Ermənistan məsələsi Kremlin strateji gündəmindən çıxmayıb - Rəy

11:50 10.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Rusiya ümumilikdə Ermənistan üzərində tarixi, siyasi və xüsusilə hərbi-təhsil sahəsində formalaşmış ciddi təsir imkanlarına malik bir dövlətdir. Sovet dövründən bəri Ermənistanın hərbi elitasının, təhlükəsizlik strukturlarının və siyasi kadrlarının mühüm hissəsi məhz Rusiya məktəbindən keçib. Bu amil uzun illər Moskvanın İrəvan üzərində təsir mexanizmlərini canlı saxlayan əsas sütunlardan biri olub”.

Bu fikirləri Hafta.az-a açıqlamasında siyasi şərhçi Azər Hüseynov Rusiyanın xarici işlər naziri Sergey Lavrovun və erməni rəsmilərinin son açıqlamaları fonunda Kremlin Ermənistana qarşı mümkün addımları və bunun sülh prosesinə təsiri barədə danışarkən bildirib.

Ekspert vurğulayıb ki, son illərdə Ermənistan hakimiyyətinin tədricən Qərbə inteqrasiya xəttinə yönəlməsi və sülh prosesinə daha açıq mövqe sərgiləməsi bu tarixi təsir balansını dəyişməyə başlayıb:

"Xüsusilə Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar, regional kommunikasiyaların açılması perspektivi və təhlükəsizlik arxitekturasının yenidən qurulması Moskvanın Cənubi Qafqazdakı rolunu əvvəlki qədər vazkeçilməz göstərmir. Bu isə təbii olaraq Rusiyanın bölgədəki təsir imkanlarını daraldır. Məhz bu kontekstdə Rusiya üçün Ermənistanın sülh prosesinə doğru irəliləməsi arzuolunan ssenari deyil. Çünki sülh, xüsusilə də Rusiya vasitəçiliyindən kənar formatlarda formalaşarsa, Moskvanın ‘təhlükəsizlik təminatçısı’ statusunu sual altına qoyur. Bu baxımdan Kreml uzunmüddətli perspektivdə Ermənistanda yenidən siyasi və institusional təsirini bərpa etmək üçün müxtəlif rıçaqları gündəmdə saxlayacaq”.

Bununla yanaşı, ekspert hesab edir ki, mövcud mərhələdə Rusiyanın bu prosesi aktiv və sərt formada reallaşdırmaq imkanlarının məhdud olduğu aydın görünür. Ukrayna müharibəsi, beynəlxalq təcrid, iqtisadi və hərbi resursların digər cəbhələrdə cəmlənməsi Moskvanın Cənubi Qafqazda əvvəlki kimi manevr etməsinə imkan vermir. "Ermənistan cəmiyyətində Rusiyaya qarşı artan etimadsızlıq da bu prosesi daha da çətinləşdirir. Bununla belə, Rusiyanın bölgədən tamamilə çəkiləcəyi qənaətinə gəlmək də tezdir. Tarixi təsir, mövcud əlaqələr və formalaşmış institusional bağlar Moskva üçün potensial imkan olaraq qalır. Yəni Rusiya hazırda proseslərə birbaşa müdaxilə etmək gücündə olmasa da, Ermənistan məsələsi Kremlin strateji gündəmindən çıxmış deyil. Sadəcə bu təsirin bərpası daha uzunmüddətli, dolayı və fürsət gözləyən strategiya ilə həyata keçiriləcək”, – deyə ekspert əlavə edib.

Tahirə Qafarlı