Ekspertlər hesab edirlər ki, bu ölkənin siyasi-hərbi rəhbərliyi mütləq şəkildə törətdikləri cinayətlərinə görə mühakimə olunacaqlar
44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycana məğlub olan Ermənistan həm də ölkəmizə kompensasiya ödəmək məcburiyyətindədir. Çünki işğaldan azad olunmuş ərazilərdə real vəziyyət onu göstərir ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərərin miqyası olduqca böyükdür. Hazırda Kəlbəcər, Ağdam və Laçın rayonlarını tərk etməkdə olan ermənilərin həmin ərazilərdə vandalizm hərəkətlərinin davam etdiyini nəzərə alsaq, dəymiş zərərin artacağı da istisna deyil. Çünki adıçəkilən rayonlarda qeyri-qanuni məskunlaşdırılmış ermənilər ərazini tərk edərkən yaşayış yerlərini yandırır, meşələri kütləvi şəkildə qırır, mövcud infrastruktura ciddi ziyan vururlar.
Yeri gəlmişkən qeyd edək ki, kompensasiya beynəlxalq hüquqazidd əməl nəticəsində vurulmuş zərərin maliyyə şəkildə ödənilmə formasıdır. BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" adlı qətnaməsinə əlavənin 36-cı maddəsinə əsasən, beynəlxalq hüquqazidd əmələ görə məsuliyyət daşıyan dövlət özünün qanunazidd əməli nəticəsində vurduğu zərəri restitusiya ilə ödənilməyən hissədə kompensasiya yolu ilə ödəməyə borcludur. Kompensasiya əldən verilmiş gəlir də daxil olmaqla, belə zərərin ödənilməsinə yönəlib. Beləliklə, kompensasiya vurulmuş zərərin restitusiya ilə ödənilmədiyi halda tətbiq edilə bilər. Kompensasiya maliyyə baxımından qiymətləndirilə bilən hər bir zərəri, o cümlədən müəyyən edilə bilən əldən verilmiş mənfəət də daxil olmaqla, ödəmə formasıdır. O, vurulmuş zərərə görə tam ödəməni təmin etməyə yönəlməlidir və beynəlxalq praktikada zərərin ən çox rast gəlinən ödənilmə formasıdır. Bu müddəa müəyyən edir ki, kompensasiyanın miqdarı əmlaka zərərin vurulduğu vaxtdakı dəyəri deyil, onun kompensasiya ödənilməsi vaxtında olan qiyməti miqdarında ödənilməlidir.
Mövzu ilə bağlı hafta.az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev deyib ki, noyabrın 10-u imzalanmış bəyanat Azərbaycana Ermənistan siyasi-hərbi rəhbərliyinin 1990-cı illərdən bugünədək Azərbaycan ərazisində və azərbaycanlılara qarşı törətdikləri cinayətkar əməllər barədə bütün sənədlər məhkəmə predmetidir:
“Ermənistanın siyasi-hərbi rəhbərliyi 1990-cı illərdən başlayaraq, Qarabağ müharibəsinin aktiv fazası olan 1991-93-cü illər ərzində, həmçinin atəşkəs dövründə, 2020-ci il sentyabrın 27-dək və bu gündən sonra başlamış hərbi əməliyyatların gedişində Azərbaycanın mülki əhalisi, mülki obyektlərinə qarşı cinayətlər törədib. Onların cinayətləri bununla bitmir. Bütün işğal müddəti ərzində həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı qondarma, separatçı rejim işğal altındakı ərazilərdə təbiətə qarşı soyqırım həyata keçirib, Azərbaycanın təbii ehtiyatlarını, milli-mədəniyyət nümunələrini, tarixi abidələrini məhv ediblər. Ermənistanın döyüş əməliyyatlarına cəlb etdiyi muzdlular barədə, qanunsuz yerləşdirmə barədə də Azərbaycan sənədlər, sübutlar əldə edib və cinayət işi açılıb. Silahlı müdaxilə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın müəyyənləşdirilməsi ilə bağlı komissiya yaradılıb. Bütün bunlarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət materialları toplanıb. Baş Prokurorluq bu barədə dəfələrlə bəyanat verib. Bütün bunlar Ermənistan siyasi və hərbi rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsi üçün real faktlar, sübutlardır və hamısı da məhkəmə predmetidir. Bu sənədlər həm Azərbaycan daxilində cinayətkarların mühakimə olunması, həm də beynəlxalq məhkəməyə çəkilmələri üçün yetərlidir. Bütün bu sənədlər beynəlxalq məhkəməyə təhvil verilməli və cinayətkarların cəzalandırılması tələb edilməlidir. Həmçinin Azərbaycana dəymiş ziyanın ödənməsi məsələsi də mütləq qaldırılacaq. Yəni, Ermənistanın siyasi-hərbi rəhbərliyi törətdikləri cinayətlərinə görə mütləq mühakimə olunacaqlar. Hesab edirəm ki, bu məsələdə vətəndaşlarımız da aktivlik göstərməlidirlər. Belə ki, Azərbaycan vətəndaşları özləri də fərdi qaydada beynəlxalq məhkəməyə müraciət etməli və Ermənistan dövlətindən kompensasiya tələb etməlidirlər. Çünki insanların beynəlxalq konvensiyalarla təsbit edilmiş hüquqları pozulub. İnsanların həyatına, mülkiyyət hüquqlarına təcavüz edilib. Hətta hesab edirəm ki, Ermənistanın cinayətləri ilə bağlı BMT-də müvafiq tribunal yaradılmalıdır, separatçı rejiminn rəhbərləri bəşəriyyətə qarşı törətdikləri cinayətə görə BMT tribunalı qarşısında cavab verməlidirlər”.
Məsələyə münasibət bildirən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də hesab edir ki, Ermənistan hər nə qədər etdiyi cinayətlərdən imtina etməyə çalışsa da, işğaldan azad edilən torpaqların real vəziyyəti bu ölkənin Azərbaycana vurduğu maddi-mənəvi, ekoloji zərərin miqyasını göstərir:
“Azərbaycan tərəfi kapitulyasiyadan sonra Ermənistan tərəfinin torpaqlarına vurduğu zərər ilə bağlı kompensasiya tələb etmək haqqına sahibdir. Rəsmi Yerevan de-yure kaputulyasiya sazişi imzalamasa da, imzalanan bəyanat kapitulyasiya mahiyyəti daşıyır. Ermənistan heç bir halda müharibə humanitar və insanlıq cinayətlərinin məsuliyyətini üzərindən ata bilməz. Bu gün işğaldan azad edilən Zəngilan, Qubadlı, Kəlbəcər və digər torpaqların timsalında dəyən maddi ziyan göz qabağındadır. Yəni Ermənistan Azərbaycana təzminat ödəməkdən heç vaxt boyun qaçıra bilməyəcək. Biz beynəlxalq təşkilatları əraziyə dəvət edib real ziyanı aktlaşdırıb təzminatın miqdarının hesablanması üçün müraciət edə bilərik. Dəyən ziyan tam olaraq hesablandıqdan sonra isə danışıqlar prosesinin predmeti olaraq təklif edə bilərik. Rəsmi Yerevan maddi və ya alternativ təkliflər ilə Azərbaycana vurduğu ziyanı kompensasiya etməlidir. Beynəlxalq hüquqda da kompensasiya məsələsi çox aydın şəkildə təsbit olunub. Təcrübələr göstərir ki, dövlətlər kompensasiya məsələsində adətən beynəlxalq məhkəmələr müraciət etmirlər və məsələni öz aralarında həll edirlər. Kapitulyasiya eləmiş dövlətlə imzalanan sülh müqavilələrində təzminat məsələsi öz əksini tapır. Adətən kompensasiya məsələsi diplomatiyada "kozır” kimi istifadə olunur. Azərbaycan da bu imkandan istifadə edəcəyi şübhə doğurmur. İndiki stuasiyada Ermənistan ancaq Azərbaycan imtina eləyəcəyi halda təziminatdan yayına bilər. Bunun üçünsə Ermənistandan müəyyən tələbləri ola bilər. Məsələn, Azərbaycan üçün indi çox vacibdir ki, ərazi bütövlüyü Ermənistan tərəfdən tanınsın. Bununla Azərbaycan gələcəkdə Qarabağ məsələsində ortaya çıxa biləcək təhlükələri sığortalaya bilər. Həmçinin, başqa məsələlərdə Ermənistanın suveren hüquqlarından geri çəkilməsinə də nail olmaq mümkündür”.