və ya Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etmiş əcnəbilərin ekstradisiyası qadağan olunur. Yəni Rusiya Federasiyasında hərbi xidmət keçmiş xarici vətəndaşlar başqa dövlətlərə təhvil verilməyəcək. Bu qərar belə bir sual doğurur: əgər hansısa şəxs başqa ölkədə cinayət törədib Rusiyaya sığınarsa və daha sonra Ukraynaya qarşı müharibədə iştirak edərsə, o zaman həmin şəxs ekstradisiyadan yayına biləcəkmi? Eyni zamanda, bu qanunun Rusiyada çalışan miqrantları hərbi əməliyyatlara cəlb etmək məqsədi daşıdığı barədə ehtimallar da səslənir”.

Tahirə Qafarlı