Ekspress marşrut xətlərinin davamlı olması Operativ Qərargahdan asılıdır - AÇIQLAMA

12:33 08.09.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Pandemiya ilə əlaqədar metronun dayandırılmasından sonra Bakıda ekspress marşrut xətləri istifadəyə verildi. İndi bir çox ekspertlər pandemiya şəraitində yoluxma riskinin aşağı səviyyədə saxlanılması üçün metro ilə yanaşı, ekspress xətlərin də fəaliyyəy göstərməsinin tərəfdarıdır. Bəs metro işini davam etdirdiyi halda ekspress xətlər yenə fəaliyyət göstərəcəkmi?

Bu barədə hafta.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, metronun fəaliyyətini dayandırması əlaqədar 10 ekspress xətt təşkil edilib:

“Hazırda bu xətlər üzrə avtobuslar saat 07:00-dan 20:00-dək sərnişinlərimizə xidmət etməkdədir. Ekspress xətlərin metronun fəaliyyətə başlamasından sonra da mövcudluğu məsələsinə Operativ Qərargah tərəfindən qərar veriləcək. Müzakirələr aparılacaq. Əgər, rentabellik olarsa, o zaman ekspress xətlər fəaliyyətini dayandırmayacaq. Xatırladım ki, bundan öncəki yumşalma zamanı, metro fəaliyyətə başlayandan sonra da, ekspress marşrutlar işləyirdi. BNA yeni avtobusları pandemiyadan öncə gətirəndə, şəhərin bir neçə istiqaməti üzrə istismar müddətini başa vurmuş avtobuslarla əvəzləmək istəyirdi. Pandemiya ilə əlaqədar metronun dayanmasından sonra bu avtobuslar ekspress xətt kimi istifadəyə verildi. Ekspress marşrutların gələcəkdə də işləyəcəyi barədə indidən danışmaq tezdir”.

Sosial rubrikasından digər xəbərlər