Ermənistanda 44 günlük müharibə ilə bağlı 2000-dən çox cinayət işi başlanıb, dövlətə xəyanət maddəsi ilə 5 iş başlanıb.
Hafta.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyasının reportajında məlumat verilib. 80-ə yaxın iş məhkəməyə göndərilib.
İşlər çərçivəsində istintaqın predmeti Horadiz, Hadrut istiqamətlərində qoşunların komandanlığı, Azərbaycan ordusunun Şuşa istiqamətində irəliləməsinin şəraiti, onun yaşayış məntəqələrini ələ keçirməsi, habelə ölən və itkin düşən əsgərlərin valideynlərindən alınan məlumatlar əsas götürülüb.
Baş Prokurorluğun Hərbi Xidmətə Qarşı Cinayətlərin İstintaqına Nəzarət İdarəsinin rəisi Arşak Martirosyanın sözlərinə görə, təqsirləndirilən şəxs qismində 800-dən çox adam cəlb edilib.
Onların arasında Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, Baş Qərargah rəisinin sabiq müavini, Müdafiə Ordusunun keçmiş diviziya komandiri, 10-dan çox hərbi hissə komandiri, eləcə də birlik komandirinin müavinləri, komandirlər var.
Qeyd olunur ki, bu işlərin bəziləri üzrə artıq məhkumluq hökmləri çıxarılıb. Müharibə dövründə və ondan sonrakı dövrdə törədilmiş dövlətə xəyanətlə bağlı bu 5 cinayət işindən 2-si artıq məhkəmədədir. Qalan 3 iş üzrə isə araşdırma aparılır. 38 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 9-u həbsdədir.
Bundan başqa, müharibə zamanı və ondan sonra Ermənistana qanunsuz silah daşınması ilə bağlı 219 cinayət işi araşdırılır. İşlər çərçivəsində əsasən pulemyotlar, tapançalar, optik qurğulu silahlar, tank əleyhinə qumbaraatanlar, eləcə də müxtəlif sursatlar götürülüb.